“Ermənistan üç yerdən idarə olunur”

“Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 10-15 ildə bu rejimdən canını götürüb qaçanların sayı milyon yarımı adlayıb. Onu da deyim ki, Ermənistan yeganə ölkədir ki, üç yerdən idarə olunur – Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və təbii ki, Rusiya tərəfdən. Ona görə dünya Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirsə, birinci növbədə bunu Rusiya ilə həll etməlidir”. Bunu Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Valterlə görüşərkən deyib.

 Ə. Həsənov uzun illər sovet rejimində, istismar altında yaşadığımızı xatırladıb və indi qarşılaşdığımız işğal faktının da  elə sovet rejiminin, Qorbaçov yenidənqurmasının “bəhrəsi” olduğunu nəzərə çatdırıb: “Məqsəd müstəqillik yolunu seçən ölkələri daimi asılılıqda saxlamaq idi. Onlar buna müəyyən qədər nail də ola bildilər. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Moldovada Dnestryanı, Azərbaycanda Dağlıq Qarabağ problemi var. Hazırda Ukraynada baş verən hadisələr də o silsilədəndir. Ona görə Dağlıq Qarabağ konfliktindən danışarkən ona yalnız Ermənistanla  Azərbaycan arasında baş verən münaqişə kimi baxmaq düzgün olmazdı. Burada digər dövlətlərin maraqları  daha güclüdür. Bizə deyirlər ki, öz aranızda razılığa gəlin. Deyirik, onda siz kənara çəkilin. Deyirlər yox, onda qan tökülər. Bir də başa düşmək olmur ki, Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn antidemokratik bir rejimlə hansı danışıqlara getmək olar? Onlar  “fəxr”lə dünya ermənilərinə bildirirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ancaq bütün bu “nailiyyətlər”ə baxmayaraq, ölkə sürətlə boşalır”.

R. Valter isə hazırlayacağı məruzədə dövlət rəsmiləri ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də fikirlərinin yer alacağını qeyd edib. Qəsəbələrin biri ilə tanış olduğunu, yaradılan şəraitdən məmnunluğunu vurğulayan R. Valter qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqlarını, işğal altındakı torpaqların azad edilməsindən sonra qayıdışın kütləvi proses olacağını vurğulayan Rober Valter həmin ərazilərdə dağıdılmış infrastrukturun bərpası ilə bağlı Azərbaycan hökumətinin üzərinə böyük iş düşəcəyini söyləyib. Ə. Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib. Baş Nazirin müavini məruzənin obyektivliyi əks etdirəcəyinə bir daha inandığını vurğulayaraq qeyd edib ki, biz obyektiv və ədalətli qərarın tərəfdarıyıq: “Yəni “bizim xeyrimizə danışın” demirik. Danışılan obyektiv söz onsuz da bizim xeyrimizə olacaq”.