Ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart qırğınları (1)

434

1918-ci il mart ayının 31-də Azərbaycan xalqı özünün ən faciəli günlərindən birini yaşadı və Bakıda, Şamaxıda, Salyanda Qubada, Göycayda və digər yerlərdə erməni-rus daşnakları tərəfindən on minlərlə günahsız insanın qanı axıdıldı, yüzlərlə kənd və şəhər başdan ayağa yandırıldı.

Əslində Bakıda ermənilər tərəfindən dinc əhaliyə qarşı qırğınlar törədiləcəyi hələ1917-ci ilin noyabr ayında daşnak Şaumyanın başçılıq etdiyi bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra məlum idi. Azərbaycan ərazisini müsəlmanlardan təmizləmək və torpaqlarımızda “dənizdən-dənizə” uzanan mifik erməni dövləti qurmaq niyyətində olan cəllad Şaumyan və onun əlaltıları bunun üçün bəhanə axtarırdılar. Həmin dövrdə Bakıda II dünya müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardi. Bundan əlavə Şaumyan Türkiyə ilə müharibədən Rusiyaya qayıdan 8-10 min nəfər rus əsgərlərindən də dinc müsəlmanlara qarşı istifadə etdi. Bu məsələ barədə erməni alimi Q. Avetisyan yazmışdı ki, 1918-ci ilin əvvəllərində Bakıda 25 alay, 18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi. Belə bir vəziyyətdə 1918-ci ilin mart ayında general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Lənkərandan Bakıya gəldi. Dəfn mərasimi martın 27-də keçirilməli idi. Onu da deyək ki, Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən qarışıqlıqlar zamanı rus-erməni silahlı dəstələri tərəfindən öldürülmüşdü. Müsəlman alayının Bakıya gəlməsi isə Şaumyanı ciddi şəkildə narahat etmişdi. Öncədən müsəlman alayının Bakıya gələcəyindən xəbər tutan Şaumyan Moskvaya, Leninə xəbər verərək ondan məsləhət istəmişdi. Lenin də dərhal Bakı Sovetinin başçısı Stepan Şaumyana cavab teleqramı göndərmişdi.

Teleqramda deyilirdi: “Hörmətlı yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara xoş arzular və salamlar.

V. Ulyanov (Lenin)”

Soyqırımını həyata keçirmək üçün Şaumyan Bakıda olan müsəlman diviziyası əsgərlərini təxribata çəkməyə cəhd etdi. Bunun üçün erməni daşnakları əhali arasında guya müsəlman diviziyasının üsyana hazırlaşdığı və bütün qeyri-müsəlamanları qıracaqları barədə şayiə yaymışdılar. Şaumyanın təxribatını anlayan müsəlman diviziyası əsgərləri şəhərdə qan tökülməsinə yol verməmək üçün “Evelina” gəmisinə minərək Lənkərana getmək qərarına gəldilər. Lakin Şaumyan dərhal gəmini mühasirəyə aldıraraq oradakı azsaylı əsgərləri tərksilah etdirdi. Bu isə Bakı müsəlmanları arasında narazlıqla qarşılandı. Martın 30-da Bakıda müsəlmanların dinc etiraz aksiyası başladı. Aksiya iştirakçıları Bakı sovetindən müsəlman əsgərlərin silahlarının özünə qaytarılmasını və onların Lənkərana getməsinə icazə verməsini tələb edirdilər.

Bundan bəhanə kimi istifadə edən Şaumyan quldur dəstələrini dinc əhali üzərinə yeritdi. Nəticədə bolşevik-daşnaq quldur dəstələri şəhərdə qətliam törətdilər, minlərlə dinc insan bu vəhşiliyin qurbanı oldu. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi. Bakı Soveti qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirdi. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarilə ermənilərdən ibarət idi. Sovetdə olan daşnaklar Sako Saakyan, Arakelyan və başqaları bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar. Bu baxımdan Erməni Milli Komitəsi xüsusi fəallıq göstərirdi. Müsəlmanlara qarşı qırğınlar və talanlar Şamaxı, Göyçay, Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə, Azərbaycanın bütün bölgələrini bürümüşdü.

Sonralar Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu qırğınları təqdqiq etmək məqsədi ilə yaradılan Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.Kvasnikin ifadəsində deyilirdi: “Bu il martın 17-21-də (köhnə stillə) Bakıda baş vermiş hadisələri əsla vicdan əzabı çəkmədən belə şərh etmək olar: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə ətraflarda məhv edilməsi, onların əmlakının hamısının qarət olunması və bütün var-dövlətlərinin ermənilərin əlinə təbii surətdə keçməsi məqsədilə ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”.

Azğınlaşmış və vəhşiləşmiş erməni dəstələri dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Kluge bu komissiyanın sədrinə “Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında” məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür, şikəst edirdilər.

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edilmişdi. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar.

Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də (köhnə stillə-A.İ.) bir erməni zabiti yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının üzvü Tatevos Əmirov idi. Bu həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi.

Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İskəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırdılar. Bu qırğınlarda təkcə Azərbaycan müsəlmanları deyil, bütün Qafqaz müsəlmanları ziyan çəkmiş oldu. “İsmailiyyə”də Bakı müsəlman xeyriyyə cəmiyyəti, Qafqaz müsəlman komitələri yerləşirdi, burada həmin təşkilatlara məxsus pul və sənədlər saxlanılır, müsəlmanların yığıncaq və qurultayları keçirilirdi. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü.

Mart qırğınlarında yaxşı təşkil olunmuş erməni hərbi hissələri ilə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”.

Əziz Mustafa