Ermənistanda növbəti sosial partlayış daha dəhşətli olacaq

Ermənistanda tələsik bir atmosferdə keçirilən növbədənkənar parlament seçkiləri işğalçı ölkənin daha bir saxtakarığı ilə “tarixə” həkk olundu. Belə ki, “Mənim addımım” blokunun rəhbəri, Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan “məxməri inqilab” zamanı küçə və meydanlarda daha çox hay-küy salanları deputat mandatı ilə “mükafatlandırmağı” bacardı. Bu “mükafatdan” onun qardaşı oğlu (Sipan Paşinyan), qaynı (Qraç Akupyan), dostu, həkimi,  hətta bərbəri də bəhrələndi. Bununla da Nikol Paşinyan administrativ resurslardan kifayət qədər yararlanaraq səslərin 70 faizindən çoxunu “yığdı”, özünün dediyi kimi, ölkəsinə “inqilabi çoxluğu” qazandırdı. Daha doğrusu, 132 mandatdan 88-nə yiyələndi. Politoloqların fikrincə, heç bir partiya parlamentdə yerlərin üçdə-ikisini, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Səslərin heç olmasa, 33 faizi müxalifət partiyalarına verilməli idi.

Üstəlik, Nikol Paşinyan o qədər də seçki fəallığı olmayan seçkilərin nəticələrini əməlli-başlı şişirtdi. Halbuki əhalinin yarıdan çoxu bu prosesə baş qoşmamışdı. “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Naira Zöhrabyanın sözlərinə görə, seçkilərdə iştirak edənlərin bəziləri də müəyyən məbləğ müqabilində “Mənim addımım” blokuna səs verdilər. Aparılan hesablamalar nəticəsində o da məlum oldu ki, Nikol Paşinyanın bloku seçkilərin təbliğat-təşviqat kampaniyası üçün təqribən 558 min ABŞ dolları xərcləyib ki, həmin vəsaitin də böyük hissəsi dövlətə məxsus olub.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan da seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 48,63 faizinin iştirak etdiyini bildirdi. Bununla da erməni xalqı vədlərlə hakimiyyətə yiyələnmiş Nikol Paşinyandan gözünün su içmədiyini nümayiş etdirdi. Başqa sözlə desək, əgər növbədənkənar İrəvan Ağsaqqallar Şurasına (Şəhər Şurası) seçkilərdə Nikol Paşinyanın “Mənim addımım” bloku 80 faiz səs toplamışdısa, parlament seçkilərində bu rəqəm on faizdən az oldu. Qısa zaman kəsiyində bu qədər azalma şübhəsiz, xalqın Paşinyandan uzaqlaşmaqda olduğunun bariz nümunəsidir. Bu mənada Nikol Paşinyanın əldə etdiyi “qələbənin” rəhnini  yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi təşkil etdi.

Amma dünyanın bir sıra qurumları Nikol Paşinyan hakimiyyətinin möhkəmləndirilməsinə hesablanmiş bu seçkiləri demokratik proses kimi qələmə verdilər. Bununla da onlar ikili standartlarını və siyasi riyakarlıqlarını bir daha nümayiş etdirdilər. Elə bu səbəbdən siyasətçilər onların Ermənistanı dəstəkləməsini, əslində, bu qurumların işğalçı siyasətə tərəfdar çıxmaları kimi dəyərləndirdilər. Görünür, növbəti erməni hiyləgərliyini rəsmiləşdirmək məqsədi ilə Nikol Paşinyanın rusofob və “Sorosun uşaqları” daha çox “tər tökdülər”.

Amma deyəsən, ABŞ rəsmiləri bu şişirtmənin, saxtakarlığın fərqindədir. Belə ki, bu günlərdə ABŞ-ın İrəvandakı səfirliyi Ermənistana səfər edən ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Bu isə şübhəsiz, hazırda Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır. Politoloqların fikrincə, ehtimal etmək olar ki, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələrin səfirlikləri də buna bənzər addımlar ata bilərlər. Erməni mediasında da ölkədə seçkilərdən sonrakı xaotik vəziyyətdən bəhs edən yazılar dərc olunmaqdadır.

Bir sözlə, mina effekti daşıyan növbədənkənar parlament seçkilərinin nəticələri siyasi gərginliyi səngiməmiş, ölkədə yeganə fiqur olmağa çalışan Nikol Paşinyanın sayəsində “qırmızılar” və “ağlara” bölünmüş Ermənistana yaxşı heç nə vəd etmir. Belə ki, günlərin bir günü o mina mütləq partlayacaq. Özü də bu partlayış indiyədək Ermənistanda baş vermiş partlayışlardan daha dəhşətli olacaq. Həmin fəlakətdən ən çox əziyyət çəkən isə yenə də sadə erməni xalqı olacaq.

 Qvami Məhəbbətoğlu