Eşitdiklərimdən, oxuduqlarımdan…

142

 

Şıxzadayev necə Zadayev olub?

Kəndimizdə Zadayev Rüstəm adlı bir şəxs olub. Rüstəm kişi indiki məsciddə yerləşən anbardan buğda oğurluğunda günahlandırılıb. O, bu böhtanı çəkib-çiləyə bilməyib. Odur ki, kəndimizi tərk edib və Dəvəçidə məskunlaşıb. Eşitdiyimə görə, o zamanlar məktəbimizdə tarix fənnini tədris edən  Rüstəm kişinin əsil soyadı Zadayev yox, Şıxzadayev olub. Amma sovet dövrünün tələblərinə görə o, soyadındakı “şıx” sözündən imtina edib, nəticədə Zadayev kimi tanınıb.

Qeyd edək ki, Rüstəm kişinin oğlu Ramiz Zadayev öz nadir biliyi və bacarığı ilə metallurq vəzifəsindən direktor vəzifəsinədək yüksəlib “Polymart MMC”-nin Baş İcraçı direktoru,  Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinin rəhbəri Rəşad Cabirlinin sözlərinə görə, Ramiz Zadayev bu gün 2000-dən çox insanın çalışdığı Baku Steel Companynın ideyasını irəli sürüb və Ulu Öndər tərəfindən əsası qoyulub. Artıq 22 ildir zavod fəaliyyətini davam etdirir. Ramiz müəllim ən əsası yüksək insani dəyərlərə sahib həmkəndlimiz olub. O, xeyli həmkəndlimizin (o cümlədən mənim) işlə təmin olunmasına dəstək verib. Hətta respublikamızın digər bölgələrindən olan əməkdaşlar bu zavod alpanlıların zavodudur deyərək zarafat edirdilər.

Qubadlını Quba edənlər kimlər olublar?

Rüstəm müəllimdən söz düşmüşkən, o, Vələd (Süleymanov) müəllimin ən yaxın dostlarından biri olub. Bu günlərdə Vələd müəllimin oğlu  İsmayıl bəy Rüstəm kişi və atası ilə bağlı  maraqlı, həm də baməzə bir əhvalat danışmaqla onları bir daha yada saldı. O dedi: “Atamdan eşitdiklərimə əsasən deyə bilərəm ki, onların təyinatlarını Qubadlıya veriblərmiş. Amma Rüstəm kişi yolun uzaqlığını nəzərə alaraq təyinat aldığı yerə getmək istəməyib. Elə Vələd müəllim də bu fikirdə olub. Odur ki, vəziyyətdən çıxış yolunu təyinatlarındakı Qubadlı sözünün son 3 hərfini (dlı) pozmaqda, yəni Qubadlını Quba etməkdə görüblər. Özü də onlar bu işi elə ustalıqla görüblər ki, kimsə şübhələnməyib. Beləcə, onlar Quba rayonunda müəllim kimi fəaliyyət göstəriblər”.

Səttar Bəhlulzadə Alpanda olubmu?

Azərbaycan təsviri sənətində özünəməxsus yer tutmuş, əsasən mənzərəçi-rəssam kimi məşhur olan Səttar Bəhlulzadə Azərbaycanın meyvəli bağlarını, güllü-çiçəkli meşələrini, gur sulu çaylarını, yamyaşıl düzlərini, əzəmətli dağlarını təsvir etməyi çox sevərdi. Qubada bir neçə dəfə olan sənətkar bu rayonla bağıl “Şahnabad dağları ,    “Qudyalçay vadisi”,  “Qudyalçay sahili”, “Qızbənövşəyə gedən yol”, Yaşıl xalı”, “Payız”, “Bağlar arasında”, “Şahdağ vadisi”, “Payız küləyi”, “Qızıl axşam”, “Bahar”, “Meyvə bağı”, “Dağlar”, “Çinarlar”, “Yol kənarında”, “Almalar çiçəkləyəndə”, “Qürub çağı”, “Xınalıq yaylağı” və s. tablolar ərsəyə gətirib. O, Xınalığa da baş çəkərdi. O zamanlar Xınalıq yolu bizim kəndimizdən keçirdi. Səttar Bəhlulzadə yolüstü kəndimizdə də olmağı sevərmiş.  Hətta adını unutduğum şəxsdən eşitdiyimə görə, görkəmli sənətkar Quru çayın sahilində rəsmlər çəkər, onların bəzilərini kənd sakinlərinə verərmiş.

Subaba türbəsi ilə bağlı bu rəvayətdən xəbəriniz varmı?

Bu məlumatı isə eşitməmişəm, sadəcə, sovet dövrünün mətbuatından götürmüşəm. Həmin yazıda deyilir: “Alpan kəndindəki Subaba türbəsi XVI əsrin yadigarıdır. Deyilənlərə görə, əvvəllər burada həmişə su olmuşdur. Rəvayətlərdən belə məlum olur ki, o dövrdə Alpanda su yox imiş. Camaat yalnız bu pirə Allah tərəfindən göndərilmiş sudan istifadə edərmiş”.

Qvami Məhəbbətoğlu (Rəsulov)