Ermənistanda inqilabi vəziyyət yaranıb

0
594

Fazil Mustafa: “Ermənistan rəhbərliyi işğalçı siyasətə daha çox diqqət ayırır, nəinki daxili siyasətə”. Fəzail İbrahimli: “Erməni xalqının aksiyalarla nəsə əldə etmələri mümkün deyil”.

İyunun 22-si axşam İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıb, elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz ediblər. Aksiyaya Ermənistanın bölgələrindən gələnlər də qoşulublar. Ermənistanın Gümrü şəhərində Teatr meydanında İrəvandakı etirazçılara dəstək aksiyası keçirilib. Gümrüdəki aksiyaçılar bildiriblər ki, İrəvanda etirazçılara qarşı güc tətbiq edildiyi təqdirdə Gümrü sakinləri buna biganə qalmayacaqlar.

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb. Polisin aksiyaçılara qarşı keçirdiyi əməliyyat zamanı 237 nəfər saxlanılıb. Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb.

Aksiya dağıdılarkən jurnalistlər də polis zorakılığına məruz qalıblar. Nəticədə 1in.am-ın operatorları Karen Çilinqaryan, Ovsep Ovsepyan və Qor Ovannisyan müxtəlif bədən xəsarətləri alıblar. Q. Ovannisyanın videokamerası və canlı yayım avadanlığı sındırılıb.

Deputatlar da etirazçılara dəstək nümayiş etdiriblər

Erməni Millli Konqresinin fraksiyası Ermənistan parlamentinin iclasını tərk edib. Bununla müxalifətçi deputatlar İrəvanda polisin dağıtdığı etiraz aksiyasının iştirakçıları ilə həmrəy olduqlarını nümayiş etdiriblər. Parlamentin iclas zalını ardıcıllıqla fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Dəmirçyan, Qaqik Cangiryan və Lyudmila Sarkisyan tərk ediblər.

“Ermənistan rəhbərliyi işğalıçı siyasətə daha çox diqqət ayırır, nəinki, daxili siyasətə”

Ermənistandakı son vəziyyəti “Zaman-Azərbaycan” üçün şərh edən millət vəkili Fazil Mustafa bunları dedi: “Bildiyiniz kimi Ermənistan zəngin ölkə deyil. Xüsusilə də son illər Ermənistanda yoxsulluq səviyyəsi xeyli artıb. Ona görə də, ermənistan cəmiyyətində bu kimi problemlərin olması gözlənilən idi”. “İndiki vəziyyətdə Ermənistanın üzləşdiyi sıxıntıları həll etməsi çox çətindir”,- deyən müsahibimiz fikirlərini belə davam etdirdi: “Ermənistanın vətəndaşlarının vəziyyətini konpensasiya etmək imkanları demək olar ki, yoxdur. Hesab edirəm ki, ermənistanda aksiyalar davamlı olacaq. Ermənistan rəhbərliyinin aqressiv, işğalıçı siyasətə daha çox diqqət ayırması fonunda, daxili siyasətin kənarda qalması bunu deməyə əsas verir”. F. Mustafa onu da qeyd etdi ki, Ermənistandakı mitinqlər cəmiyyətdə ciddi izlərini qoyacaqdır.

“Erməni xalqının aksiyalarla nəsə əldə etmələri mümkün deyil”

Millət vəkili Fəzail İbrahimli isə bildirdi ki, İrəvanda müşahidə olunan son hadisələr Ermənistan hökumətinin apardığı siyasi-iqtisadi fəaliyyətinin yarıtmaz olmasını bir daha sübut etdi: “Ermənistanda müşahidə olunan hadisələr ölkə rəhbərliyinin yürütdüyü yanlış siyasətin qanuna uyğun nəticəsidir. Son hadisələr də onu göstərir ki, Ermənistan hakimiyyətinin həm xarici, həm də daxili siyasəti iflasa uğrayıb”. “Ermənistan əhalinin rifah səviyyəsinin yaxşı olmaması ölkə rəhbərliyinin xarici siyasəti ilə bilavasitə bağlıdır”, – deyən F. İbrahimli bunları əlavə etdi: “Ermənistanın işğalçılıq siyasəti, Rusiya kimi böyük dövlətin ağuşuna atılması, onun Qafqazda həyata keçirilən bütün əhəmiyyətli layihələrdən kənarda qalması iqtisadi blokada vəziyyətinə düşməsi ilə nəticələnib”. Müsahibimizin sözlərinə görə, xaricdən alınan ianələr hesabına dövlət saxlamaq mümkün deyil: “Ermənistan xalqının səbr kasası dolub. Onsuzda Ermənistan rəhbərliyi xalqın iradəsi ilə hakimiyyətə gəlməyib. Orada hakimiyyətdə olan qüvvələr Qarabağ kartı üzərində siyasi hakimiyyətdə oturan, xarici dövlətlər tərəfindən idarə olunan, müstəqil siyasi xətti olmayanlardır. Bütün bu səbəbdən də, Ermənistan rəhbərliyini xalqın vəziyyəti yox, taxt-tacını qorumaları daha çox maraqlandırır. Ona görə də dünyada hökm sürən iqtisadi böhran öz nəticələrini Ermənistanda daha qabarıq şəkildə göstərir”. Fəzail İbrahimli onu da vurğuladı ki, erməni xalqının aksiyalarla nəsə əldə etmələri mümkün deyil: “Normal hakimiyyətlər xalqla bağlarının qırılmasından, insanlarının burnunun qanamasından qoruxurlar. Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Çünki Serj Sarkisyan rejimi xalqın iradəsi ilə hakimiyyətə gəlməyib. O ölkədə hakimiyyət xaricdən idarə olunur. Xalqın istəyini ifadə edən millət vəkillərinin parlamentdə güllələndiyi bir ölkədə insanların etirazlarla nəsə əldə edəcəyi gözlənilmir. Ermənistan hakimiyyəti tamamilə Rusiyadan idarə olunur. Amma bu bir reallıqdır ki, Ermənistanda inqilabi vəziyyət yaranıb. Çünki erməni xalqı köhnə qaydalarla idarə olunmaq, yaşamaq istəmirlər. Hakimiyyətin isə müstəqil qərar qəbul etmək iradəsi yoxdur”.

“Bu etirazlar son illərdə Ermənistanda müşahidə edilən ən böyük iğtişaşlardır”

Dünyanın əksər media orqanları Ermənistanda baş verən hadisələrlə bağlı materiallar hazırlayıb. “Associated Press” agentliyi çərşənbə axşamı Ermənistan polisinin elektrik enerjisi qiymətlərinin artmasına etiraz edən və mərkəzi prospekti bağlayan nümayişçiləri güc yolu ilə dağıtmasından və 200 nəfərdən çox adamı həbs etməsindən yazıb: “Bu etirazlar son illər Ermənistanda müşahidə edilən ən böyük iğtişaşlardır. Bu isə yoxsul, keçmiş sovet respublikası olan və Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanla bağlı narahatlıqları artırır. Təxminən 5 min nümayişçi ötən gün prezidentin qərargahına doğru hərəkət edib, lakin çevik polis qüvvələri onların qarşını alıb”. Agentlik Ermənistan Polis İdarəsinin mətbuat katibi Aşot Aqoronyana istinad edərək 237 nümayişçinin həbs edildiyini açıqlayıb. O bildirib ki, 7 nümayişçi və 11 polis yaralanıb. “Dənizə çıxışı olmayan Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyə ilə Azərbaycanla sərhədlərin uzun müddət bağlı qalması səbəbindən daha da zəifləyib”.

“Reuters” agentliyi isə yazır ki, İrəvandakı etiraz aksiyaları gənc fəallar tərəfindən təşkil olunub və bunun heç bir siyasi partiya ilə bağlılığı yoxdur: “Onlar hökumətin avqustun 1-dən elektrik enerjisinin qiymətlərini 17-22 faiz artırılması qərarına etiraz ediblər”.

“Frans-Press” isə 3,2 milyon əhalisi olan Ermənistanın Rusiya iqtisadiyyatının zəifləməsindən zərər çəkdiyini önə çəkib. Həmçinin Ermənistanın Rusiya tərəfindən yaradılan Avrasiya Gömrük İttifaqına qoşulması ilə İrəvanın Moskvadan asıllığının artdığı qeyd edilib.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here