Ermənistan əsir vətəndaşlarına sahib çıxmır

576
Ermənistan növbəti dəfə öz əsir və girovlarının onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini nümayiş etdirərək, onların dəyişdirilməsini istəmədi.
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Soçidə keçirilən son görüş zamanı əsir və girovların dəyişdirilməsi ilə bağlı tərəflər arasında şifahi razılıq əldə edilməsinə baxmayaraq, Yerevan yenə də bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirməkdədir. Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məsələ ilə bağlı verdiyi son açıqlama da sübut edir. Əli Həsənovun sözlərinə görə, Azərbaycan qarşı tərəfə ölkəmizdəki 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif edib. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan Azərbaycan tərəfinin əsirlərlə bağlı təklifinə etiraz edib. O, qeyd edib ki, biz bu ilkin şərtləri qəbul etmirik. Bütün bunlar da Ermənistanın öz vətəndaşlarına sahib çıxmaq istəmədiyini, onların taleyinə biganə yanaşdıqlarını bir daha ortaya qoyub. Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın bu hərəkətini onların öz vətəndaşlarına oyuncaq kimi baxmaları ilə izah etdi: “Ermənistan öz vətəndaşının meyitinin ətrafında da şou düzəltmək kimi iyrənc əməllərə baş vururlar. Məhz bunun da nəticəsidir ki, Qərbdəki bəzi dövlətlər, o cümlədən ATƏT  Minsk qrupunun həmsədri olan Fransa və ABŞ bununla bağlı ermənipərəst mövqedən açıqlamalar veriblər. Bu isə Qərbin məsələyə ikili standartlardan yanaşmasından irəli gəlir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq, vətəndaşlarına sahib çıxır və çıxmaqda davam edəcək”.

Əziz Mustafa