Ermənistanı radikal alman partiyası ilə əməkdaşlığa nələr sövq edir?

0
188

Son illər işğal altında olan ərazilərimizə qanunsuz səfərlərin sayının artmasına təkan verən əsas amillərdən biri Ermənistanın radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə  fəal əməkdaşlıq etməsidir.  Belə ki, 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də  Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının nümayəndələrinin  işğal altında olan torpaqlarımıza  qanunsuz səfərlər etdikləri qeydə alınmışdır. Üstəlik,  AfD fraksiyasının nümayəndələri Almaniyaya səfər etmiş qondarma rejimin “parlament deputatlarını” Bundestaqda qarşılamışlar. Hətta cari ilin oktyabr ayında onları Brandenburq federal torpağının Landtaqına keçirilmiş seçkilərə dəvət etmişlər. Erməni mətbuatı da bunu “Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi qələmə vermişdir.

Məlumat üçün bildirək ki, Almaniyada olduqca mənfi imicə sahib olan və  anti-semitist, irqçi, anti-demokratik fəaliyyətləri ilə seçilən bu qurum ölkənin konstitusion quruluşuna qarşı zidd siyasət yürüdür. Bir məsələni də vurğulamaq lazımdır ki, sağçı milliyyətçi AfD-çilər müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandırır və bu baxımdan norveçli terrorist Anders Breyviklə eyni fəlsəfəni bölüşürlər. Elə bu kimi səbəblərdən, ümumiyyətlə, həmin partiya ilə hər hansı formada əməkdaşlıq digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir. Şübhəsiz, bütün bunlar AfD-nin  faşizmə olan meyillərindən qaynaqlanır.

AfD-çilər işğal altındakı torpaqlarımıza qanunsuz səfərlərini, eləcə də işğalçı rejimlə əlaqələrini Dağlıq Qarabağın guya xristian mədəniyyətinin tərkib hissəsi olması ilə əsaslandırmağa çalışırlar. Hətta onlar Dağlıq Qarabağı “xristianlığın beşiyi” və “xristian inancının qalası” adlandırır. Əslində isə məsələ başqa cürdür. Belə ki, bu “işbirliyi”, sadəcə Ermənistanın hazırda həyata keçirdiyi ideologiyanın AfD ideologiyası ilə üst-üstə düşməsindən qaynaqlanır. İşğalçı ölkənin, eləcə də erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının faşistlərdən də betər qəddarlıq nümayiş etdirərək minlərlə günahsız soydaşımızı qətlə yetirməsi buna sübutdur. Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələr ilə bir sırada dayanan Xocalı soyqırımı da məhz erməni faşizminin təzahürüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın faşist ideologiyasına rəğbətini gizlətməməsi isə bir daha ermənilərin mayasının qəddarlıqdan yoğrulmasından xəbər verir. Bu isə o deməkdir ki, illər öncənin ermənisi necə hərəkət edirsə,  bu günün ermənisi də elə hərəkət edir. Yəni, Ermənistan hakimiyyətinin millətçi baxışlarında hər hansı bir dəyişiklik yoxdur.

Bu gün sirr deyil ki, faşist ideologiyası Ermənistanın  dövlət siyasətinin prioritetini təşkil edir. Yeri gəlmişkən, 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının  iclasında Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini öz çıxışında dəfələrlə vurğulamışdır.

Bəli,  Ermənistan hakimiyyəti bu gün də irqçi neonasist ideologiyanı davam etdirir. Son illərdə bu işğalçı ölkənin  mərkəzində və digər bölgələrində “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” deyən “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da ermənilərin faşizmə olan rəğbətinin bariz nümunəsidir. Halbuki bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri, III Reyxə xidmətləri  haqqında danılmaz faktlar müxtəlif  ölkələrin arxivlərində, o cümlədən Rusiyanın özündə də kifayət qədərdır.

Göründüyü kimi, hazırda Ermənistanda faşizm, əgər belə demək mümkünsə, çiçəklənməkdədir. Amma beynəlxalq qurumlar buna, eləcə də Ermənistanın  işğalı altında olan ərazilərimizə qanunsuz səfərlərə   hələ də ciddi narazılıq bildirmirlər. Şübhəsiz,  işğalçı ölkənin faşizm və nasizm sevgisindən qaynaqlanan bu kimi gedişləri dünya üçün  bir təhlükə mənbəyidir. Çünki Ermənistanın radikal alman partiyası ilə əməkdaşlığı hansısa ölkəyə də faşizm idelogiyasını yoluxdura bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”