Ermənistanda siyasi vəziyyət getdikcə gərginləşməkdədir.
Şübhəsiz, bu gərginliyin artmasında Ermənistanın sabiq prezidenti Robert Koçaryanın, eləcə də ona dəstək verənlərin əli var. Bu məsələdə Serj Sarkisyanın da rolu istisna olunmur. Odur ki, öz aktivliyi ilə seçilən Robert Koçaryan qüvvələri birləşdirmək məqsədi ilə ona yaxınlaşmağa səylər göstərir. Hətta belə bir məlumat var ki, artıq Robert Koçaryanın yaratdığı yeni müxalifət partiyası ilə Serj Sarkisyanın təsiri altında olan Respublikaçılar Partiyasının birləşməsi məsələsi müzakirə olunmaqdadır. Hazırda Robert Koçaryan baş nazir Nikol Paşinyana müxalif olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanla da münasibətləri yaxşılaşdırmağa çalışır.
Robert Koçaryan öz tərəfdarları
ilə görüşündə bildirib ki, onda irəliyə getmək, mübarizə aparmaq üçün ciddi və
yeni stimul yaranıb. O, bu mübarizəni tək aparmayacağını vurğulamaqla
yanaşı, yeni qələbələr gətirən çox aktiv,
maraqlı komanda ilə fəaliyyət göstərəcəyini əminliklə söyləyib. Tert.am saytı
isə yaxın günlərdə Robert Koçaryanın baş verənlərlə bağlı geniş bəyanatla çıxış
edəcəyini yazıb. Bütün bunlar isə o deməkdir ki, istər Robert Koçaryanın,
istərsə də Serj Sarkisyanın timsalında
Nikol Paşinyana qarşı ciddi qüvvə formalaşmaqda və aktivləşməkdədir.
Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident, əslən Dağlıq Qarabağdan
olan Robert Koçaryanın həbsdən azad edilməsindən sonra özünə qarşı artan bu təzyiqləri,
aktivləşməni müxtəlif vasitələrlə neytrallaşdırmağa çalışır. Belə ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin daxilində
gərginliyi artırmağa cəhdlər edir. Bu məqsədlə Nikol Paşinyan Robert Koçaryanı
həmişə müdafiə edən, onun azadlığa çıxmasında aktivlik nümayiş etdirən
separatçı rejimin “rəhbəri” Bako Saakyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır.
Artıq o, bu niyyətlə Dağlıq Qarabağda “Miatsum” siyasi birliyi” yaratmağa nail
olub. Bu qurum da açıq şəkildə Bako Saakyanı və onun idarəetməsini
korrupsiyada, özbaşınalıqda ittiham etməyə başlayıb. Bu yolla da Nikol Paşinyan
qondarma rejimin rəhbərliyinin mövqeyini zəiflətməyə səy göstərir. Yeri gəlmişkən,
qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan Dağlıq Qarabağı əksinqilab
ocağından inqilab ocağına çevirəcəyini bildirmişdir. Bu, hər şeydən əvvəl,
Nikol Paşinyanın Bako Saakyanı hakimiyyətdən necə uzaqlaşdırmağın yollarını
axtarması anlamına gəlir. Yeni birliyin yaranması isə artıq belə bir prosesə
start verildiyindən xəbər verir. Siyasətçilərin
fikrincə, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
“hərbi xidmət”də olan oğlu Aşotu İrəvana göndərməsinin səbəbi də məhz bu amildən
irəli gəlib. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı
Anna Akopyan bu yerdəyişməyə erməni xislətinə uyğun şəkildə don geyindirməyə
çalışıb. Belə ki, o bildirib ki, guya oğlu Aşot Paşinyan özünün hərbçi dostları
ilə birgə Ermənistandakı hərbi hissəyə “kurs keçməyə” göndərilib və tezliklə Dağlıq
Qarabağa qayıdacaq..
Ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu “birliyi” Ermənistanla qondarma rejim arasındakı münasibətlərdəki gərginliyin nəticəsi kimi dəyərləndirmək olar: “Şübhəsiz, bir çox məqamlarda Nikol Paşinyanla hesablaşmayan Bako Saakyan və onun tərəfdarları da Robert Koçaryanın “xeyir-duası” ilə buna qarşı kəskin addımlar atacaqlar. Bu isə son anda münasibətləri daha da kritik həddə çatdıracaq. Bununla da Ermənistan hakimiyyəti ilə separatçı rejim arasında vəziyyət nəzarətdən çıxacaq. Bunun nə ilə nəticələnəcəyini zaman göstərəcək. Bütün bunlardan isə belə nəticəyə gəlmək olar ki, beynəlxalq layihələrdən təcrid olunmuş, işğalçı Ermənistanda hələ uzun müddət hansısa irəliləyişdən danışmaq mümkün olmayacaq”.
Qvami Məhəbbətoğlu, “İki sahil”