“Ermənilər özlərini elə qələmə verirlər ki, guya Azərbaycan onlara hücum edib”

553

Rasim Məmmədli
Müsahibimiz Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovdur.
– İmaməddin müəllim, özünüz haqda oxucularımıza qısa məlumat verərdiniz? Avstraliyaya nə vaxt və hansı məqsədlə getmisiniz?
– 1988-ci ildə Bakı Məişət Kondisioner Zavodunda işləyərkən Avstraliyaya ezamiyyətə getmişdim. Ora Azərbaycanda istehsal olunan kondisionerləri satmaq məqsədilə getmişdim. Həm satışı, həm də texniki servislə məşğul olurdum. Sonra zavod bağlandı, ondan sonra mən orada öz işimi qurdum. Diaspora fəaliyyəti ilə 1992-ci ildən məşğul olmağa başladıq, bu da mənim orada qalma səbəblərimdən biri oldu. “Azərbaycanın səsi” radiosunu açdıq, dərnəklər qurduq, birlik, bərabərlik yaratmağa başladıq.
– Siz gedən vaxtlarda Avstraliyada başqa azərbaycanlılar var idilər?
– Azərbaycanlılar var idi, çoxu İran azərbaycanlıları və Türkiyə azərbaycanlıları idi. Türkiyənin Iğdır və Qars şəhərlərindən azərbaycanlılar da var idilər. Azərbaycandan isə heç kimi görməmişdim. Azərbaycandan gedən Bakı yəhudiləri də var idi. Onlarla da tanış oldum. Ondan sonra azərbaycanlılar yavaş-yavaş gəlməyə başladılar.
– Diaspora fəaliyyətiniz barədə məlumat verərdiniz?
– Azərbaycanın Avstraliyada səfirliyi iki il yarımdır açılıb. Ondan əvvəl səfirlik yox idi. Amma biz özümüz öz gücümüzlə yığışıb bu dərnəyi qurduq və radio açdıq. Bildiyiniz kimi, İran azərbaycanlıları Azərbaycan dilində yazıb-oxumağı bilmirlər. İranlılar farsca, türkiyəlilər isə latınca öz dillərində yazıb-oxuya bilirlər. Orada Azərbaycan dilinin qrammatikasını bilən yeganə mən və xanımım idik. Yoldaşımın ixtisası filologiyadır. Ona görə çox işlər bizim öhdəmizə düşdü. Hətta biz orada, həftəsonu məktəbi də açdıq. Orada yaşayan İran azərbaycanlıları var ki, universitetdə dərs deyirlər, amma azərbaycanca yaza bilmirdilər. Mənim yoldaşım Gülzar xanım onlara Azərbaycan dilində yazıb-oxumağı öyrədirdi. Hətta bir professor var – Şəmsəddin bəy, deyirdi ki, mən bu qədər toyuq yemişəm, amma toyuq sözü necə yazılır bilmirəm. O vaxtlar biz latın qrafikasına keçəndə işimiz daha da asanlaşdı. Çünki latın əlifbasını tez qavrayırdılar. Ona görə ki, ingilis və türk dili də latın əlifbasıdır. Amma kirill əlifbası ilə çətinliklər var idi.
– Avstraliya ictimaiyyəti işğal olunmuş Azərbaycan torpaqları haqqında lazımi qədər məlumatlıdır?
– Əvvəllər, demək olar ki, heç nə bilmirdilər. Ümumiyyətlə, bizim ölkəni Avstraliyada tanımırdılar. Maraqlı bir hadisəni danışım: 1989-cu ildə oğlum Sidneydə dünyaya gələndə xəstəxanada sənədlər yazılanda milliyəti azərbaycanlı yazmaq istəmirdilər. Mənim o vaxtkı sovet pasportumda milliyyəti azərbaycanlı yazılmışdı. Onlar özlərində olan kitabı açıb yoxladılar, gördülər ki, belə bir dövlət adı bu siyahıda yoxdur. Pasportun üstünə baxanda SSRİ yazıldığını gördülər, ona görə oğlumun milliyyətini rus yazdılar. Həmin gün mən vicdan əzabı çəkdim, ağladım ki, mənim millətimi tanımırlar, oğlumu rus kimi yazdılar. Azərbaycan müstəqillik qazanandan sonra mən uşaqların doğum haqqında şəhadətnamələrini dəyişdim, azərbaycanlı yazdırdım.
Üzr istəyirəm ifadəmə görə, ermənilər çox həyasız millətdirlər. Bunların diasporaları şər atmaqla məşğuldurlar. Özlərini elə qələmə verirlər ki, guya Azərbaycan onlara hücum edib. Guya biz atəşkəsi pozuruq, guya türklər onları kəsib, öldürüb. Amma biz Avstraliya xalqını məlumatlandırırıq. Hətta kanadalı Skot Teylor adlı bir yazar, “Azərbaycan, Ermənistan və Türkiyə” adlı bir kitab yazıb. Mən o kitabdan 500 ədəd aldım, Avstraliyadakı bütün millət vəkillərinə göndərdim. Həm də qeyd etdim ki, bu kitabı nə azərbaycanlı, nə də türkiyəli yazıb. Bu kitabı sizin xristian, kanadalı araşdırmaçı yazıb. Lütfən bunu oxuyun və həqiqətləri görün. Çox millət vəkilindən mənə təşəkkür gəldi ki, sən bizim gözümüzü açdın.
– Türkiyə və Azərbaycan diasporasının Avstraliyada əməkdaşlığı hansı səviyyədədir?
– Bizim dərnəyin adı “Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi” adlanır. Biz orada türklərlə yaxınıq. Birlikdə çalışırıq, eyni zamanda bizim Türk Dərnəkləri Birliyi var, onun ikinci sədri mənəm. Birliyin koordinator vəzifəsini icra edirəm. Bildiyiniz kimi, Türkiyədə çox siyasi partiya var – mən o Birlikdə, onları bir araya gətirməkdə vasitəçi oluram. Çünki onların hamısının mənimlə yaxşı münasibətləri var. Ona görə ki, mən onların düşüncələrinə, siyasi fikirlərinə görə münasibət bəsləmirəm. Mən onlara ancaq bir türk kimi yanaşıram. Azərbaycanda da çox partıya var, amma mən heç bir partiyanın üzvü deyiləm. Amma Avstraliyaya azərbaycanlı kim gəlirsə, mən onları məmnuniyyətlə qarşılayıram. Çünki gələn adam azərbaycanlıdır. Məsələn, Sabir Rüstəmxanlı gəlib, mən onu qarşılamışam, gəzdirmişəm. Digər qonaqlarımız da olub ki, onları da qarşılayıb nə lazımdırsa, işlərini həll etmişəm. Biz birlik və bərabərlik içində olmalıyıq. Biz özümüzü orada parçalasaq – heç vaxt güclü ola bilmərik.
– Avstraliyada yaşayan, təhsil alan, işləyən azərbaycanlılar barədə nə deyə bilərsiniz?
– Avstraliyada 8 azərbaycanlı professor var. Düzdür, onlar Cənubi Azərbaycandandırlar, Ərdəbildə, Təbrizdə, Tehranda dünyaya gəlmiş insanlardır. Son zamanlar Avstraliyaya Azərbaycandan həddindən çox tələbə gəlib. Öz hesabına da, dövlət hesabına da oxuyanların sayı çoxdur. Hazırda Sidneydə 49 tələbə təhsil alır. Melburn, Kamberada və digər şəhərlərdə də oxuyanlar var. Onu da deyim ki, orada təhsil alan gənclərimiz bizi çox yaxşı təmsil edirlər. Dərslərini yaxşı oxuyurlar, eyni zamanda mən də çalışıram imkan dairəsində onlara yardım edim. Onların iş tapmasına kömək edirəm. Bilirsiniz ki, Avstraliyada maaş həftəlikdir, minimum 600 dollardır. Orada iş saatla hesablanır – 15 dollardan 35 dollara qədər. Baxır, nə iş görürsən. Biz də çalışırıq ki, azərbaycanlı tələbələrə kömək edək, özləri özlərini təmin edə bilsinlər. Çünki orada ev kirayələri çox bahadır. Məsələn, 3 otaqlı evin həftəlik kirayə qiyməti 500 dollardan başlayır. Ona görə tələbələr 4-5 nəfər birlikdə yaşayırlar. Çox sevindiricidir ki, Azərbaycan dövləti Avstraliyaya oxumağa tələbə göndərir.
Bayramlarda tələbələrlə birlikdə oluruq. Aprel ayında ermənilər Azərbaycan Səfirliyinin qarşısında nümayiş keçirmək istəyirdilər. Biz bunu eşitdik, 55 nəfər tələbə ilə səhər tezdən Kanbera şəhərinə yollandıq. Saat 12-dən 2-yə qədər nümayiş müddətində ermənilərə qarşı etirazımızı bildirdik. Gedib-gəlməyə 7 saat vaxtımız getsə də, axıra qədər birlikdə olduq. Kanberada səfir bizi qəbul elədi, uşaqlarla görüşdü, bərabər çay içdik.
– Avstraliyanın ictimai-siyasi həyatında aktual rol oynayan azərbaycanlılar varmı?
– Bəli, azərbaycanlı da var, türklər də var. Məsələn, millət vəkili olan türkiyəlilər var. Bir də iranəsilli senat var. Həmin senatla mənim əlaqələrim var. Həmin adamlar biz verdiyimiz məlumatlara əsasən, parlamentdə bəzi faktlar barədə danışırlar.
– Avstraliya və Azərbaycan arasında dostluq əlaqələri hansı səviyyədədir?
– Hazırda bu iki ölkə arasında parlamentlərarası dostluq cəmiyyəti var. Bir qrup millət vəkili bir-biriləri ilə dostluq əlaqələri qurublar. 4 nəfər avstraliyalı millət vəkili oradan Azərbaycana gəlmişdi, buradan da 3 nəfər millət vəkilimiz Avstraliyaya getmişdi. Bu gün bizim əlaqələrimiz çox gözəldir. Səfirimiz Rövşən Cəmşidov da bu əlaqələrin yaxşı olmasında çox yaxından iştirak edir. 3 ilə yaxındır bizim Avstraliyada səfirliyimiz açılıb. Əvvəllər biz özümüz oranın millət vəkilləri ilə əlaqə saxlayırdıq, indi birbaşa özü nəzarət edir. Səfirliyin olması ölkəmizi daha da tanıtdırır.
– Diaspora təşkilatı olaraq qarşılaşdığınız problemlər nələrdir?
– Əlbəttə, müəyyən çətinliklər var. Maddi çətinliklər olur, biz heç kimdən yardım almırıq. Düzdür, diaspora işi ilə biz çoxdan çalışırıq. Amma biz maddi yardım heç vaxt almamışıq. Çalışırıq öz yağımızda qovrulaq. Ermənilər isə xristian olduqlarına görə gedirlər bəzi yardımlardan istifadə edirlər. Ölkəmizdə Avropa Oyunlarının, Formula 1 yarışlarının keçirilməsi bizi Azərbaycandan kənarda yaxşı mənada tanıdır. Bundan əlavə, “Avrovizia” mahnı yarışmasının da ölkəmizdə keçirilməsi bizi dünyada nə qədər insana tanıtdı. Hətta mahnı yarışmasından sonra Avstraliyanın çox universitetlərindən tələbələr müraciət edərək, ölkəmiz haqda məlumat almaq istəyirdilər.

– İmaməddin müəllim, sizi “Tərəqqi” medalı almağınız münasibətilə təbrik edirik. Dünya Azərbaycanlılarının IV Qurultayı barədə təəssüratlarınızı bilmək istərdik.
– Çox sağ olun. Bu mükafata görə cənab Prezidentə və diaspora komitəsinə təşəkkür edirəm. Çox adamlara medal, orden verildi. Bu onu göstərir ki, dövlətimiz bizim haqqımızda düşünür. Mənə zəng gəldi, qurultaya dəvət elədilər. Mən də məmnuniyyətlə gəlib iştirak edəcəyimi bildirdim. Ondan sonra mənə Prezidentin mükafat verəcəyini də dedilər. Mən də təşəkkür elədim.
Mən 2001-ci ildə birinci qurultayda da olmuşam. Ulu öndər Heydər Əliyev, doğrudan da, çox uzaqgörən bir insan idi. Biz 1992-ci ildə dərnək quraraq Azərbaycanı tanıtmaq işinə başlayanda məlumatlar bizə çox çətinliklə gəlirdi. İnternet inkişaf edəndən sonra daha yaxşı işləməyə başladıq. Ulu öndər 2001-ci ildə dünya azərbaycanlılarını bir araya yığaraq qurultay təşkil etdi. Ondan sonra dünyada birdən-birə Azərbaycan hərəkatı gücləndi. Çünki insanlar gördülər ki, dövlət onlarla maraqlanır. Məsələn, 2000-ci ildə Avstraliyada keçirilən Olimpiya Oyunları zamanı indiki Prezidentimiz cənab İlham Əliyev Olimpiya Komitəsinin prezidenti idi. O vaxt biz iki qızıl medal aldıq. Bu Sidneydə, ümumiyyətlə, Avstraliyada olan azərbaycanlılar üçün böyük sevinc oldu. Biz orada toplantı keçirdik, İlham Əliyevin göstərişi ilə orada yaşayan insanlara ölkəmizi tanıdan atributlar paylandı.
Bu qurultay da çox gözəl keçdi. Heydər Əliyev Fondunda da olduq, cənab Prezident tədbirdə iştirak elədi, nitq söylədi. Həmin çıxışında Prezidentimiz ermənilərin nə tip olduğunu yumorla dedi.
Bu qurultaylar onu göstərir ki, dövlətimiz xaricdə yaşayan azərbaycanlıları düşünür, onların işlərini unutmur.