Ermənistanın mina terroru

26

Gözəgörünməz ölüm

Postmüharibə döv­ründə azad edilmiş ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün in­tensiv bərpa-quruculuq işlərinə başlanılıb və bu gün də sürətlə davam etdirilir. Böyük Qayıdışa gedən yolda qarşımızdakı yeganə maneə isə erməni işğalçıları tərəfindən bu torpaqların pərakəndə şəkildə minalanmasıdır.

İkinci Qarabağ savaşından sonra Qarabağdakı minaların xəritələri ilə bağlı rəsmi İrəvanın mövqeyi bir neçə dəfə dəyişib: əvvəlcə, bu cür xəritələrin olduğunu inkar edən Ermənistan hökuməti daha sonra mina xəritələrini “üzə çıxartmışdı”. Uzun zamandan sonra Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faiz təşkil edib. Bu, onu göstərir ki, rəsmi İrəvan minalanmış ərazilərin real xəritəsini qəsdən Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bununla da Azərbaycanda basdırılmış minalar vasitəsilə müharibəni davam etdirir. Bu isə bir daha onu göstərir ki, Ermənistan tərəfi ərazilərin minalardan təmizlənməsini istəmir, əksinə, sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Üçtərəfli Bəyanatın imzalanmasından sonra mina xəritələrinin təhvil verilməsi Ermənistanın öhdəliyi olsa da, işğalçı dövlət bu xəritələri tam şəkildə təqdim etmir.

Ermənistanın baş naziri Nikol Paşinyan Niderland Krallığına səfəri zamanı Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, Azərbaycana guya minalanmış ərazilərin xəritəsini təqdim etdiyini bildirməklə Ermənistanı humanist ölkə kimi göstərməyə cəhd edib. Bununla da guya beynəlxalq ictimaiyyət qarşısında üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirdiklərini göstərməyə çalışıb. Paşinyanın minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə təqdim edilməsinə dair verdiyi bəyanat isə yumşaq desək, həqiqəti əks etdirmir. Ermənistanın baş nazirinin iddiasının əksinə olaraq 2020-ci il noyabrın 10-dan 2022-ci il mayın 10-dək azad edilən ərazilərdə minaların partlaması ilə bağlı 219 hadisə baş verib. Nəticədə 181 nəfər yaralanıb (67 mülki şəxs, 114 hərbçi), 38 nəfər isə həlak olub (31 nəfər mülki şəxs, 7 nəfər hərbçi).

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə təkcə bu il mayın 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183, tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Hazırda bütün minatəmizləmə əməliyyatları Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin inkişaf planlarına əsasən yerinə yetirilir. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.  Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı, xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verirlər. Minatəmizləmə işlərinin sürətləndirilməsi üçün builki dövlət büdcəsindən 100 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Azərbaycanın Qarabağ bölgəsinin minalardan təmizlənməsinə ayırdığı resurslara baxmayaraq, müharibə qalıqları ilə bağlı problemin səmərəli həlli üçün maliyyələşdirmə təşəbbüsləri vasitəsilə beynəlxalq ictimaiyyətin də dəstəyi vacibdir. Unutmaq olmaz ki, bu, təkcə Azərbaycanın problemi deyil, bu həm də  ümumbəşəri qorxunc reallıqdır və problemin həllinə hər kəsin qatılması vacibdir. İnanırıq ki, 44 günə düşməndən azad edilən torpaqlarımız elə qısa zamanda da “gözəgörünməz düşmən”dən azad ediləcək və dövlətin Böyük qayıdış planı reallaşmağa başlayacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi beynəlxalq ictimaiyyətin də diqqətindədir. Bu mənada Bakıda Azərbaycan Respublikası hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda keçirilən konfrans mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. Dünyanın 34 ölkəsindən 150 iştirakçının qatıldığı toplantı mina probleminin, onun törətdiyi nəticələrin və fəsadların qlobal miqyasda işıqlandırılması və gündəmə gətirilməsi baxımından növbəti fürsət idi. Konfransda bir daha beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırıldı ki, qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Üstəlik, mina insanların həyatı üçün böyük təhlükədir.

Ermənistanın mənfur siyasətindən əl çəkməməsi, əksinə minaları Azərbaycana qarşı təzyiq vasitəsi kimi görməsi  həm də sülh sazişinin qəsdən uzadılmasına xidmət edən bir məsələdir. Eyni zamanda Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bəzi məsələlərdə danışıqlar zamanı müsbət fikirlər söyləsə də yenə də orada ikili yanaşmalar açıq-aşkar özünü göstərib. Ermənistan tərəfi artıq 44 günlük Vətən müharibəsində hansı duruma düşdüyünü  unutmamalıdır. Buna görə də həm mina xəritələri, həm də digər maddələrin vaxtında yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddəalar və nəzərdə tutulmuş məsələlər tez bir zamanda icra olunmalıdır. iki sahil