Ermənistanda niyə it yiyəsini tanımır?

0
46

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı. İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması nəticəsində hazırda işğalçı Ermənistan tarixinin ən ağır, həm də rüsvayçı günlərini yaşayır. Belə ki, indi işğalçı ölkədə siyasi qarşıdurmalar daha geniş vüsət alıb, iqtisadi vəziyyət daha da pisləşib. Ölkənin rəhbəri hansısa bir tədbir görməyi belə düşünmür. Etiraz aksiyaları isə təqiblərə baxmayaraq, səngimək bilmir.

Son günlər “Uşaqlarımız üçün təhlükəsizlik zəmanəti tələb edirik” deyən çağırışçı əsgərlərin valideynlərinin bu aksiyalara qoşulması vəziyyəti daha da kəskinləşdirib. Bir erməni saytının yazdığına görə, hazırda Ermənistan müharibədəki məğlubiyyət fonunda cəhənnəmə çevrilib. Erməni diasporu da yaranmış vəziyyətdən çıxış yolunu Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında, həmçinin onun siyasi səhnədən qovulmasında görür. Bəzi məlumatlara görə, Nikol Paşinyanın istefasını tələb edən sənəd üçün imzatoplama kampaniyasına da başlanılıb. Çünki bəzi qüvvələr Ermənistanın bu hala düşməsinin baiskarı kimi Nikol Paşinyanı görürlər. Amma fakt budur  ki, bu ölkə müxalifəti nə qədər cəhd göstərsə də, Nikol Paşinyan istefa etmir. Bəzi siyasətçilər  isə Nikol Paşinyanın ailəsinin, daha doğrusu, arvadı Anna Akopyanın və qızlarının –Şuşan və Marianın Rusiya vətəndaşlığı almaq məqsədi ilə Moskvaya qaçdıqlarını əsas gətirərək, artıq “buz”un ərimək ərəfəsində olduğunu bildirirlər.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın ağır vəziyyətə düşməsində daha çox keçmiş hakimiyyəti günahlandıranlar da kifayət qədərdir. Onlardan biri də elə Nikol Paşinyandır. O, hətta beynəlxalq ictimaiyyətin bu gün ölkəsini işğalçı kimi tanımasını Koçaryan–Sarkisyan cütlüyünün “məhsulu” kimi dəyərləndirib.

Hazırda Ermənistan daxilində baş verənləri analiz edəndə belə qənaətə gəlmək olur, bu ölkədəki siyasi hakimiyyətin və müxalifətin hələ də normal düşünmək qabiliyyətləri yoxdur.

…Şübhəsiz, Ermənistanda xaosu körükləndirən amillərdən biri də yanvarın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirilən  üçtərəfli görüşdən əliboş qayıtması, daha doğrusu, arzuladığı status və 10 noyabrdan, yəni atəşkəs elan olunandan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının məsələlərinə heç bir reaksiya verilməməsi ilə bağlıdır. Doğrudur, Nikol Paşinyan Ermənistanın daxili auditoriyasını sakitləşdirmək məqsədi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu barədə sərsəmlədi. Amma cəhdlərinə baxmayaraq, bir nəticə əldə edə bilmədi.

Göründüyü kimi, Ermənistanda artıq iki aydır demək olar ki, hakimiyyət yoxdur. Bu səbəbdən ölkədə xaos və anarxiya hökm sürür. Siyasətçilərin fikrincə, bu vəziyyət Azərbaycanın, onun lideri İlham Əliyevin vəhşi düşmən üzərində 44 gün ərzində əldə etdiyi inamlı qələbənin, onlara verdiyi tarixi dərsin Ermənistan cəmiyyətindəki etirafı, başqa sözlə desək, əks-sədasıdır.

Siyasətçilərin fikrincə, II Qarabağ müharibəsində Azərbaycanın dəmir yumruğunun sarsıdıcı zərbəsini almış Ermənistan üçün bu il daha ağır keçəcək. Ağır şəraitdən çıxmağın tək yolu  isə ötən il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış bəyanatlara riayət etməkdən keçir. Məhz bu sənədlər böhran məngənəsində boğulan Ermənistana məlhəm ola bilər. Əks halda bu ölkədə, əgər belə demək mümkünsə, uzun müddət it yiyəsini tanımayacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”