Ermənilərin göz yaşlarına inanan yoxdur

87

Vətən müharibəsindəki biabırçı məğlubiyyətinə baxmayaraq, Ermənistan yeni təxribatlara əl atmaqda, vəziyyəti gərginləşdirməkdə davam edir. Yanvarın 25-də öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında bu qurumun erməni deputatları əsir kimi qələmə verdikləri hərbi terrorçu diversantlarla bağlı məsələnin müzakirəyə çıxarılmasını təklif ediblər. Amma erməni deputatların bu təklifi rədd edilib. Bununla da Azərbaycan yeni növbəti diplomatik uğuruna imza atıb.

Xatırladaq ki, ötən il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ermənistan isə bu razılaşmadan sonra əsir kimi qələmə verdiyi hərbi diversantları Azərbaycanın nəzarətində olan ərazilərə göndərib. Onlar ölkəmizin güc strukturları tərəfindən tam zərərsizləşdiriliblər. Amma Ermənistan həmin diversantlardan fərqli məqsədlər üçün istifadə etməyə çalışır. Halbuki Ermənistanın azad olunmasını istədiyi  şəxslərin  hərbi əsirlərlə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, beynəlxalq humanitar hüquq normalarına, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarına əsasən, bu qrupdan olan şəxslər hərbi əsir hesab edilə bilməz. Onlar sadəcə cinayətkardırlar, elə bu səbəbdən  məsuliyyətə cəlb olunmalıdırlar. Şübhəsiz, Azərbaycan beynəlxalq konvensiyalardan irəli gələn addımları atır və atmaqda davam edəcək. Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar başa çatdıqdan sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq ediblər. Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar ayının 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşündə Nikol Paşinyan bu məsələni gündəmə gətirmək istəmişdi. Lakin onun təklifi nəzərə alınmamışdı. Hətta Nikol  Paşinyan həmin görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın daxili auditoriyasını sakitləşdirmək məqsədilə “əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bilmədik” etirafını da etmişdi. Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yaddaşlara həkk olundu. Məsələyə bu aspektdən yanaşdıqda demək olar ki, AŞPA-nın erməni deputatlarının və  onların havadarlarının “tutar qatıq, tutmaz ayran” prinsipi ilə qurumun sessiyasında bu məsələni gündəmə salmaq istəkləri  elə Nikol Paşinyanın “ideyası” olub.

Görünür, artıq erməni yalanlarını dünyanın mötəbər qurumları, o cümlədən AŞPA da yaxşı dərk etməyə başlayıb. Bir zamanlar ölkəmizə qarşı əsassız iddialarla çıxışlar edən, saxta məruzələr hazırlayan,  respublikamızı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA deputatları indi yaxşı anlayırlar ki, BMT-nin sənədlərini, eləcə də Avropa Şurasının özünün 1416 saylı qətnaməsini yerinə yetirməklə öz ərazilərini erməni daşnaklarından azad edən Azərbaycan bu məsələdə də haqlıdır. Onlar yaxşı bilirlər ki, həmin diversantların “Avropa insan hüquqları standartlarının pozulması faktı” kimi qələmə verilməsi yalnız erməni təxəyyülünün məhsuludur. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, son aylar ermənilərin bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verən ölkəmizlə bağlı yürütdükləri siyasət beynəlxalq səviyyədə də iflasa uğramaqdadır. Artıq mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, Azərbaycan dünyada qalib, öz haqq işi uğrunda sona qədər mübarizə aparan ədalətli dövlət kimi qəbul olunur. Bu səbəbdən regionun lider dövləti kimi baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları tam nəzərə alınır. Şübhəsiz, bu, qalib ölkənin sərkərdəsi – Prezident İlham Əliyevin, eləcə də diplomatlarımızın apardıqları uğurlu xarici siyasətin nəticəsidir. Hər bir diplomatik uğur isə ölkəmizin beynəlxalq aləmdəki  mövqeyini daha da möhkəmləndirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”