“Ermənilər etiraf etmirlər, amma tarixən bizim dilimizdə də yazıblar”

0
411
Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əqidə Axundova ilə müsahibəni dilçiliyimizin inkişafı və mövcud problemlər üzərində qurmağı nəzərdə tutmuşduq. Amma yarım saat nəzərdə tutduğumuz söhbətimiz 1 saata yaxın davam etdi və biz telekanallarımızda aparıcıların danışıq tərzindən tutmuş ta müəllim-tələbə davranışlarına qədər bir çox məsələləri müzakirə etdik…
– Əqidə müəllimə, istərdim söhbətimizə hazırda dilçiliyimizin inkişafı istiqamətində aparılan araşdırmalardan başlayaq…

– Azərbaycan dilçiliyi uzun və şərəfli bir yol keçib, bugünkü səviyyəsinə çatıb. Dilçiliyimizin başında duran fədakar alimlərimiz ciddi tədqiqatlar aparıb və özlərinə layiqli nəsil yetişdiriblər. Azərbaycan dilçiliyinin inkişafında mərhum alimlərimizdən B. Çobanzadə, Ə. Dəmirçizadə, M. Hüzeynzadə, F. Zeynalov, M. Şirəliyev, Ə. Abdullayev, M. Tağıyev, N. Ağazadə, M. Adilov və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır. Dilçiliyimizin canlı təmsilçiləri A. Axundov, T. Hacıyev, Y. Seyidov, A. Ələkbərov, Ə. Rəcəbli, O. Musayev, K. Abdullayev, N. Cəfərov, Q. Kazımov və başqa dilçi alimlər bu gün elmimizi layiqincə təmsil edirlər. Onların bir çoxunun çəkdiyi əziyyət xalq yolunda, dilçiliyimizin inkişafı yolunda şam kimi ərimək anlamına gəlir.

Hazırda dilimizin müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir tədqiqat metodlarının tətbiqilə işlənib hazırlanıb, fonetika və fonologiya, morfonologiya və morfologiya, leksikoqrafiya və leksikologiya, sintaqmatika, praqmatika və semantika sahələrində uğurlarımız danılmazdır.

Azərbaycanda son 20 il ərzində ümumdünya dilçiliyinin tərkib hissələri olan semiotika, transliterasiya, terminologiya, onomastika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi formalaşmağa başlayıb. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi və koqnitiv dilçilik sahəsində istiqamətlər formalaşmaqdadır, bu aspektlər üzrə ciddi elmi araşdırmalar aparılır.

– Yuxarıda adlarını çəkdiyiniz fədakar alimlərin bir çoxu hamı tərəfindən sevilir, hörmətlə anılır. Sizcə, müasir gənc alimlər də onlar kimi elm üçün fədakarlıq edə biləcəklərmi?

– Qeyd etdiyim dəyərli alimlər heç bir təmənna güdməyiblər. Mənə elə gəlir ki, bütün mütəxəssislər o cür olmalıdırlar. İnsan ixtisası seçərkən onu sevməsə, o sahədə uğur qazana bilməz. Bir iş üçün çalışmaq, əziyyət çəkmək üçün gərək o sahəni, o işi sevəsən. Valideynlərin hamısı savadlı ola bilmir – onun içərisində sürücüsü də var, fəhləsi də. Bəzi gənclər valideynlərinin sözlərindən daha çox, müəllimlərinin fikirlərini qəbul edirlər. Müəllimlik sənəti elədir ki, bütün peşələrdə çalışacaq insanları o yetişdirir. Bu mənada gənc nəslin yetişməsində, formalaşmasında müəllimlərin üzərinə böyük iş düşür; o cümlədən də biz dilçi alimlərin. Sualınızın konkret cavabına gəlincə, mən gənclərdən çox ümidliyəm.

 “Xalqın müsbət keyfiyyətləri dildə öz əksini tapır”

– Bir milləti onun ana dili ilə tanımaq mümkündürmü? Yəni ana dili bir millət haqqında fikir formalaşdırırmı?

– Əlbəttə. Mənə elə gəlir ki, hər bir xalqın müsbət keyfiyyətləri, müsbət cəhətləri, tarixən yaşanmış nələri varsa, dildə öz əksini tapır.

– Yəqin paytaxt küçələrində siz də rast gəlirsiniz – bəzi reklam lövhələrində əcnəbi sözlərdən istifadə olunur. Bir dilçi alim kimi buna necə yanaşırsınız?

– Biz qonaqpərvər, xeyirxah bir xalqıq. Biz təcavüzkar yox, təvazökar xalqıq. Kiminsə torpağında, kiminsə malında gözümüz yoxdur. Bu bizim deyimlərimizdə də, atalar sözlərimizdə də özünü göstərir. Bu mənada əcnəbi sözlərdən istifadəni mən bir az da zamanın tələbi kimi izah edərdim. Biz həm müstəqillik qazanmışıq, həm də Avropaya inteqrasiya etmişik, ona görə bunlar ola bilər. Ölkəmizə turist axını da böyükdür. Həmçinin Bakı paytaxtdır. Tarixən elə olub ki, burada başqa millətlər də yaşayıblar. Bakıda çoxlu sayda əcnəbi şirkət fəaliyyət göstərir. Bu baxımdan düşünürəm ki, haradasa reklamlar əcnəbi dillərdə də ola bilər. Mən tərəfdarıyam ki, həm Azərbaycan dilində olsun, həm də əcnəbi dildə.

– Sizcə, bizim ana dilimizi öyrənmək asandır, yoxsa çətin? Söhbət əcnəbilərdən gedir.

– Sizə bir maraqlı faktı deyim – ermənilər etiraf etmək istəmirlər, amma onlar tarixən bizim dilimizdə də yazıblar. Bildiyiniz kimi, bizim dilimiz Asiya ölkələrində çox istifadə olunan bir dil olub. Ona görə də erməni mütəxəssislər bizim dilimizdə də yazmağa çalışıblar. Azərbaycan dili çox oxunaqlı dildir, öz sözünü, fikrini çox tez çatdıra bilirsən.

Bütün hallarda bizim özümüzdə də dil bilən mütəxəssislərin sayını artırmaq ölkəmizin uğuru olardı. Çalışdığım Azərbaycan Dillər Universitetində bir neçə dil üzrə fakültələr var. Universitetimizin bu sahədə böyük uğurları var və indi də bu sahədə yüksək səviyyədə iş gedir. Düşmənə qələbə çalmaq üçün onun dilini mükəmməl bilmək lazımdır. Çünki dili bilməklə düşmənin sənin haqqında nə düşündüyünü, hansı işləri gördüyünü və ya görmək istədiyini öyrənirsən.

“Lal nitqində belə, insana əskiklik gətirən düşüncələri müzakirə etməməliyik”

 

– Bəzən görürsən ki, savadı olmayan insanlar da telekanallarımızda dublyajın səviyyəsindən ikrahla danışırlar. Bəs dilçi alimlərimiz bu çatışmazlıqların həllini nədə görürlər?

– Telekanallarımızda dublyajlar yetərincə çoxalıb. Məsələn, AzTV-də çox savadlı, səviyyəli diktorlar çalışırlar. Onlar öz nitqlərində ifadələrin yerli-yerində istifadəsini yüksək dərəcədə bilirlər. Amma özəl kanalların bəzilərində hər lazımsız ifadəni efirə çıxarırlar. Bu da bizim savadlı gənclərimizdə çaşqınlıq yaradır. Onlar soruşurlar ki, bu ifadəni ictimaiyyətdə istifadə etmək olarmı? Mən deyərdim ki, ziyalı bir insan lal nitqində də üstün olmalıdır. Biz digər canlılardan şüurumuz olduğuna görə, insan olduğumuza görə üstünük. Lal nitqi elədir ki, təklikdə özün-özünlə danışırsan, amma səs sənin içindən çölə çıxmır. Lap lal nitqində belə, insana əskiklik gətirən düşüncələri müzakirə etməməliyik. Yəqin kriminal verilişlərə siz də baxırsınız. Bir də görürsən insan kobud, lazımsız ifadəsinə görə başqa birinin həyatına son qoyur. Biz ziyalıların borcudur ki, onları cilalamaq yolunda mübarizə aparaq. Dublyaj professional olanda düşünürsən ki, bu, aktyorun öz səsidir. Aktyorlarımız onu canlı şəkildə bizə çatdıranda o filmlərin təsiri böyük olur.

Bizim filmlərin əcnəbi dilə dublyajı zamanı da bu məqamlar nəzərə alınmalıdır. İntonasiya, vurğu, durğu işarələri, səs tonu hamısı yerində olmalıdır. Çünki səs tonu o hissi, həyəcanı üzə çıxarır.

-Televiziyalardan söz düşmüşkən, aparıcılarımızın da səhvlərini görürsünüzmü?

– İstənilən insan elədir ki, evdə olarkən istər-istəməz televizoru açır. Elə bil ki, evdə ayrı bir insan yaşayır. Bütün dünyada olan, ölkəmizdə olan məlumatları oradan alırıq. Heç kimin haqqı yoxdur ki, efirdə xoşagəlməz ifadələri işlətsin. Bundan başqa, məqaləsi oxunsun deyə jurnalist öz yazısında kimisə təhqir etməyə çalışmamalıdır. Bizim məqsədimiz o olmalıdır ki, gözəl şəxsiyyətlər yetişdirək. Bir az kobud səslənməsin, o cür yazını yazan insan da mənim gözümdə alçalır. Gül də canlıdır, mən düşünürəm ki, onu kobudluqla əzəndə insan özü də əzilmiş olur. Mən tərəfdarıyam ki, efirə hər şey çıxarılmasın. İnsana, cəmiyyətə fayda gətirməyən, maarifləndirməyən, yaxşı insan olmağa səsləməyən bir şeyi efirdə verməyin mənası nədir? Mütəfəkkirlərdən biri deyib ki, “müdrik adam biliyi çox olan deyil, biliyi kiməsə xeyirli olandır”. “Ağıllı adam çətinə düşüb çıxa bilən, müdrik isə çətinə düşməyəndir”. Bahalı geyinə bilərsən, amma zövqsüz də ola bilər. Əksinə, kasıb geyinib, zövqlü də geyinə bilərsən. İnsanlıq, kiminsə əlindən tutmaq, kiməsə yardım eləmək – efirdə bunlar təbliğ olunmalıdır, insanı yaşadan bunlardır, insanın həyatını maraqlı edənlər budur.

“Heç kəsin əziyyəti, heç kəsin biliyi yerdə qalmır”

 

– İllər öncə, təbii ki, siz də tələbə olmusunuz. O dövrün tələbələri ilə indiki tələbələr arasında hansı fərqlər var? Onlara nə kimi məsləhətlər verirsiniz?

– 30 ildir dərs deyirəm. Mən həmişə gənclərdən razı olmuşam. Bilmirəm, bəlkə həyatı həmişə gözəl görmək istəmişəm ondandır. On il bundan əvvəlki gənc, on il bundan sonrakı gənclə bir ola bilməz. Mən tələbələrimə də deyirəm ki, heç kəsin əziyyəti, heç kəsin biliyi yerdə qalmır. Mütəfəkkirlərdən biri deyib ki, kişi elmli və bacarıqlı olanda, qadın nəsil-nəcabətli olanda ailə uğurlu olur. Yəni kişi təkcə elmli olmamalıdır, həm də bacarıqlı olmalıdır. Ağıl biliklərin məcmusudur, ancaq bilik ağıl demək deyil. Tələbələrimə həmişə deyirəm ki, biz çalışaq ki, burada aldığımız biliklər həyatımızın daha maraqlı olmasına xidmət eləsin. Elə insan var ki, borcunu görmür, haqqını tələb edir. Nə dərəcədə düzgündür, biz hamıdan gözləyək, amma özümüz etməyək. Ziyalıların da borcudur ki, biz əvvəl borcumuzu görək, sonra haqqımızı tələb edək. Bunu təbliğ etməliyik. Pul yaxşı şeydir, amma hər şey demək deyil. Deyirlər, gözəl üzdən 40 gün ərzində doymaq olar, amma gözəl xasiyyətdən heç vaxt doymaq olmaz. Belə bir fikir var – insan ölüm yatağında da özünü tərbiyə ilə məşğul olmalıdır. Dəyərli fikirlərdən bəhrələnmək lazımdır. Məsələn, rusların bir məsəli var – xoşbəxtlik sənin xasiyyətindir. Həqiqətən də elədir. Əgər sənin gözəl xasiyyətin varsa, həyatı gözəl görəcəksən. Bundan başqa, deyirlər, “yaxşı insan başqasına balıq verməməlidir, balıq tutmağı öyrətməlidir”. “Dosta yaxın ol, düşmənə lap yaxın”. Düşmən sənə hansı zərbələri endirəcək, onu əvvəlcədən bil. Öyrənmək, oxumaq o demək deyil ki, mən oxuyum, öyrənim gedim dərs deyim, mənə pul versinlər. Bəxtiyar Vahabzadənin bir gözəl şeirinin bir bəndini demək istəyirəm:

Dünyada ən böyük bir səadətdir,

Tamaha göz yumub nəfsi öldürmək.

Böyük nəciblikdir, mədəniyyətdir,

Borcunu haqqından irəli görmək…

 

NİCAT İNTİQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here