“Ermənilərdən Türkiyə və Azərbaycana qarşı bir alət kimi istifadə olunur”

646
Rasim Musabəyov: “Fransa və Rusiya həmişə ermənilərə himayədarlıq edib”.  Elman Nəsirli: “Həm Rusiya, həm də Fransa prezidentlərinin İrəvana getmələrinə səbəb onların hər ikisinin erməni kartından istifadəyə maraqlı olmasıdır”.
Ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd edirlər. Məlum olduğu kimi, bu tədbirə erməni lobbisi çox ciddi hazırlaşırdı. “Erməni soyqırımı”nın 100 illiyi ərəfəsində onların öz istədiklərinə hansı səviyyədə nail olmalarını politoloqlarla müzakirə etdik.

Mövzumuzla bağlı suallarımızı cavablandıran politoloq Rasim Musabəyov bildirdi ki, ermənilər “erməni soyqırımı” ilə bağlı heç nəyə nail ola bilməyəcəklər: “Onların zarımağının məqsədi erməniləri dünyaya yazıq, zərərçəkən millət kimi göstərməklə, özlərinin törətdikləri cinayətlərdən boyun qaçırmaqdır. Roma papasının qondarma erməni soyqırımını tanıması haqqında da danışan R. Musabəyov bunları dedi: “Papanın sözünün hörməti olsaydı katolik ölkələrində eyni cinsdən olan insanların nikahları rəsmiləşməzdi. Onun sözlərinin nəinki hüquqi, heç mənəvi əhəmiyyəti belə yoxdur”. Müsahibimiz Rusiya və Fransa prezidentlərinin “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvana səfər etməsinə də münasibət bildirdi: “Fransa və Rusiya həmişə ermənilərə himayədarlıq ediblər. Ona görə də Ukrayna, Suriya və bir çox məsələlərdə ciddi fikir ayrılıqlarının olmasına baxmayaraq, onlar yenə də İrəvanı tək qoymaq istəmədilər. Amma göründüyü kimi, “erməni soyqırımı”nın 100 illiyi çox sönük keçir. Belə ki, dəvətin çox olmasına baxmayaraq, cəmi 3 ölkənin prezidentləri ora getməyə razılıq veriblər”. Rusiya Ermənistanla münasibətləri Türkiyədən üstün tutur deyən R. Musabəyov onu da qeyd etdi ki, Şimal qonşumuz Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərdə iştirak üçün Türkiyəyə böyük heyət göndərib.

Politoloq Elman Nəsirli isə söylədi ki, ermənilərin “soyqırımı”nın 100 illiyində ən “böyük nailiyyəti” Roma papasının məlum mövqeyi və Avropa Parlamentinin 24 apreli “erməni soyqırımı” günü kimi qəbul etməsidir: “Ermənilərin əsas məqsədi isə Türkiyənin şərq hissəsindən torpaq almaq və təzminat əldə etməkdir. Onlar 100 il ərzində bu istəklərinin heç birinə nail ola bilməyiblərsə, bundan sonra da heç vaxt nail ola bilməyəcəklər”. “Erməni soyqırımı”nı çox az sayda dövlətin tanımasına diqqət çəkən E. Nəsirli sözlərini belə davam etdirdi: “Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə 20 prezidentin iştirak etməsinin özü ermənilərin sözügedən niyyətlərinə çox böyük zərbə oldu”. Müsahibimiz Rusiya və Fransa prezidentlərinin “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvana getməsinə isə belə aydınlıq gətirdi: “Həm Rusiya, həm də Fransa prezidentlərinin İrəvana getmələrinə səbəb onların hər ikisinin erməni kartından istifadəyə maraqlı olmasıdır: “Ermənilərdən Türkiyə və Azərbaycana qarşı hər zaman bir alət kimi istifadə olunur. Bundan başqa, sanksiyalar vasitəsilə heç nəyə nail ola bilməyən Qərb Rusiyaya onu göstərmək niyyətindədir ki, onların maraqları bir çox məsələlərdə üst-üstə düşür”.

Elvin Əliyev