Ermənistan: Böhran içində boğulan işğalçı ölkə

Ermənistanın Azərbaycana qarşı apardığı müharibə işğalçı ölkədə vəziyyəti kritik həddə çatdırıb. Belə ki, Ermənistanın döyüş meydanında məğlub duruma düşməsi onun gündəlik həyatında da özünü açıq büruzə verir. Bəzi məlumatlara görə, bu gün  Ermənistan ordusundakı itkilərin sayı   5 mini keçib. Yaralıların sayı isə on min nəfərdən də çoxdur. Yaralıların yerləşdirilməsi üçün Ermənistandakı hospitallarda yer qalmayıb. Hər gün ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Əsgər anaları hakimiyyəti, Nikol Paşinyanı əsgər itkisinə etinasızlıqda ittiham edir, ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bildirirlər. Bu kimi məsələlərə bağlı sosial şəbəkələrdə ermənilər tərəfindən yayılan şərhlərin birində deyilir: “Məsələni sülh yolu ilə həll edin! Bəsdir bizləri öldürdünüz!” Çünki onlar artıq indi yaxşı dərk edirlər ki, vəziyyət yaxşı olsa idi, öz mənafeyini hər şeydən üstün tutan, Sorosun əlaltısı olan Nikol Paşinyan darmadağın olmuş ordusunu “nizama” salmaq məqsədilə qocaları, qadınları, həmçinin uşaqları döyüş bölgəsinə göndərməzdi. Bu məsələdə son ümid kimi kilsə dövriyyəyə girməzdi. Nikol Paşinyanın göstərişləri ilə cəbhə xəttində, eləcə də döyüş bölgəsindən xeyli uzaqlarda yerləşən Azərbaycanın  yaşayış məntəqələri atəşə tutulmazdı. Bu gün onlar anlayırlar ki, müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Nikol Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bu səbəbdən onlar etiraz aksiyaları keçirməkdə davam edirlər.

Digər tərəfdən, Ermənistadan yoxsulluq həddi hazırda 50 faizi ötüb. İşğalçı ölkədə  ərzaq məhsullarının və digər sahələrdə qiymətlərin durmadan artması da əhalinin yaşayış səviyyəsinin pisləşməsinə səbəb olub. Elə bu da Ermənistanda sosial partlayışa təkan verən amillərdən biri sayıla bilər. Bu yerdə bir faktı da qeyd etmək yerinə düşərdi. Bu gün işğalçı Ermənistanda həm müharibə, həm də  pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib. Mütəxəssislərin verdikləri məlumata görə, Nikol Paşinyanın avantürist siyasəti nəticəsində işğalçı ölkənin xarici borcu artıq 8 milyard dolları ötüb. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Burada bir məqamı xüsusi qabartmaq lazımdır ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, Prezident İlham Əliyevin təcavüzkara qarşı gördüyü tədbirlərdir.

Bəli, hazırda Ermənistan özünün ən biabırçı günlərini yaşayır. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, cəbhədəki uğursuzluğa və ölkə daxilindəki iqtisadi və siyasi böhrana görə Ermənistan sonu görünməyən böhrana daxil olub.  Elə bu kimi səbəblərdən Ermənistandakı partiyaların liderləri və sabiq dövlət rəhbərləri ilə yanaşı, erməni mənşəli iş adamları da savadsız, siyasi dünyagörüşü zəif olan Nikol Paşinyanı istefaya səsləməkdədirlər. Hətta onlar bildirirlər ki, 2018-ci ildə erməni xalqına daha yaxşı yaşayacaqlarını vəd edən, amma onların heç birini əməli işində doğrurltmayan Nikol Paşinyan istefa verməklə Ermənistana, eləcə də erməni xalqına ən böyük fayda vermiş olacaq. Onlar Nikol Paşinyandan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsini tələb edirlər.

Görünən budur ki, yaşadığı acı hərbi və siyasi məğlubiyyətdən isterikaya düşən, faşist ideologiyasına xidmət edən Nikol Paşinyan ölkədə struktur dəyişiklikləri ilə ictimaiyyətin diqqətini yayındırmağa çalışmaqla yanaşı, yeni yalanlar da uydurmaqda davam edir. Amma bu zavallı nə etdiyini, nə danışdığını heç özü də bilmir. Amma erməni siyasətçiləri vurğulayırlar ki, müharibədəki məğlubiyyət, eləcə də ölkə daxilindəki son açınacaqlı böhran Nikol Paşinyanın  ömrünü daha da qısaldacaq və o, hakimiyyətə gəldiyi kimi də gedəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”