Ermənistan qaynayır

Bu qaynar qazanda isə müxalif qüvvələrin, yoxsa Nikol Paşinyanın “bişəcəyi” hələ də sual altındadır

Fevralın 20-də İrəvanın Azadlıq meydanında 17 partiyanın təşkilatçılığ ilə baş nazir Nikol Paşinyanın istefası tələbilə başlanan aksiyalar səngimək bilmir. Hazırda Ermənistan  qaynayır desək, yanılmarıq. Öz ənənəsinə sadiq qalan Nikol Paşinyan hakimiyyəti isə həmin aksiyaları  polis dəyənəyi və rezin güllələri hesabına dağıtmaqla hələ ki, onları ram etməkdədir. Artıq  100 nəfərdən çox aksiyaçı həbs olunub. 17 partiyanın daxil olduğu “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan fevralın 23-də keçirilən aksiyada polisin ona qarşı güc tətbiq etməsi nəticəsində beyin travması alıb. Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi, eks-müdafiə naziri Vazgen Manukyana isə hakimiyyəti zorla ələ keçirmək çağırışı ilə bağlı cinayət işi açılıb. Onun yaxın günlərdə məsuliyyətə cəlb olunacağı  gözlənilir.

Bu arada Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyanın üzvü Andranik Koçaryan ölkə müxalifətini təhdid edib. O,  çevrilişə cəhd olacağı təqdirdə hüquq-mühafizə orqanlarının təxribatçılara atəş açmaq hüququnun olduğunu bildirib. Buna rəğmən, müxalif qüvvələr mübarizəni davam etdirməkdə, yəni hakimiyyəti istefaya göndərməkdə, müvəqqəti hökumət qurmaqda və sonra ekrən seçki keçirməkdə və niyyətlərini gerçəkləşdirmək məqsədi ilə əhalini itaətsizliyə çağırmaqda israrlıdırlar. İrəvanda etiraz aksiyalarının davamlı xarakter alması  bunu sübut edir. Fevralın 24-də nümayişçilər İrəvan Dövlət Universitetinin binasına daxil olaraq “Müəllimlər, qoşulun”, “Tələbələr, qoşulun”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndirməklə müəllimləri, tələbələri itaətsizlik aksiyasına qoşulmağa çağırıblar.

Erməni mətbuatının verdiyi məlumata görə, həmin aksiyalarda bir çox məsələlərə də aydınlıq gətirilir. Məsələn, “Vətənin qurtuluşu hərəkatı”nın baş nazirlik postuna namizədi Vazgen Manukyan deyib ki,  Nikol Paşinyan dərhal getməlidir, ancaq sabiqlər hakimiyyətə qayıtmamalıdırlar. O, sabiqlərin adlarını açıqlamayıb. Ekspertlərin fikrincə, sabiqlər dedikdə Robert Koçaryan və Serj Sarkisyan nəzərdə tutulur. Digər tərəfdən o da aydın olub ki, aksiyaları təşkil edən müxalif partiyalar Nikol Paşinyanın dialoq çağırışına da məhəl qoymurlar.

Yeri gəlmişkən qeyd edək ki, “GALLUP International Association”ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyanın keçirdiyi  rəy sorğusunun nəticələrinə əsasən rəyi soruşulanların 38,8 faizi Nikol Paşinyanın baş nazir vəzifəsində qalmasını istəyir. Elə aksiyaya müxalifətin nəzərdə tutduğu qədər iştirakçının yığışmaması, “passivliyi” də  bundan qaynaqlanr. Çünki əhalinin bir hissəsi yaxşı bilir ki, müxalifətin hökuməti devirməkdən başqa  heç bir real proqramı yoxdur. Bu da erməni vətəndaşlarının müxalifətin müraciətlərinə, addımlarına maraqlarının olmaması kimi dəyərləndirilə bilər. Bu, həm də Nikol Paşinyanın kütlə arasında nüfuzunun tam tükənmədiyindən, hələ onu dəstəkləyənlərin olmasından xəbər verir. Bu da ölkədə vətəndaş müharibəsi ehtimalını artırır. Bir sözlə,  Ermənistanda vəziyyətin getdikcə daha da ciddiləşməsi göz qabağındadır. Hadisələrin inkişaf axarı bu ölkədə vəziyyətin qarşıdurma həddinə çatdığını göstərməklə yanaşı, ölkədə yaranan xaosun daha da dərinləşməsini göstərir. Bu qaynar qazanda isə müxalif qüvvələrin, yoxsa Nikol Paşinyanın “bişəcəyi” hələ də sual altındadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”