Ermənistanda konstitusiyaya oyuncaq toplusu kimi baxırlar

0
348

Ermənistanda məlum hakimiyyət dəyişikliyindən sonra bu ölkədə hansısa inkişafın olacağına dair ümidlər tükənməkdədir. Yəni orada əvvəlki kimi səfalət, yoxsulluq hökm sürür. Bir tərəfdən də  ölkə daxilində klanlararası ziddiyyətlər daha da dərinləşməkdədir. Bu fikirləri Milli Məclisin deputatı  Aydın Hüseynov “İki sahil”ə açıqlamasında deyib. O bildirib ki, artıq Koçaryan-Sarkisyan rejiminin korrupsioner, cinayətkar olduğu tam ifşa olunub: “Proseslər həm də onu göstərdi ki, onlar həm də terrorçudurlar. Yəni bu cütlük Ermənistanda, eləcə də Qafqazda gedən mənfi proseslərin baiskarıdır. İndi də həbsdən yeni azad olunmuş sabiq prezident Robert Koçaryan yenidən hakimiyyət sevdasına düşüb. Bəzi siyasətçilər onun bu istəyinə nail olacağını söyləyirlər. Amma mənim fikrimcə, Robert Koçaryanın hakimiyyətə qayıdışı inandırıcı görünmür. Hər şeydən əvvəl ona görə ki, o, artıq siyasi fiqur kimi həm beynəlxalq aləmdə, həm də Ermənistanda nüfuzunu tamamilə itirib. Koçaryan sadəcə öz cinayətkar əməllərini pərdələmək, ört-basdır etmək, milyardlarını qorumaq məqsədilə belə bir iddiaya düşüb. Bu mənada, necə deyərlər, görünən kəndə bələdçi lazım deyil”.

Nikol Paşinyanı səriştəsiz baş nazir kimi xarakterizə edən Milli Məclisin deputatı qeyd edib ki, artıq onun hakimiyyətdə olmasının 100 günü də tamam oldu: “Lakin o, bu müddətdə nə xarici, nə də daxili siyasətdə, demək olar ki, heç bir üğura imza ata bilmədi, nəticədə Ermənistanın durumu daha da ağırlaşdı. Nikol Paşinyan yalnız sərsəm bəyanatları ilə “tanınıb”. İndi də o, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirmək fikrinə düşüb. Çünki Nikol Paşinyan yaxşı bilir ki, parlamentdə onun mövqeyi olduqca zəifdir.  Ona görə də hələ ki xalq arasında dəstəyə malik olan Nikol Paşinyan parlament seçkilərinə getməklə mövqeyini gücləndirmək niyyətindədir və bu məsələdə israrlıdır. Bu isə deməkdir ki, hazırda Nikol Paşinyan öz kürsüsün qorumaq hayındadır. Amma qüvvədə olan konstitusiyaya görə, hazırda baş nazir Nikol Paşinyan istefa verməlidir. Amma Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə bildirib ki, növbədənkənar parlament seçkilərini hazırda vəzifədə olan baş nazirin istefa məsələsi qoyulmadan da keçirilməsi mümkündür. O, hətta bununla bağlı Ermənistan konstitusiyasına müəyyən dəyişiklik də etmək niyyətindədir. Yeri gəlmişkən,  Serj Sarkisyan da öz hakimiyyətini əbədiləşdirmək məqsədilə konstitusiyanı öz mənafeyinə uyğunlaşdırmışdı. Bəs axırı nə oldu? İndi də Paşinyan bu usula əl atır. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyətə gələnlər konstitusiyaya bir qanun toplusu yox, özlərinin mövqelərini möhkəmləndirmək üçün oyuncaq sənədlər toplusu kimi baxırlar”.

Aydın Hüseynovun fikrincə, ermənilərin əsas problemi qanunlarının yaxşı və ya pis olmasında, yaxud konstitusiyalarında deyil, lazımi islahatları həyata keçirməyə qadir olmamalarındadır: “Yəni konstitusiyaya müəyyən dəyişikliklər əslində gözdən pərdə asmaqdan başqa bir şey deyil. Məqsəd cəmiyyətin diqqətini ağır sosial problemlərdən yayındırmaqdır. Odur ki, bununla erməni xalqı heç nə əldə etməyəcək. Ona ğörə də erməni xalqı beynəlxalq hüquqa söykənən, regionda gedən prosesləri düzgün qiymətləndirən, işğalçılıqdan imtina edən bir hakimiyyət formalaşdırmalıdır. Başqa sözlə desək, Ermənistanda sadəcə idarəetmənin istiqaməti dəyişdirilməlidir. Əks halda, istər prezidentləri, istərsə baş nazirləri dəyişdirməklə, yaxud konstitusiyaya əl gəzdirməklə onlar heç nəyə nail ola bilməyəcəklər. Bütün bunlar isə o deməkdir ki, bu gün sosial-iqtisadi, həm də siyasi müstəvidə böyük tənəzzül yaşayan Ermənistan işğal siyasətinə son qoymayana qədər bu vəziyyətdə qalmaqda, daha böyük problemlərlə üzləşməkdə davam edəcək”.

Qvami Məhəbbətoğlu