Ermənistan başına keçirilmiş noxtadan xilas ola bilmir

46

Sən demə, bunlar neçə illərdir ki, inadla “Dəmir yumruğu” gözləyirmişlər

Ali Baş Komandan, Prezident  İlham Əliyev Basqal qəsəbəsində  Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib: “Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq”.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır.

“Qisas” antiterror əməliyyatı nəticəsində “ikinci yuxu”dan ayılan ermənilər gördülər ki, dirəniş göstərmək və ya diversiyalar törətmək onları daha böyük fəlakətlərə aparacaq. Ermənilər Azərbaycan Prezidentinin qətiyyətinə və əzminə bələddirlər. Özləri dəfələrlə etiraf ediblər ki, İlham Əliyev dedisə, onu icra edəcək.

“Qisas” əməliyyatı nəticəsində  Laçın və ətraf bölgələrin öz əzəli sahibinə-Azərbaycana qaytarılması Ermənistanda şok vəziyyət yaradıb. 1988-ci ildə ərazi iştahası ilə hücuma keçmiş işğalçılar indi cırtdan dövlətə çevrilmək qorxusu çəkirlər. Başqalarının torpaqlarında “böyük Ermənistan”  qurmaq və “”miatsum” xəyalları qorxulu yuxuya çevrilib. 2020-ci il sentyabrın 27-dən üzü bəri hər gün zərbə alan Ermənistan əvvəlki “yekəxana”lığını yerə qoyub, başından böyük qələtlərini və aqressiv davranışlarını tamamilə unudub. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və onun xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Jirayr Liparidyan bu gün bildirirlər ki, guya onlar əvvəldən Azərbaycanla kompromisə hazır imişlər. Soruşmaq lazımdır ki, əgər belə fikirdə idinizsə, bəs nəyi gözləyirdiniz, niyə kompromislərə getmirdiniz, Ermənistan ki, sizin hökmünüzdə idi? Bu da erməni riyakarlığının yeni forması, ayrı heç nə.

Ancaq 2020-ci ilin payızından sonra Petrosyan və Liparidyan kimi “quzu” cildinə girənlərin sayı getdikcə artır. Təbii ki, Azərbaycanda onlara heç kəs inanmaz. “Ohanyan səddi”ni yaradan, Livandan, Suriyadan, Fransadan, ABŞ-dan  muzdlu başkəsənlər gətirən, dünyada  Azərbaycanın “vəhşi” obrazını yaratmağa çalışan, ölkəmizi  daim  təhdid edən onlar deyildimi? Ulu öndərimiz Heydər Əliyev Ermənistan rəhbərləri ilə bütün görüşlərində onlara məsələnin qarşılıqlı kompromisə gəlmək yolu ilə həll olunmasını təklif etsə də, üzdə bir söz deyib arxada öz çirkin məqsədlərini yeridən erməni rəhbərliyi təcavüzkar mövqeyindən çəkilmirdi. O vaxtlar ermənilər qətiyyən ipə-sapa yatmırdılar, özlərini qalib kimi aparırdılar. Sən demə, bunlar “Dəmir yumruğu” gözləyirmişlər.

Hazırda Ermənistan cəmiyyətində və mətbuatında Azərbaycan Prezidentinin vurğuladığı mühüm məsələlər ciddi şəkildə müzakirə edilməkdədir. Çünki, Prezident İlham Əliyevin son açıqlamaları erməni toplumunun “artsax” və “miatsum” sərsəmləmələrinin üzərindən birdəfəlik xətt çəkdi. Erməni toplumu onların ənənəvi  xam xəyalları ilə hazırkı reallıqlar arasında dərin uçurumların olduğunu nəhayət ki, qanmağa başlayıb. Onların bir çoxu Ermənistanı nə qədər təhlükəli bir vəziyyətə saldıqlarını hələ indi başa düşüblər. Ancaq çifayda, işğalçı Ermənistanı düşdüyü bu vəziyyətdən qardaşlıq etdiyi şeytan da çıxara bilməz.

Prezident İlham Əliyev müsahibəsində çox açıq şəkildə bildirib ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsinə münasibətdə “status” mövzusu daha unutmaq lazımdır. İndi Ermənistan cəmiyyətində də tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində hər hansı bir “status”dan, söhbət belə, getmir. Yəni, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi müzakirə edilir: “Mən demişəm ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm”. Qaş düzəltdikləri yerdə vurub öz gözlərini çıxaran erməniləri lərzəyə salan da bu fikirdir.

Ermənistan cəmiyyətini sarsıdan bu məqam dediyimiz kimi, Azərbaycan Prezidentinin Xankəndi və ətraf bölgə ilə bağlı mövzunun Ermənistana heç bir aidiyyatının olmaması barədə səsləndirdiyi fikirləridir. Çünki, Azərbaycan lideri rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, bu mövzunun danışıqlar masasına gətirilməsinə imkan vermədiyini vurğulayıb: “Bu məsələnin Ermənistana nə dəxli var?  Bu, bizim daxili işimizdir”.

Bu iki sual ermənilərin qulaqlarında bomba kimi partlayıb.

Təbii ki, Azərbaycan liderinin belə açıq və qətiyyətli danışması həm rəsmi İrəvanı, həm də bütövlükdə Ermənistan cəmiyyətini dərindən məyus edir. Çünki, ermənilər “böyük Ermənistan” və “artsax xəyalları”nın artıq birdəfəlik dəfn edildiyinə əmin olurlar. Çıxış yolunun qalmadığını anlayırlar. Bundan sonra Azərbaycan liderinin siyasi iradəsinə tabe olmaq məcburiyyətinin qaçılmaz olduğunu anlamağa başlayıblar. Hətta bir çoxları Ermənistanın da tədricən rəsmi Bakı tərəfindən idarə olunma mərhələsinə keçməsindən ciddi şəkildə narahatdırlar. Bəzi politoloqlar və siyasətçilər bu fikri dillərinə gətiriblər.

Məsələ ondadır ki, Ermənistan cəmiyyətində artıq Azərbaycan Prezidentinin dediklərinə riayət olunmasının qaçılmazlığı ilə barışmaq üzrədirlər.Qətiləşdiriblər ki, əgər, Prezident İlham Əliyev hər hansı məsələ barədə qərar veribsə, deməli, mütləq reallaşdırılacaq. Nə Ermənistanın, nə də ermənilərin ənənəvi beynəlxalq himayədarlarının mövqeyinin  heç  bir təsir qüvvəsi yoxdur. Göründüyü kimi, müharibədəki məğlubiyyətdən sonra onlar Ermənistanın taleyinin necə həll olunması ilə əvvəlki kimi maraqlanmırlar da. Kəmağıl Ermənistan rəhbərləri isə vaxtilə Azərbaycana etdiklərinin bədəlini ödəməyə məcbur ediliblər. İndi onlar boyunduruqdan boyun qaçırmağa çalışdıqca başlarına keçirilmiş noxta daha da bərk sıxır…

“İki sahil”