Ermənilərin “ordu biznesi”

0
296

Böyük vədlərlə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini böhrandan çıxara bilmir. Təbii ki, bu, hər şeydən əvvəl onun səriştəsizliyindən qaynaqlanır. Odur ki, o, el arasında qazandığı hörməti itirməmək məqsədi ilə özündən əvvəlki hakiməyyətin iç üzünü açmaqla, camaatı ələ almaqla məşğuldur. Bu da Ermənistana o qədər də xoş olmayan bir ab-hava gətirir. Amma Nikol Paşinyanın bu addımları “Niyə Ermənistanın rəsmiləri və onların əlaltıları Dağlıq Qarabağdan əl çəkmək istəmirlər” sualına müəyyən mənada aydınlıq gətirməyə də imkan verir.

Artıq Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyanın tərəfdaşı – Ermənistanın müdafiə nazirinin keçmiş müavini, Respublikaçılar Partiyasının deputat fraksiyasının üzvü, Qarabağda qəddarlığı ilə tanınan Manvel Qriqoryan həbs edilib. İlkin istintaqdan sonra onun əməlləri ermənilərin özlərini də də mat qoyub. Sən demə, azərbaycanlıların qanına susayıb onları gülləbaran edən Manvel Qriqoryan öz əsgərlərinə də qənim kəsilibmiş. Belə ki, o, əsgərlərə ayrılan ərzaqları mənimsəyib, onların bir qismini şəxsi zooparkındakı yırtıcılara – ayılara, pələnglərə yedirdib, bir qismini də bazarda satdıraraq milyonlar əldə edib. Üstəlik, sözündən çıxan əsgərləri sorğu-sualsız asıb. Hətta bu faktla bağli onun evindən həmin səhnəni əks etdirən video və fotoşəkil də aşkarlanıb. Görünür, o, hərdən həmin videoya, həm də fotoya baxmaqla feyziyab olurmuş. Daha bir diqqətçəkən fakt isə ondan ibarətdir ki, Ermənistan Təhlükəsizlik Xidməti ölkənin müxtəlif yerlərində məmurlara məxsus malikanə və saxlanc yerlərində apardıqları əməliyyatlar zamanı 200 kiloqrama qədər qızıl külçə aşkar ediblər ki, həmin qızılın da 50 kiloqramı Manvel Qriqoryana məxsusdur.

Bəs bu adam belə bir sərvətə, belə karyeraya necə nail olub? Axı onun elə bir biznesi də yoxdur. Şübhəsiz ki, Dağlıq Qarabağda, müharibə gedən ərazilərdə həyata keçirdiyi qarətlərdən, soyğunçuluqdan… Onu da bildirək ki, Manvel Qriqoryan Xocalı soyqırımında, Füzuli və Cəbrayıl rayonlarının işğalında, hərbi əsirlərə işgəncələrin verilməsində, onların qətlə yetirilməsində fəal iştirak edib. Yeri gəlmişkən, bu azğın, qudurmuş general hətta 2014-cü ilin noyabrında “Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini “fəxrlə” bildirib.

Dağlıq Qarabağ döyüşlərində özünü tutan, yəni sərvət sahibi olan təkcə Manvel Qriqoryan olmayıb. Bu sirada yüzlərlə manvellər, qriqoryanlar dayanırlar. Yəni bu sırada keçmiş baş qərargah rəisi Movses Akopyan, keçmiş müdafiə nazirlərı – Seyran Ohanyan və Vigen Sarkisyan, həm də Ermənistana rəhbərlik etmiş Serj Sarkisyan var. Artıq sabiq müdafiə naziri Seyran Ohanyan orduda yaşananlar barədə şahid qismində dindirilir.  Sabiq deputat, Respublikaçılar Partiyasının üzvü Manvel Qriqoryanın yaxın adamı, Dağlıq Qarabağ bölgəsinin işğalında yaxından iştirak edən Arakel Movsisyan da cinayət məsuliyyətinə cəlb edilib. Onun evində də külli miqdarda pul-para aşkar edilib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi Vaçaqan Qazaryanın “Yans” restoranında axtarış zamanı isə 11 milyon dollar, 400 milyon avro, 36 milyon dram müsadirə olunub. Şübhəsiz, bu əmanətin çox hissəsi Serj Sarkisyana məxsus olub. Bu mənada Nikol Paşinyanın başlatdığı antikorrupsiya kampaniyası birbaşa Dağlıq Qarabağ münaqişəsi sayəsinda adam olmuş,  keçmiş prezident Serj Sarkisyanın da həbsini reallaşdıracaq. Hər halda baş verənlər, yəni Serj Sarkisyanın yaxın ətrafının zərərsizləşdirməsi belə düşünməyə əsas verir.

Bütün bunlar isə deməkdir ki, Manvel Qriqoryan və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqını səfalətlərə, erməni gənclərini öz maddi maraqları naminə ölümə sürükləyənlərdir. Yəni bu adamlar müharibəni qarət, varlanmaq naminə aparıblar və aparmaqdadırlar. Həm də hazırda həmin ərazilərdə saxladıqları erməni əsgərləri onlar üçün əsl gəlir mənbəyidir. Bu mənada Ermənistanda orduya biznes sahəsi kimi baxanlar uydurduqları müxtəlif bəhanələrlə işğal etdikləri Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkmək istəmirlər. Onlar həmin ərazilərimiz sayəsində daha çox qaz vurub qazan doldurmaqda israrlıdırlar.

 Qvami Məhəbbətoğlu, “İki sahil”