“Ermənilərin “Qrad”ını vurub sıradan çıxartdım”

564

Yaxşı ki, yaxşılar var. Yaxşı ki, qorxmaz, igid oğullardan xali deyil Azərbaycanımız. Belə cəsur, cəsarətli, vətənpərvər oğullardan biri də Səftərov Hicran Əli oğludur – Şirvanlı Hicran.
Onun haqqında çox eşitmişdik. Xeyli vaxtdı ürəyimdən keçirdi ki, bu igid haqqında bir yazı hazırlayım. Bu günlərdə görüşdük, özü haqqında çox danışmağı sevmədiyi dedi, amma söhbətimiz alındı…
– Hicran, şirvanlıların çoxu sənin haqqında eşidib. İstərdim “Yeni Avaz” oxucularına özün haqqında məlumat verəsən.
– 1961-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşam. 1978-ci ildə şəhər 2 nömrəli tam orta məktəbi bitirmişəm. 1979-cu ilin aprelində hərbi xidmətə göndərilmişəm. Bizi birbaşa Çexoslovakiyaya apardılar. Orada 8 ay xidmət etdikdən sonra dekabrda Əfqanıstana göndərdilər. Dəstəmizdə azərbaycanlılar çoxluq təşkil edirdilər. Əfqanıstanda ən ağır döyüşlərə komandirlərimiz bizimlə gedirdilər. Bizə deyirdilər ki, siz azərbaycanlılar nə komandiri, nə də döyüş həmkarlarınızı çətin vəziyyətdə darda qoymursunuz. Orada deyirdilər ki, sizin Həzi Aslanov, Mehdi Hüseynzadə, Qafur Məmmədov kimi qəhrəman oğullarınız olub.
– Müharibəni necə xatırlayırsınız?
– Müharibə əsasən Hindiquş dağlarında gedirdi. Qayalar, qorxulu dərələr, fısıllıqlar çox vahiməli idi. Bir dəfə 235 nəfərlə basmaçların (Basmaçı hərəkatı – Rusiyaya qarşı müsəlmanlar tərəfindən Orta Asiyada başladılmış üsyan) üzərinə hücuma keçdik. Çox ağır döyüşlər getdi, döyüşdən 73 nəfər salamat çıxdı. Biz də onlardan bir çoxunu məhv edə bildik. Onları qərb ölkələri, ABŞ güclü silahlarla təchiz edirdilər. Əfqanistanı sosializm cəmiyyəti qurmaqdan çəkindirirdilər. Qorbaçov hakimiyyətə gəlməsəydi, o müharibənin sonu necə olacaqdı, bilinmir.
– Həmin döyüşlərdə çoxsaylı igidliklər göstərmisən. Heç əməyini qiymətləndiriblərmi?
– Bəli. “Əfqanıstan xalqının təşəkkürü”, “Xalqlar dostluğu” və “SSRİ silahlı qüvvələrinin yubiley” medalları ilə təltif olunmuşam. Kiçik leytenant rütbəsi almışam.
– Hərbi xidmətdən tərxis olunduqdan sonra nə işlə məşğul oldun?
– Şirvan İstilik Elektrik Stansiyasında işə girdim, ailə qurdum, Texnikum bitirdim…
– Qarabağ müharibəsinə könüllü getmisən…
– 1988-ci ilin fevralında ermənilərin ortaya atdığı yersiz münaqişə sonralar elan olunmamış müharibəyə çevrildi. Düşünürdüm ki, vətənin keşiyinə mən də gedim. Bir gün eşitdim ki, müharibəyə könüllüləri yığırlar. Lakin təkid etsəm də, zabit olduğum üçün məni götürmədilər. Nəhayət, 1992-ci ildə könüllülərə qoşula bildim. Bizi böyük bir dəstə ilə Qobu qəsəbəsinə apardılar. O zaman rus qoşunlarını Bakı ərazisindən qovub çıxartmışdılar. Çıxıb gedən rus “qardaşlarımız” həm qəsəbəni minalamış, həm də hərbi maşınların yanacaq çənlərinə qum doldurmuşdular. Qəsəbə minadan təmizləndi, çənlər sökülüb təmiz yuyuldu. Ağır texnikanı və maşınları saz halda aparıb Tovuz rayonunda bir hərbi hissəyə təhvil verdik.
– Bəs döyüşə nə vaxt girdin?
– Qubadlı rayonuna düşdüm. Briqada komandiri, polkovnik leytenant Nüsrət Namazov məni taborlardan birinə komandir təyin etdi. Bir neçə döyüşdən sonra məni Kəlbəcərə göndərib, kəşfiyyat taboruna komandir təyin etdilər. Bir gün əlimdə avtomat komandirin cangüdəni simasında zabitlərin keçirdikləri məşvərətdə iştirak etməyə getdik. Düşmən oradan təzəcə çəkilmişdi. Gördüm ki, masanın üstündə bir saat var, saata dinamika birləşdirilib. Əhəmiyyət vermədim, düşündüm ki, zabitlərin xəbərləri olmamış olmaz. Müşavirə başa çatdı, tapşırıqlarımızı alıb dağılışdıq. Yolda komandirdən soruşdum ki, masanın üstündəki saat işləyirdimi? Komandir dedi ki, işləyir. Dedim ki, orada partlayış olacaq. Sözüm ağzımda qaldı – güclü partlayış səsi gəldi. Demə, bir kapitan müşavirədən sonra masanın üstünü təmizləyirmiş. Partlayış kapitanın belini sındırmışdı.
– Hicran bəy, başqa hansı ərazilərdə vuruşmusan?
– Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən amansız döyüşlərdə ermənilərin “Qrad”ını vurub sıradan çıxartdım. Həmin vaxt mənə leytenant və 10 min manat pul mükafatı verdilər, çox keçmədi baş leytenant rütbəsinə laiq görüldüm.
– Sona qədər Füzuli rayonunda qaldınızmı?
– Yox. Sonra bizi Beyləqana – Haramı düzünə gətirdilər. “Krasnaya Zvezda” qəzetini (o vaxtlar həmin qəzetə abunə idim) özümlə aparmışdım. O qəzetin bir nömrəsində müxtəlif minaların şəkilləri göstərilmişdi, onların taktika-texniki göstəriciləri barədə geniş məlumat verilmişdi. Mən əsgərlərə həmin minaları göstərir və təhlükəsizliklərini qorumalarını tövsiyyə edirdim. Bir gün əsgərlərdən biri həyəcanla mənə xəbər verdi ki, filan yerdə mina gördüm. Deyilənin doğru olduğunu müəyyən etdim və ratsiya ilə sapyorlara məlumat verdim. Oradan 120 ədəd tank, 18 ədəd piyada əleyhinə minaları çıxarıb, böyük bir ərazini təmizlədilər.
– Ordudan nə zaman tərxis olundun?
– 1996-cı ildə. Əslində cəbhədə sabitlik 1995-ci ilin yekununda bərpa olundu. 1991-92-ci illərdə hərbi xidmətə çağırılan zabit və əsgərlər 1996-cı ildə ordudan tərxis olundular. Sonra gəldim iş yerimə. Hazırda stansiyanın Mərkəzləşdirilmiş Təmir sexində böyük usta vəzifəsində çalışıram. Hansı elektrik stansiyasında mənim peşəmə aid nasazlıq olsa, məni həmin yerə ezam edirlər. Onu da deyim ki, son illər Şirvan dəyişir, abadlaşır. Əlbəttə, rayon rəhbərinin bu işə böyük diqqəti var. Bir vətəndaş olaraq mən bunları görəndə şad oluram.
– Hicran bəy, ermənilər sakit dayanmırlar. Yenə müharibə başlasa, könüllü gedərsənmi?
– Mütləq gedərəm. Mən hərb üçün yaranmışam. Onu da deyim ki, aprel döyüşlərində çox hiddətləndim. Artilleriya qoşunlarının rəhbəri general mayor Zahid Hüseynova zəng etdim(onunla cəbhədə bir olmuşuq). Müdafiə naziri cənab Zakir Həsənova iki dəfə məktubla müraciət etdim ki, məni cəbhəyə göndərsinlər. Cavab aldım ki, (cavab məktublarını saxlayıram) ehtiyac yaranarsa, çağırarıq.
Sonda onu da qeyd edim ki, Hicranın atası Qanun Əlini yaxşı tanıyırdım. O, “Tomponaj” İdarəsində böyük maşınlardan birini – neft quyularına sement vuran aqreatı işlədirdi. Boş vaxtlarında idarənin həyətindəki ağacları (çoxunu özü əkmişdi) suvarar, onlara xidmət edərdi. Yüksək intizamına və qüsursuz işinə görə onu iki dəfə çağırmışdılar ki, xarici ölkələrin (İraqın, Liviyanın) neft sahəsinə sürücü göndərsinlər. Rəhmətlik demişdi ki, yox, mən getsəm, bu ağaclar yanacaq. Hicranın da müsbət keyfiyyətlərinin bir çoxunda atasına çəkib. Əbəs deməyilər ki, ot kökü üstə bitər. Kaş Hicran kimi oğullarımız çox olaydı…
Loğman Məmmədov, Şirvan