“Ermənistana sanksiya tətbiq edilməlidir”

464
”Geridə qoymaqda olduğumuz ildə beynəlxalq münasibətlər sistemi ziddiyyətlər və hərbi-siyasi bloklara bölünmə kimi meyllərinin dərinləşməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzündən irəli gələn təhlükələrlə bərabər, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, terrorun və transmilli təhdidlərin vüsət alması ilə xarakterizə olunmuşdur”. 
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2014-cü ilin yekunları ilə əlaqədar kütləvi informasiya vasitələrinə müsahibə verərkən deyib.

E.Məmmədyarovun sözlərinə görə, ikitərəfli diplomatiyada qonşu dövlətlərlə əlaqələr əsas diqqət mərkəzində olmuşdur: “Bu gün Azərbaycan ilə qonşu dövlətlər arasında mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, bərabər hüquqlu, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında strateji əməkdaşlıq münasibətlər formalaşmışdır. Uğurlu ikitərəfli əməkdaşlıq modeli əsasında regional əməkdaşlıq və sabitliyin daha da inkişafına töhfə verən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatları inkişaf etdirilir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran nazir Ermənistanın hər bir vəchlə münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağıran sənədlərin qəbuluna mane olmağa çalışsa da, uğursuzluğa düçar olduğunu deyib. E. Məmmədyarov Xocalı soyqırımı və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də bir sıra işlərin görüldüyünü qeyd edib: “Belə ki, bu günə qədər Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Hersoqovina və Sudan parlamentlərində, Amerika Birləşmiş Ştatlarının 15 Ştatında Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir”.

Böyük Sülh Sazişi barədə sualı isə Azərbaycan XİN rəhbəri belə cavablandırıb: “Azərbaycan sülh sazişi üzərində işləməyə hazır olduğunu qəti şəkildə bəyan etmişdir. Amma münaqişənin həlli istiqamətində müsbət meyllərin olduğunu görən Ermənistan danışıqlara xələl gətirmək və məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribata üz tutmuşdur. İyul ayında təmas xəttində baş verən hadisə, Prezidentlərin Paris görüşündən sonra böyük sayda canlı qüvvə və hərbi texnika ilə Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimin keçirilməsi Ermənistan tərəfindən təxribata hesablanmış addımlar idi. Azərbaycan cəmiyyətinin həssas hisslərinə toxunmaq üçün eləcə də öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev zorakı yolla girov götürülmüş, onların üzərində qurama məhkəmə təşkil edilmiş və digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə öldürülmüşdür. Atəşkəs rejiminin Ermənistan tərəfindən intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhəddi boyunca mülki əhalinin hədəfə alınması, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi kimi təxribatçı addımlar da davam etdirilmişdir”.

Azərbaycana qarşı törədilmiş işğal və təcavüz və qanlı etnik təmizləmə əməllərinə görə beynəlxalq hüquq və BMT nizamnaməsi əsasında Ermənistan təcavüzkar dövlət kimi bütün meyarlar üzrə sanksiyaların tətbiq edilməli olduğu ölkədir. Təəssüf ki, Ermənistana münasibətdə indiyə qədər bu kimi tədbirlər görülməmişdir. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, onun Azərbaycana qarşı işğal və təcavüzü bu həddə çatmazdı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşməzdi. Danışıqlar prosesində Ermənistanın bəhanə və təxribatlarına son qoyması və konstruktiv mövqe tutması və nəhayət, sülh sazişi üzərində işə başlaması üçün ATƏT-in Minsk Qrupu tərəfindən lazımı praktiki tədbirlər görülməli və o cümlədən, Ermənistana sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir”.

E. Məmmədyarov münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənista silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına diqqət çəkib: “Münaqişənin həll edilməməsi regional sülh və təhlükəsizlik üçün ən böyük təhdiddir və buna görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.