Ermənistan işğala son qoyarsa…

0
265

Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində deyib.

“Mən əminəm ki, bu, bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq”, – İ. Əliyev qeyd edib.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qərarlarının icra edilmədiyini söyləyib:

“Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik”.