Ermənistanın səyləri heç bir fayda verməyib

0
182

Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə də mövqeyimiz möhkəmlənməkdədir. Artıq unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli siyasəti də beynəlxalq aləmdə dəstəklənməkdədir. Belə ki, bu günlərdə BMT Baş Assambleyası özünün plenar iclasında “Xüsusi Komitənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təşkilatın rolunun gücləndirilməsinə dair məruzəsi” adlı qətnaməni təsdiq edib. Xüsusi Komitə Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin məruzədə Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ərazisi olmasını bir daha təsbit etməyə nail olub.

Doğrudur, Ermənistan nümayəndə heyəti Xüsusi Komitənin məruzəsindən işğalçı ölkəni  qane etməyən ifadənin çıxarılmasına cəhdlər göstərib. Amma onların səyləri heç bir fayda verməyib. Belə ki, müzakirələrin gedişində heç bir ölkə Ermənistanın təklifini dəstəkləməyib, Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamə isə BMT üzvü olan bütün dövlətlər tərəfindən, Ermənistan nümayəndə heyəti istisna olmaqla təsdiq edilib. Bu isə dünya miqyasında Ermənistanın riyakar siyasətinin bir daha  ifşa edilməsidir.

Yeri gəlmişkən, xatırladaq ki, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatın – Qoşulmama  Hərəkatının oktyabr ayında Bakıda keçirilən XVIII Zirvə Görüşündə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən yekun sənədi qəbul edilmişdir. Üstəlik, həmin yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil olunmuşdur. Bu bənddə heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacağı, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəyi öz əksini tapıb. Bu mənada BMT Baş Assambleyasındakı bu uğuru Qoşulmama Hərəkatındakı addımın məntiqi nəticəsi, həm də Azərbaycanın artıq dünya miqyasında söz sahibi olması kimi dəyərləndirmək olar.

Şübhəsiz, bu proseslərdə Prezident İlham Əliyevin mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in, Qoşulmama Hərəkatının və digər qurumların tribunalarından səsləndirdiyi qətiyyətli və  məntiqi çıxışları mühüm rol oynayıb. Yeri gəlmişkən, AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhükəsizlik Şurasına sədrlik etmiş Azərbaycan hazırda 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı kimi böyük bir təşkilata, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığını, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyətini durmadan inkişaf etdirir. Şübhəsiz, bütün bunlar dünya birliyinin fəal subyekti sayılan, özünə qlobal nüfuz qazandıran Azərbaycana olan beynəlxalq etimaddan irəli gəlir.

Qvami Məhəbbətoğlu, “İki sahil”