Ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarda «yaşıl qətliam» törədiblər

0
43

«30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən qurtuldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız Qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat  üstün olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan bu döyüşdə parlaq Qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, AMEA-nın  müxbir üzvü, professor Elşad Qurbanov bildirib.

Elşad Qurbanov qeyd edib ki, ermənilər 30 ilə yaxındır ki, milli-mənəvi dəyərlərimizə qarşı düşmən münasibəti göstəriblər: “Buna sübut kimi uzun illər işğal altında saxladıqları Kəlbəcər və Laçın rayonlarını  İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq tərk edərkən törətdikləri vandallıq nümunələrini göstərmək olar. Bundan başqa, ermənilər işğaldan azad olunmuş digər şəhər və kəndlərimizdə də analoji hərəkətlərə yol veriblər. Beyinləri Azərbaycana qarşı düşmənçilik ideologiyası ilə zəhərlənmiş başıpozuq kütlə ərazilərimizdə evləri, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini yandırıb, meşələrmizdəki yüz illərlə yaşı olan ağacları kəsərək «yaşıl qətliam» törədiblər. 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymiş, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşdular. Onlar işğal etdikləri ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururdular. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdikləri yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurmuşdur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.”

E.Qurbanov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təsadüfi deyil ki, BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş  «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı.

Müsahibimiz vurğulayıb ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var: “Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal, təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Nəzərə alaq ki, birinci mərhələdə ərazilərin minadan təmizlənməsi, daha sonra bərpası həyata keçiriləcək. Təbii ki, növbəti mərhələdə həmin ərazilərin iqtisadi töhfəsi özünü göstərəcək. Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusilə sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumi daxili məhsulun artımına təminat verəcək. Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımından da vacibdir. İşğaldan azad  edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəj, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, jad, pefritoid və sair) yataqları yerləşir. Bu ərazilər dəmir filizi daxil olmaqla, tikinti materialları ilə zəngindir. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, işğaldan azad olunan ərazilər turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, bölgənin turizim potensialını inkişaf etdirmək mümkün olsun.”

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
 «İki sahil»