Ermənistanda gərginlik artır

530
Ermənistan parlamentinin spikeri Ovik Abramyan müxalifət deputatlarını kütləvi qırğınla hədələyib.
Müxalifəti konstruktiv dialoqa gəlməməkdə günahlandıran spiker “belə getsə, 2008-ci ildəki 1 mart hadisələrinin təkrarlanacağını” bildirib. Həmin gün Serj Sarkisyanın nəticələri saxtalaşdırma yolu ilə prezident seçilməsinə etiraz edən 30 mindən çox adama qarşı güc tətbiq edilmişdi və mitinq dağıdılmışdı. Hadisələr zamanı 8 nəfər müxalifətçi həlak olmuşdu. Həmin hadisədən sonra Ermənistandan əhalinin köçü başlandı.

Ovik Abramayan həmin hadisələri xatırlayaraq bildirib: “Siz nə istəyirsiniz? Biz anlamırıq ki, bu sizin nəyinizə lazımdır. Siz niyə mühacirətdən, sosial məsələlərdən, yoxsulluqdan danışırsınız?”.

Xatırladaq ki, İrəvanda yüzlərlə sahibkar hökumət binası qarşısında etiraz aksiyası keçirir.

Sahibkarların tətil etməyi planlaşdırdıqlarını deyən “Ermənistan kiçik sahibkarlar ittifaqı”nın sədri Stepan Aslanyan bildirib ki, onlar hökumətin mübahisəli qanunu dəyişdirəcəyini gözləyirlər.

Etirazçılar Ovik Abramyanın “Nə tələb edirsiniz?! Siz 1 mart faciəsinin təkrar olunmasını istəyirsiniz?” sözlərinə sərt reaksiya veriblər: “Əgər bu gün bu qanuna dəyişiklik olunmasa, biz “1 mart”ı yenidən təkrarlayacağıq”.