Ermənistan boşalır

75

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan iqtisadiyyatı özünün ağır günlərini yaşayır. Təkcə bir faktı qeyd edək ki, ötən ilin sonunda Ermənistanın dövlət borcu 2019-cu illə müqayisədə 647,2 milyon ABŞ dolları artaraq 7,968 milyard dollara çatıb.  Ermənistanın maliyyə naziri Atom Cancuqazyan deyib ki, dövlət borcu 2021-ci ildə də artacaqdır. Azərbaycan Ordusunun gücü sayəsində beli qırılmış Ermənistanın isə bu kimi iqtisadi problemləri həll  etməklə bağlı heç bir proqramı yoxdur. Bəzi erməni saytları bu sahədə dirçəlişin yaxın illərdə baş verməyəcəyini əminliklə vurğulayırlar.

Digər tərəfdən, ölkədə siyasi çəkişmələr ara vermir. Sadə vətəndaşlardan dəstək ala bilməyən keçmiş hərbi xunta da hakimiyyətə gəlmək üçün planlar cızır. Hətta müharibə canisi, vaxtilə çevrilişlə hakimiyyətə gələn Robert Koçaryan erkən seçkilərin keçiriləcəyi təqdirdə iştirak edəcəyini də bildirib. O, həmçinin vurğulayıb ki, hələlik müxalifət siyasi mübarizə yolunu seçib, amma bir müddət sonra proseslərin gedişatı dəyişə bilər. Artıq Ermənistanda gedişatın dəyişkənliyi də özünü göstərməkdədir. Belə ki,  İrəvanda Nikol Paşinyan hökumətinə qarşı radikal çağırışlar səslənməkdədir. Amma sabiq deputat, Birləşmiş Ermənistan partiyasının sədri Vahan Badasyanın “Baş nazir Nikol Paşinyan hakimiyyətdən getməsə, onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi təşkil etməyə başlayacam” sözləri ona baha başa gəlib. O, buna görə  saxlanılıb və Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub. 2016-cı ildə Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmış “Sasna Tsrer” qruplaşması da baş naziri terrorla təhdid edir. Halbuki üç il bundan əvvəl bu qruplaşma birmənalı olaraq Nikol Paşinyanı dəstəkləyirdi.

Dünən də İrəvandakı Parlament binasının qarşısında Nikol Paşinyanın istefa tələbi ilə aksiya keçirilib. 6 müxalifət partiyasının təşkil etdiyi aksiyada polis əməkdaşları tərəfindən 8 nəfər saxlanılıb. Göründüyü kimi, Nikol Paşinyan özünə qarşı yönələn bütün çıxışları birmənalı şəkildə güc strukturları ilə susdurmaqda davam edir. Yeri gəlmişkən, Nikol Paşinyanın əleyhinə mütəmadi aksiyaların keçirilməsi, müxalifət nümayəndələrinin sərt tənqid və ittihamlarının fonunda ölmüş və itkin düşmüş əsgər analarının etiraz aksiyaları yaranmış vəziyyəti daha da gərginləşdirir. Amma hələ ki, bir nəticə hasil olunmayıb. Bütün bunlara baxmayaraq, bəzi erməni mənbələri yaz aylarında etiraz aksiyalarının əvvəlkilərdən daha güclü olacağını əminliklə bildirirlər. Elə müxalifətin fevralın 20-nə təyin etdiyi  genişmiqyaslı küçə aksiyasını  da həmin tədbirlərin anonsu kimi dəyərləndirmək olar.

Ölkə həyatının bütün sahələrində yaşanan bu kimi problemlər sayəsində Ermənistanda yoxsulluq pik həddə çatıb. Artıq işsizlik və dolanışıq sarıdan əziyyət çəkən, daha doğrusu, üzləşdikləri məhrumiyyətlərdən bezən vətəndaşlar Ermənistanı tərk etməklə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Elə bu səbəbdən Rusiya ilə Ermənistan arasında koronavirus pandemiyası ilə əlaqədar uçuşlara qoyulan qadağaların fevralın 1-də aradan qaldırılması işğalçı ölkədə böyük sevinclə qarşılanıb. Maddi sıxıntılardan cana doyanlar artıq ölkəni tərk etmək üçün növbəyə dayanıblar. “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan bildirib ki, gözlənilən emiqrasiya ermənilərin tarix ərzində ən böyük köçü  olacaq. O da bu axının  səbəbinin hazırda ölkədə baş alıb gedən sosial problemlərdən irəli gəldiyini vurğulayıb. Fevralın 2-də Ermənistanda iqtisadi məsələlərə həsr olunan videokonfransda deputat Arkadi Xaçaturyan bu kimi faktları bilavasitə etiraf edib və bildirib ki, hökumətin ən vacib vəzifəsi mühacirət problemini həll etməkdən ibarət olmalıdır. Lakin Nikol Paşinyan hakimiyyətinin bununla bağlı da heç bir tədbirlər planı yoxdur. Nə qədər qəribə olsa da, ölkədən baş götürüb gedənlərin əksəriyyəti üç il bundan öncə küçələrdə Nikol Paşinyanı dəstəkləyənlərdir. Yeri gəlmişkən rəsmi statistikaya əsasən qeyd edək ki, ötən il 30 mindən çox Ermənistan vətəndaşı Rusiya pasportu alıb. 2019-cu ildə  bu göstərici 24 min, 2018-ci ildə isə 27 mindən çox olub. Bu faktlara istinadən erməni mətbuatının verdiyi məlumata görə, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 milyon nəfər azalacaq. Ermənistanda iqtisadi və sosial baxımdan böhranın daha da dərinləşməsi göstərir ki, bu proqnoz yaxın illərdə həqiqətə çevriləcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”