“Ermənilər insan kimi yaşamaq istəyirlərsə…”

652
Dünən Bakıda Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qeyd edib ki, Ağdam rayonu müharibədə 5 mindən çox şəhid verib. On minlərlə rayon sakini öz evindən məcburi köçkün düşüb. Döyüşlərdə qəhrəmanlıq göstərmiş 16 ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Baş Nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan ictimaiyyətində münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna inam və etimadın qalmadığını deyib. Baş Nazirin müavininin sözlərinə görə, nə qədər Ermənistandakı rejim dəyişməyib, beynəlxalq təşkilatlar başa düşməlidir ki, danışıqlar nəticə verməyib, verməyəcək: “Köçəryan, Sərkisyan bizim insanlarımızın qanı üstündə hakimiyyətə gəliblər. Onlar bu məsələnin həllinə gedər? Onlar bu məsələnin həllinə gedən kimi hakimiyyətlərinə son qoyulacaq. Bunu ATƏT-in həmsədr dövlətləri də gözəl bilirlər”.

Ə. Həsənov beynəlxalq təşkilatları Azərbaycanla oyun oynamağa son verməyə çağırıb: “Kifayətdir, bizimlə bu cür siyasi oyunlar oynadınız. Doğrudan da, ermənilər insan kimi yaşamaq, Azərbaycanın imkanlarından bəhrələnmək, azərbaycanlılarla qonşuluq etmək istəyirlərsə, o rejimdən azad olmalıdırlar. Əks halda, problemin həlli yoxdur. Mən dəfələrlə beynəlxalq təşkilatlara demişəm ki, “Problemi kimin törətdiyini yaxşı bilirsiniz. Siz bilirsiniz, məsələnin həllinə mane olan kimdir. Problemi həll etməyə gücünüz çatmırsa, gedin Ermənistan məsələsini həll edin. Ona gücünüz çatmırsa, erməni diasporundan qorxursunuzsa, onda çəkilin kənara, iki ölkəni, iki xalqı qoyun qarşı-qarşıya, heç bir insident olmayacaq”. Yalandan deyirlər ki, qıracaqlar bir-birini. Heç nə olmayacaq, biz Allah tərəfindən qonşuluqda yaşamağa məhkum edilmişik. Torpağı götürüb aparmaq mümkün deyil. Yüz illərdir, qonşu kimi yaşamışıq, yenə yaşayacağıq”.

“Ermənilər Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara işgəncələr verirlər”

Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı məsələyə toxunan Baş Nazirin müavini bildirib ki, həmyerlilərimiz Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: “Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlılardan biri deyilənə görə öldürülüb, ikisi isə onların əlindədir. O insanlara müxtəlif ləkələ yaxırlar. Gah diversant deyirlər, gah hansısa cinayət törətdiklərini bildirirlər. Deyilənə görə, Dilqəm və Şahbaz dəfələrlə ora gediblər, qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət ediblər. Onlar öz doğma yerlərinə, vətənlərinə gediblər”.

Ə. Həsənov qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər, qəhrəmandırlar: “Onları qətiyyən qınamaq olmaz. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə nümunədirlər. Onlar Kəlbəcərə bir neçə dəfə gediblər. İstəsəydilər, elə o vaxt gedəndə hansısa hadisələr törədərdilər. Kəlbəcərdə 17 yaşlı bir oğlan ölüb. Cinayət işini aça bilmirlər, onların üstünə yıxırlar. Belə çıxır ki, açılmayan nə qədər cinayət varsa, yıxacaqlar həmin azərbaycanlıların üstünə…”

Dövlət rəsmisi xatırladıb ki, Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var: “Hadisədən neçə gün keçib, nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki başlarına min oyun açırlar, işgəncələr verirlər, iynə vururlar, bədənlərinə min cür şey yeridirlər”.

Ə. Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir, dövlət bu məsələ ilə məşğuldur.