“Eşitdiyimə görə, Bağırov oyun 0:2 olanda tribunanı tərk etmişdi”

0
686

Artıq 9 ildir ki, Bakıda – AFFA-nin inzibati binasının birinci mərtəbəsində Futbol muzeyi fəaliyyət göstərir. Bura müxtəlif illərdə ölkəmizin futbol həyatındakı bu və ya digər əlamətdar hadisələri təcəssüm etdirən fotoşəkillər, afişa və plakatlar, yaşıl meydanların qəhrəmanlarına həsr olunmuş kitablar və bukletlərlə zəngindir. Bir sözlə, bu məkanda müəyyən kəm-kəsirlərə baxmayaraq, futbolumuzun yüz illiyinə səyahət etmək mümkündür. Elə bu səbəbdən Futbol muzeyini ziyarət edənlər buradan xoş təəssüratlarla ayrılırlar. Onların bəzilərinin muzeyin xatirə kitabına yazdıqları da bunu təsdiq edir. Qeyd edək ki, muzeyin direktoru ümumittifaq dərəcəli hakim, Əməkdar junalist, idman aləmimizin – futbolumuzın canli tarixini həm də öz yaddaşında yaşadan Abas Əzimovdur. Elə bu səbəbdən futbolla bağlı hər hansı bir faktı və ya nəticəni yada salmaq istəyənlər, bir qayda olaraq, ona müraciət edirlər.

Bu günlərdə muzeydə Abas Əzimovla həmsöhbət olduq. Abas müəllimə həm bu məkan, həm onun özünün fəaliyyəti, həm də futbolumuzun dünəni ilə bağlı suallar ünvanladıq. Məlumat üçün bildirək ki, həmsöhbətimiz 1980-ci ildə Moskvada keçirilmiş XXII Yay Olimpiya Oyunlarında, həmçinin Avropa Çempionatında, Avropa kubokunda, “Dostluq-84”-də, SSRI Xalqları Spartakiadalarında və bir çox beynəlxalq turnirlərdə hakimlik edib.

– Sözün düzü, bilmirəm sizə Abbas müəllim kimi müraciət edim, yoxsa Abas müəllim kimi? Çünki kimi sizi Abbas, kimi də Abas kimi təqdim edir.

– Mənə babam Abbasqulunun adını vermək istəyiblər. Amma valideynlərimə deyiblər ki, uşağa belə mürəkkəb ad qoymağa icazə verilmir. Odur ki, həmin addakı “qulu”nu ixtisar etməklə mənə Abbas adını veriblər. Lakin doğum şəhadətnaməsinə nədənsə adımı Abbas kimi yox, Abas kimi qeyd ediblər.

– Elə isə, Abas müəllim, bu muzeyə çox adam gəlib-gedib. Onlardan kiminlə görüşünüz daha yaddaqalan olub?

– Bizim muzeyi ziyarət edənlər arasında FIFA-nın sabiq prezidenti Yozef Blatter də olub, UEFA-nın sabiq prezidenti Mişel Platini də (Yeri gəlmişkən, muzeyin fəxri qonaqlar kitabında ürək sözlərini yazmış ilk şəxslər də onlar olublar). Yozef Blatter mənə avtoqraflı vizit vərəqini də verib. Bu öz yerində… Lakin o zamankı Almaniya Federativ Respublikası yığmasının əfsanəvi qapıçısı Hans Tilkovski (O Tilkovski ki, 1966-cı ildə (VIII dünya çempionatı) keçirilmiş Ingiltərə-Almaniya final matçında hakim Tofiq Bəhramov məhz onun qoruduğu qapıya Cefri Herstin vurduğu, daha doğrusu, tirdən qayıdaraq qapı xəttin keçmiş qolu qeydə almışdı) muzeyimizdə olarkən mən ona muzey barədə məlumat verərkən bildirdim ki, bəs mərkəzi stadionumuz ötən əsrin 1990-ci ilindən Tofiq Bəhramovun adını daşıyır. Onda o dedi ki, bəs hakim qərəzsizliyi nümayiş etdirdiyi “Uembli” stadionuna da Tofiq Bəhramovun adı verilsə, yaxşı olar. Əlavə etdi ki, bəs bunu etmək heç vaxt gec deyil.

– Onun bu təklifi ilə müvafiq qurumlar qarşısında çıxış etdinizmi?

– Məncə, bunu ingilislər götür-qoy etsələr, daha effektli olar. Axı Tofiq Bəhramov məhz onlara tarixlərində ilk və hələlik son çempionluq sevincini yaşadıb.

ab2“Belə addım atıblar”

– Abas müəllim amma mənə elə gəlir ki, muzeyin sahəsini bir qədər artırmağa ehtiyac var…

– Doğrudur, muzeyimizdə eksponatların sayı çoxdur və getdikcə artmaqdadır. Onlara indiki sahə darlıq edir. Güman edirəm ki, nə vaxtsa bu məsələ öz həllini tapacaq.

– Təxminən 8 il əvvəl San-Paulu şəhərində Braziliya milli komandasının ilk çempionluğunun 50 illiyinə həsr olunmuş sərgi açılır. 1958-ci ildə keçirilən mundialda parlayan Pele də tədbirin qonaqları arasında olur. O, bu muzeyin əsas zalında dünya kuboku və çempionatların tarixini əks etdirən video və foto eksponatlarla yanaşı, öz maykasını görəndə futbol kralı özünü saxlaya bilməyərək deyir: “1970-ci ildə əfsanəvi yığmamız finalda Italiyanı 4:1 hesabı ilə darmadağın etdi. Onda oyunun fasiləsində mən maykamı dəyişdim. Ilk yarıdakı geyimimi o vaxtkı baş məşqçimiz Mario Zaqaloya verdim. Inanmazdım ki, o, formanı indiyədək saxlayır”. Bura gələnlər arasında elə futbolçumuz olubmu?

– Təəssüflə deyərdim ki, yox. Nədənsə bizim məşhurlar bu cür eksponatları muzeyimizə vermək istəmirlər. Elə bil nədənsə çəkinirlər. Məsələn, Ələkbər Məmmədov haqq dünyasına qovuşandan sonra onun qızı bu məşhur futbolçuya aid kitablar və şəkilləri muzeyimizə verdi. Amma medallarını təqdim etməkdən imtina etdi (Yeri gəlmişkən, bu məşhur futbolçumuz Moskva “Dinamo”su ilə SSRI çempionatlarında dörd qızıl medal, keçmiş Ittifaq yığmasının heyətində Avropa çempionatında xeyli mükafat qazanıb). Digər tanınmışlarımız da belə addım atıblar.

– Bəs muzeyda dünya çempionatı – 66-nın Londondakı final matçından sonra Böyük Britaniyanın kraliçasının Tofiq Bəhramova təqdim etdiyi “qızıl fit”i nə vaxt görə biləcəyik?

– Mən bununla da maraqlanmışam, amma… Çox təəssüf ki, bizdə həmin yarışdan ancaq bəzi fotolar var.

– Bəlkə, elə qiymətli əşyaları satın alasınız?

– Unutmayın ki, muzeyimizin bu məqsədə xidmət edən fondu yoxdur.

– Abas müəllim, mənim fikrimcə, bu muzey elə yerdə yerləşib ki, bura baş çəkməyənləri qınamaq mümkün deyil. Sizə elə gəlmirmi AFFA-nın mənzil-qərargahında yaradılmış muzey şəhərin hansısa guşəsində fəaliyyət göstərsəydi, daha effektli olardı?

– Bəlkə də…

– Yeri gəlmişkən, nə vaxtdan AFFA-dasınız?

– Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətinin idman proqramları redaksiyasındakı 37 illik fəaliyyətimdən sonra (orada redaktorluqdan baş redaktor müavini vəzifəsinədək çalışmışam) AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin dəvəti ilə bu qurumda Yarışların Təşkili və Keçirilməsi Departamentində mütəxəssis kimi işə başlamışam. 10 il sonra isə AFFA-nın Icraiyyə Komitəsinin qərarı ilə yeni təşkil olunmuş Futbol muzeyinə direktor təyin olunmuşam.

“Bu, mənim fikrimdir”

– Abas müəllim, eşitdiyimə görə sizin uşaqlıqdan futbola marağınız olub. Amma… Futbola meyl salmış bir gənc necə oldu ki, yüngül atletikada peyda oldu?

– “Spartak” cəmiyyətinə yazılmışdım. Lakin qarlı bir gündə məşqə getmədim (Belə havada məşq olmayacağını düşünmüşdüm). Lakin ertəsi gün məşqçimiz Pavel Petroviç Rex (biz ona “pan Petroviç” deyərdik) buna görə məni cəzalandırdı. Daha doğrusu, futbolla məşğul olmamağı məsləhət gördü. Bundan sonra meylimi yüngül atletikaya saldım. Və məşqçisi məşhur məşqçi olan Əfqan Səfərovun “Dinamo” cəmiyyətinə üzv yazıldım. Mən Bakı və Azərbaycan çempionatlarında 5 və 10 min metrlik məsafələrə qaçışlarda yarışlara çıxdım. Amma cəhdlərimə baxmayaraq, yaxşı yerlər tuta bilmədim. Ən yaxşı halda 4, yaxud 5-ci yerlərə layiq görüldüm. Bakı Dövlət Universitetinə daxil olduqdan sonra isə yüngül atletika ilə məşğul olmağa vaxtım qalmadı. Amma idmandan ayrılmadım. Elə Əfqan müəllimin məsləhəti ilə bu sahə üzrə hakimliyə başladım.

– Bəs sizi idman jurnalistikasına cəlb edən kim olub?

– Valid Sənani. O Valid Sənani ki, 1957-ci ilin apelin 11-dən (o, onda Azərbaycan radiosunda diktor kimi çalışırdı) “Mikrofon və kameralarımz Lenin adına Respublik Stadionundadır” sözləri ilə hamının yaddaşına həkk olunub (Yeri gəlmişkən, onu da deyim ki, o zaman futbol reportajlarını rus dilində “Neftyanik”in keçmiş oyunçusu Aleksandr Qnezdov aparırdı). Valid müəllim məni idman yarışlarına göndərər, xəbər gətirməyi tapşırardı. Mən Valid müəllimi öz müəllimim hesab edirəm. Mənim bir jurnalist kimi yetişməyimdə onun böyük əməyi olub. Məlumat üçün bildirim ki, Valid Sənani Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirsə də, özünü istedadlı peşəkar bir jurnalist kimi tanıtmışdır.

– Indiki şərhçilərimiz barədə nə deyə bilərsiniz?

– Indiki şərhçilərimizin çoxu artistlik edir e… Qol vuranda elə qışqırıqlar ki…

– Bunun nəyi pisdir ki?

– Balam, emosiyanın da həddi olmalıdır…

– Heç xoşladığınız yoxdur?

– Yox…

– O illərin hansı oyunlarını xatırlamaq istərdiniz?

– Mən 10 yaşından stadionlarda oyunları izləyərdim. O zaman “Neftçi”nin Yerevanın “Spartak” komandası ilə oyunları indiki Bakıxanovda yox, bir qayda olaraq, köhnə KQB-nin yaxınlığındakı stadionda (indiki Hökumət evinin yaxınlığında) təşkil olunardı. Bu da səbəbsiz deyildi. Çünki bu komandaların oyunları qalmaqalsız ötüşmürdü. Daha doğrusu, “Neftçi” uduzanda elə hay-küy qopurdu ki… Mən oradakı belə oyunlardan birinin şahidi olmuşam. Madam ki, söhbət onlardan düşdü. Qoy yadımda qalmış bir hadisəni də danışım. Ötən əsrin 60-ci illəri idi. Ermənistanın komandası ilə oyuna qapıçımız Çingiz Ismayılovun çıxmamaq ehtimalı var idi. Yəni oyun olan gün onun anasının üçünə təsadüf edirdi. Amma rəhbərlik onu dilə tuta bildi. Bunları deməkdə sözümün canı var… Bu oyunda rəqib komandanın oyunçusu topu tutmuş qapıçımız Çingizlə kobud rəftar etdi. Buna görə Çingizin qardaşı Orxan (Allah ona rəhmət eləsin) meydançaya çıxıb erməninin dərsini vermək istədi. Lakin cəhdlərinə baxmayaraq o, polislər tərəfindən yaxalandı. Onu deyim ki, həmin oyun “Neftçi”nin qələbəsi ilə (1:0) başa çatdı.

ab1“Eldar uşaq vaxtı bir dram dərnəyi də təşkil etmişdi”

– Abas müəllim, Tofiq Bəhramov, Eldar Əzimzadəni necə xatırlayırsınız?

– Mən Eldar müəllimlə Içərişəhərdə bir məhəllədə yaşamışam. Bir məktəbdə də (1saylı) oxumuşuq. Indiki kimi yadımdadır. “Sabir bağı” deyilən komandanın tərkibində onunla birgə o qədər məhəllə komandalarını məyus etmişik ki… O vaxt bu komandanın heyətində kimlər yox idi. Sonradan müğənni kimi tanınmış Oqtay Ağayev, güləş üzrə Azərbaycan çempionu olmuş Rafiq Ələkbərov (Allah onların hər ikisinə də rəhmət eləsin)… Eldar Əzimzadə komandamızın aparıcı oyunçusu idi.

– Eşitdiyimə görə, siz Moskvada onunla…

– Hə, yaxşı yadıma saldınız. 1980-ci ildə Moskvada XXII Yay Olimpiya Oyunları keçirildi. Həmin yarışlarda Eldar Əzimzadə futbol, mən isə yüngül atletika yarışlarında hakimlik etdik. Biz orada ayrı-ayrı mehmanxanalarda qalmağımıza baxmayaraq, mütəmadi zəngləşərdik. Bir axşam o, mənə zəng vurub dedi: “Məni təbrik edə bilərsən. Final görüşünə hakimlik etmək mənə tapşırıldı…” Çexoslovakiya və Almaniya Demokratik Respublikası komandalarının qarşılaşdığı həmin oyun avqustun 2-də Moskvanın mərkəzi stadionunda 85 min tamaşaçının iştirakı ilə keçirildi. Oyun cexlərin 1:0 qələbəsi ilə yekunlaşdı (qolu oyunun 77-ci dəqiqədə Sloboda vurdu) və onlar ilk dəfə Olimpiya çempionu oldular (Onu da deyim ki, Eldar Əzimzadə belə bir möhtəşəm turnirin final görüşünü idarə etmiş ilk sovet hakimi kimi tarixə düşdü). Həmin matçdan sonra “Sport” mehmanxanasında Olimpiya oyunlarının iştrakçıları üçün verilən ziyafətdə FIFA prezidenti Joao Avelanj və BOK sədri Huan Antonio Samaranç görüşü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim etdilər. Yeri gəlmişkən, həmin olimpiadadan mənə xeyli xatirə medalları qaldı. (Mən onları muzeyimizə təhvil vermişəm). Üstəlik, yaxşı hakimlik etdiyim üçün burada xüsusi medalla da təqdim olundum. 1976-cı ildə televiziyanın 40 illik yubileyi münasibətilə ulu öndər Heydər Əliyevin teleradio işçilərinin veteranları ilə keçirdiyi görüşdə Olimpiya Oyunlarında qazandığım medalı ona hədiyyə etdim. Bir də mən Avropa Çempionatı, Avropa kuboku, “Dostluq-84” və bir çox beynəlxalq turnirlərdə də hakimlik etmişəm.

– Eldar müəllimlə söhbətdə bir “ilk” ifadəsini işlətdiniz… Onun daha hansı “ilk”i yadınızdadır?

– 1977-ci ildə UEFA kuboku çərçivəsində keçirilmiş “Torino” (Italiya) və “Dinamo” (Yuqoslaviya) komandaları arasındakı oyunda Eldar müəllim 8 oyunçunu sarı vərəqə ilə cəzalandırıb. Nə qədər qəribə olsa da, o, həmin sarı vərəqələrindən birini zədə almış futbolçusuna yardım etdiyi zaman rəqib oyunçunu təhqir etmiş “Torino”nun həkiminə göstərmişdi. Bu, hakimlikdə ilk belə bir hadisə idi.

– Eldar müəllimin görünməyən tərəfləri hansılar olub?

– O, necə deyərlər, göründüyü kimi olan, olduğu kimi görünən bir insan idi. Amma sizə bir maraqlı faktı da demək istəyirəm. Eldar uşaq vaxtı bir dram dərnəyi də təşkil etmişdi. O, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun”dan parçalar səhnələşdirər və öz kollektivi ilə Içərişəhərdəki köhnə bir evdə onları nümayiş etdirərdi. Baş rollarda, təbii ki, o özü çıxış edərdi.

Bu yerdə Eldar müəllimlə bağlı bir əhvalat da yadıma düşdü. Mən hakimlərin 3 mərhələ üzrə keçirilmiş müsabiqəsində qalib gəlmişdim və Moskva Olimpiadasının yüngül atletika yarışlarına hakimlik edəcəkdim. O bu xəbəri eşidən kimi bizə zəng edərək məni təbirk etdi. Sonra isə dedi:

– Bizim dram dərnəyini xatırlayırsan?

Dedim:

– Əlbəttə.

Bu sözlərdən sonra zaraftla əlavə etdim:

– Amma biz dram dərnəyini atmaqla teatrımız heç nə itirmədi.

O isə gülə-gülə əlavə etdi:

– Əvəzində idmanımız ümumittifaq dərəcəli iki hakimi – səni və məni qazandı.

Bağırov stadionu tərk etdi

– Sizə belə bir sualla da müraciət etmək istəyirəm. Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyan stadionuda ilk dəfə “Neftçi” hansı komanda ilə qarşılaşıb?

– Hə, bunun maraqlı tarixçəsi var. Əsası 1939-cu ildə qoyulmuş bu stadionun rəsmi açılışı 1951-ci il sentyabr ayının 6-da keçirilməli idi. Yeri gəlmişkən, stadionun layihəsinin müəllifləri I. Qonsiorovsk, P. Isayev və A. Sergeyev olub) Açılış “Neftçi”nin Moskva “Lokomotiv”I ilə oyununa təsadüf edirdi. Lakin komandamızın “Lokomotiv”ə uduzmaq ehtimalı olduğuna görə belə bir addım atılmadı, yəni stadionun rəsmi açılışı təşkil olunmadı. Çünki idman rəsmilərimiz o zaman komandamızın oyunlarını izləyən Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi Mircəfər Bağırovun qəzəbinə tuş gəlmək istəmirdilər. Həmin matçı izləmiş bir tamaşaçı kimi deyə bilərəm ki, Bakı futbolçuları bu oyunu yüksək səviyyədə keçirdilər. Yəni bu oyunda “Neftçi” 2:1 hesabı ilə qələbə çaldı. Rəsmi açılış günü, yəni sentyabrın 16-da (1951-ci ildə) təşkil olunub. Onu da deyim ki, bu oyunu izləyələr arasında Bağırov da olub. Tədbiri Azərbaydan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi T. Yaqubov açıb. Digər çıxışlardan sonra məşhur idmançılarımız- Ibrahimpaşa Dadaşov, Musa Babayev, Xandadaş Mədətov, Züleyxa Hacıyeva və başqaları Azərbaycan bayrağını stadiona gətirib. Sonra müxtəlif idman cəmiyyətlərinin yetirmələrinin nümunəvi çıxışları olub. Bədii hissə başa çatan kimi havada təyyarə görünüb. Təyyarə stadion üzərində bir dövrə vurduqdan sonra yaşıl örtüklü meydana qırmızı lentlə bağlanmış top atılıb. Meydana top atıldıqdan sonra stadiona oyunçular çıxıblar. Həmin gün “Neftyanık”in rəqibi Vişnüsün “Spartak” komandası olub. Bu matçın 36-cı dəqiqəsində Ələkbər Məmmədov rəqinin iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxıb və hesabı açıb. Daha sonra Viktor Maqaltadze, Ələkbər Məmmədov və Viktor Anokşin hərəyə bir qol vurublar. Və “Neftçi” 4:0 hesabı ilə qalib gəlib.

Sonrakı oyunda Petrozavodsk komandası ilə görüşdə “Neftçi” 1:3 hesabı ilə uduzdu. Eşitdiyimə görə, Bağırov oyun 0:2 olanda tribunanı tərk etmişdi.

– Buna görə sonradan kimlərsə cəzalandırıldılar?

– Sözün düzü, bir xəbər çıxmadı.

– Yeri gəlmişkən, hamı sizi futbolumuzun canlı ensiklopediyası adlandırır…

– Harada olmağımdan asılı olmayaraq, məndə futbola həmişə maraq olub. Futboldan, atletikadan ayrılandan sonra bu sahədə müəyyən boşluqların olduğunu gördüm. Odur ki, futbolumuzun statistikasını araşdırmağa qərar verdim. Hətta mən bu məsələdə tanınmış futbol mütəxəssisi və statistiki Konstantin Yeseninlə (o, məhşur şair Sergey Yeseninin oğludur) əlaqə yaratdım. O bundan çox şad oldu. Və məni Moskvaya – evinə dəvət etdi. Konstantinlə görüşdən çox bəhrələndim. O mənə Barelin bir neçə kitabını oxumağı tövsiyə etdi. Mən onun dediyi kitabları Moskvadakı Lenin adına kitabxanada tapa bildim. Amma həmin kitabdan çox şeylər əxz edə bilmədim. Bunun da əsas səbəbi həmin materialların yararsız hala salınması, daha doğrusu, kəsilib götürülməsi oldu. Uzun sözün qısası, artıq mən bu sahə üzrə beş kitab – “Neftçi -70”, “20 ildə Azərbaycan milli çempionatı”, “Xatirələrdə yaşayanlar”, “Futzalımızın tarixi”, “Millli komandanın oyunları” ərsəyə gətirmişəm. Daha iki kitab üzərində də işimi davam etdirirəm. Bir sözlə, məqsədim futbolumuzun salnaməsini yazmaqdır.

ab3“Kosmonavtika ilə bağlı toplayıram”

– Abas müəllim, bu günümüzün futbolunu necə dəyərləndirərdiniz?

– Son illər bu sahədə bir inkişaf var. Elə komandalarımızın sorağının Avropadan gəlməsi mənim dediklərimin əyani sübutudur.

– Bəs yüngül atletika sahəsində vəziyyət necədir?

– Yüngül atletikamız da yerində saymır. Ötən il Bakıda keçirilmiş birinci Avropa Oyunlarında iki idmançımız “Bakı-2015”in çempionu olmadımı? Bu, böyük nəticə idi. Mən atletlərimizin 2016-cı ildə Rio-de-Janeyro Olimpiya və 2017-ci ildə Islam Həmrəylik oyunlarında da yüksək nəticələr göstərəcəklərinə əminəm.

– Avropa oyunları demişkən, siz həm də “Bakı-2015” I Avropa Oyunları məşəlini daşımış məşhurlardan biri kimi də idman tariximizə düşmüsünüz? Əlində məşəl olanda hansı hissləri keçirirdiniz?

– O məşələ əlimdə olanda düşünürdüm: kaş belə məşəl Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında və ermələrin işğalı altında olan digər ərazilərimizdə alovlanaydı.

– Abas müəllim, başqa bir hobbiniz də varmı?

– Mən kosmonavtika ilə bağlı müxtəlif eksponatlar – nişan və emblemlər toplayıram. Artıq onların sayı 500-ə yaxınlaşıb. Allah ömür versə, bir gün onları da sərgiləmək niyyətindəyəm.

– Bu il sizin 80 yaşınız tamam olacaq…

– Hə, elədir, özü də mən Brejnevlə bir gündə anadan olmuşam -19 dekabrda…

Qvami Məhəbbətoğlu