Ermənistanın cəbhədə yeni təxribatlara əl ata biləcəyi istisna olunmur

382

Bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, işğalçı ölkənin gələcəkdə Rusiya silahları almasına dair planları mövcuddur: “Çox güclü şəkildə silahlanacağıq. İlk Su-30 SM çoxfunksiyalı qırıcı təyyarələr gələn ilin əvvəlinədək Ermənistana tədarük ediləcək”. Siyasətcilər David Tonoyanın bu sözlərini müxtəlif aspektlərdən şərh edirlər.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ordunun silah-sursatla təminatı, müasir avadanlıqlarla təchizatı çoxlu maddi vəsait tələb edir: “Fakt budur ki, hazırda iqtisadi problemlər məngənəsində boğulan Ermənistan belə imkana malik deyil. Digər tərəfdən, istər baş nazir Nikol Paşinyanın, istərsə də müdafiə naziri David Tonoyanın cəhdlərinə baxmayaraq, erməni lobbisi Ermənistana hələ də ciddi sərmayə yatırmayıb. Odur ki, işğalçı ölkə dilənçi kimi  gah kreditlə, gah da başqa yollarla müasir tələblərə cavab verməyən texnika almaqla  öz ordusunu “gücləndirməyə” çalışır. Bir sözlə, Ermənistanda digər sahələrdə olduğu kimi, orduda da hansısa müsbətə doğru dəyişikliklər baş verməyib və baş vermək ehtimalı da yoxdur. Əksinə, Ermənistan ordusunda vəziyyət getdikcə daha acınacaqlı xarakter alıb. Belə ki, işğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının sayı artıb. Üstəlik, ordumuzun qələbəsi ilə başa çatmış Aprel döyüşlərinin şokundan hələ də çıxa bilməyən ermənistanlı gənclər orduda xidmət etmək və Dağlıq Qarabağda qurbana çevrilmək istəmirlər. Belə faktları Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləməkdədir. Görünən odur ki, Nikol Paşinyanın elan etdiyi hərbi islahatlar da yalan vəddən başqa bir şey deyil. Bu mənada belə demək olar ki, Ermənistanın müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanın bir il öncə meydanlarda vədlərlə ələ aldığı əhalinin diqqətini ölkədə sürətlə artan sosial-iqtisadi problemlərin həllindən yayındırmaq üçün daxili auditoriyaya hazırlanmış “silahlanmaq”, üstəlik “dava ritorikası”sını ortaya atıb. Bu isə blefdən başqa bir şey deyil. Şübhəsiz, David Tonoyan bu kimi addımları Nikol Paşinyanın təkidi ilə atır”.

Ehtiyatda olan polkovnik, həmçinin vurğuladı ki, David Tonoyan bir qayda olaraq Azərbaycan dəqiq zərbəendirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alandan sonra belə fikirlər səsləndirir: “Çünki o da yaxşı başa düşür ki, bu amil işğalçı dövlətin əhalisini qorxu içərisində saxlayır. Şübhəsiz, bu  addımlarımız onlara  güclü psixoloji təzyiq göstərir”.

Ekspertin fikirncə, bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyanın Dağlıq Qarabağa yenidən gəlişini, separatçı rejimin hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirməsini, həmçinin cəbhə xəttinə baş çəkməsini də bu cür ritorikaların “məntiqi” davamı hesab etmək olar: “Bununla Ermənistan rəhbərliyi işğal altındakı ərazilərimizdəki qondarma rejimə və orada yaşayan insanlara qarşı heç bir təhlükənin olmadığını göstərmək istəyir. Yəni David Tonoyan cəbhə bölgəsində   “aktivlik” nümayiş etdirməklə guya hər şeyin onun nəzarəti altında olduğunu bildirmək istəyir. Amma əslində bu heç də belə deyildir. Yeri gəlmişkən, bəzi erməni mənbələri David Tonoyanın bu kimi addımlarını Azərbaycana qarşı müharibə elanı kimi şərh etməsi ilə diqqət çəkir. Bu isə o deməkdir ki, Ermənistanın cəbhədə yeni təxribatlara əl ata biləcəyi istisna olunmur. Məsələn, danışıqlara rəğmən hələ də qeyri-konstruktiv və təcavüzkar mövqe tutan işğalçı ordunun bölmələri srağagün Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutublar. Düşmən bu dəfə də dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olublar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”