Ermənilər beynəlxalq qurumları da işğal ediblər

Vallah, bu ermənilər lap qudurublar. Hətta iş o yerə çatıb ki, onların rəsmiləri dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq tədbirlərdə öz havadarlarının yardımı ilə bizə beynəlxalq hüquqdan – qayda-qanundan dərs keçirlər. 
Bu günlərdə isə onların iki nümayəndəsi lap evimizin içində – Bakıda NATO çərçivəsində keçirilmiş tədbirdə bizə bir daha dərs keçməyə cəhd ediblər. Mən bu yerdə “düşmən cavab atəşi ilə susdurulub” deməklə bu mövzuya nöqtə qoya bilərdim… Lakin, gördüyünüz kimi, üç nöqtə qoyub bununla bağlı fikirlərimi sizinlə bölüşmək qərarına gəldim.

Son illər dünyada haqdan çox güc önəmli rol oynamaqdadır. Bu sözləri yazmaqla mən Amerika-filan kəşf etmirəm. Amerika demişkən, elə öz gücünə arxayın olan bu ölkə Liviyanı, Yuqoslaviyanı darmadağın etmədimi? İraqa girmədimi? İraqa girəndə də dedi ki, bəs bu ölkənin kimyəvi silahı var, amma oranın altını üstünə çevirsə də sübut kimi bir dəlil ortaya qoya bilmədi. Nəticədə, ABŞ bomba ilə qarpızı səhv salmış bizim qorodovoy Kərbəlayı Zalın gününə düşdü, lakin kimsə onu gülüş hədəfinə çevirə bilmədi. Nöşün ki, gücü var. Digər ikinci güclü dövlət – Rusiya isə bir zamanlar qardaşı olmuş Gürcüstana, Ukraynaya amerikasayağı aqibət yaşatdı. Bu özbaşnalığa görə mötəbər qurumlar onu sadəcə məzəmmət etməklə kifayətləndilər. ABŞ isə səsini çıxarmadı. Çünki o, Rusiyanın belə “demokratik gedişləri” ondan öyrəndiyini söyləyəcəyini yaxşı bilirdi.

Digər tərəfdən, bu gün güclü dövlətlər onların çaldıqları ilə oynayan ölkələri dəstəkləməkdə davam edir. Belə dəstəklənən ölkələrdən biri və birincisi ərazimizin 20 faizini işğal etmiş Ermənistandır. İş o yerə çatıb ki, bu ölkənin yetkililəri Ermənistan ordusunun ərazilərimizdə çıxarılması ilə bağlı BMT-nin dörd qətnaməsini məsxərəyə qoyurlar. Hətta həmin qətnamələrdə Ermənistanın işğalçı kimi tanınmadığını iddia edirlər. (Halbuki qətnamələrdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozduğu və dərhal işğal olunmuş torpaqları boşaltmaları öz əksini tapıb). Deyəndə ki, axı sizin prezident Serj Sarkisyan AŞ PA-nın iclasında Ermənistanın Azərbaycanın torpaqlarını tutduğunu açıq-aşkar bəyan edib, onda da daş atıb başlarını tuturlar ki, belə şey ola bilməz. Dünya da onların “səmimiliyinə” inanır.

Mən hələ Robert Köçəryanın mötəbər qurumun tribunasından bir zamanlar Qarabağ uğrunda göstərdiyi qəhrəmanlıqlardan necə söz açmasını demirəm.

Bəli, bu kimi həqiqətlərdən söz açanda ermənilər yaman cırnayırlar. Cırnamaqları bir yana, onlar bizim “Ermənistan düşmən dövlətdir” deməyimizə də həzm edə bilmirlər. Görünür, biz onlara dost, qonşu ölkə kimi müraciət etməliyik. Bəlkə, dünyada belə bir örnək var, bizim xəbərimiz yoxdur? Burada deyiblər, utanmasan oynamağa nə var ki? Bu gün onların yalnız bir şüarı var: nəyin bahasına olursa olsun yalanlarımızı dünyaya qəbul etdirməliyik.

Bu gün Ermənistanın özünün blokadaya düşməsindən söz açır. Onun çaldıqları ilə oynayanlar da adətən, Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışır, lakin nədənsə heç kim Azərbaycanla Naxçıvan arasında dəhlizin təmin olunmasını yada salmaq istəmir. Belə yerdə deyiblər: adımı sənə qoyaram, gör sənə neyləyərəm. Hə, lap unutmuşdum, qaçqın düşmüş bir milyondan çox azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı tələbini isə onlar “aqressiya” kimi dəyərləndirirlər. Bütün bunlar göstərir ki, ermənilər indi dünya miqyasında bizimlə söz oyununa çıxıblar. Belə getsə, onlar hələ digər oyunlarla da çıxış edəcəklər. Qəribə burasıdır ki, onlar “siyasətlərinin” əksinə çıxanları da sıradan çıxarmaqda mahirdirlər. Məgər Moldovanın insan haqları müvəkkili Aurelia Grigoriu buna görə onlar tərəfindən təqiblərə məruz qalmadımı? Elə ATƏT-in Minsk qrupu da bu səbəbdən nə şiş yansın, nə kabab siyasəti aparmaqdadır. (Sizi bilmirəm, Mink qrupundan söz düşəndə sovet vaxtı istehsal olunmuş “Minsk” markalı soyuducu yadıma düşür).

Bəs dünyaya “demokratiya” ixrac edən güclü dövlətlər niyə Ermənistana göz yumur? Zənnimizcə, bu hər şeydən əvvəl, onun güclü dövlətlər arasında özünə yer etməsindən irəli gəlir. Bu isə o deməkdir ki, ermənilər bizim torpaqlarla yanaşı, dünyanın aparıcı dövlətlərini, eləcə də beynəlxalq qurumları da işğal ediblər. Bayaq güc dedim. Artıq Azərbaycan da güclü dövlətə çevrilib. Görünür, bizim ermənilərə güc nümayiş etdirməklə onların dərsini verməkdən başqa yolumuz qalmayıb. Əks halda onlar hələ bizə çox belə dərslər keçəcəklər. Döyüş zəngini gözləyən varmı?

q.mehebbetoglu@zaman.az