“Ermənilərin əsir götürdükləri Elnur Hüseynzadəyə ordudan xaric olunub”

0
419

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı növbəti açıqlama yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni tərəfi guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fevralın 1-də cəbhə xəttində təxribat törətməsi və hərbi qulluqçu Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir: “Böyük ehtimalla ermənilər Elnur Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”.

Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

* * *10:05

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfinin təmas xəttinin Talış kəndi istiqamətində baş vermiş “diversiya həmləsi” və itkilər barədə yaydıqları məlumatlar yalandır.

Nazirlikdən virtualaz.org-a bildirilib ki, təmas xəttində heç bir fəal döyüş əməliyyatları aparılmayıb. Ermənilərin əsir götürdükləri Elnur Hüseynzadəyə gəldikdə isə o, hərbi xidmət zamanı sistemli şəkildə hərbi intizamı pozub, xidmətə çıxmayıb və nəticədə Silahlı qüvvələrdən xaric olunub.

Xatırladaq ki, erməni tərəfi Azərbaycan ordusunun təmas xəttinin Talış kəndi istiqamətində fevralın 1-də saat 15.00 radələrində qatı dumandan istifadə edərək “diversiya həmləsi” etdiyini, bu zaman bir Azərbaycan əsgərinin əsir götürüldüyünü bildirir. Düşmən tərəf iddia edir ki, Azərbaycan silahlı qüvvələrinin bir əsgəri bu əməliyyat zamanı yaralanıb. Əsir götürülən Elnur Hüseynzadə 1995-ci ildə anadan olub, Bərdə rayonundandır.