Ermənistanın təxribat-diversiya qrupu Azərbaycan sərhədini keçməyə cəhd göstərib

59

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilmişdir.  Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur edilmişlər.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.

Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir.