“Ermənilər əmtəə nişanlarını saxtalaşdırmaqla dünyanı aldatmaqdadırlar”

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən hər hansı qeyri-qanuni iqtisadi əməllərin, eləcə də Ermənistan tərəfindən burada istehsal olunan məhsulların saxta etiketlərlə MDB ölkələri və Avropa Birliyi bazarlarında satılması hallarının qarşısının alınması üçün Xarici İşlər Nazirliyi tərəfindən lazımi tədbirlər görülür”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni istehsalla məşğul olmalarına münasibət bildirərkən deyib. H. Hacıyevin sözlərinə görə, bu kimi halların araşdırılması və belə hallar müəyyən olunduğu təqdirdə, önləyici fəaliyyətin aparılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndələrinə mütəmadi olaraq təlimatlar verilir: “Təəssüflə qeyd etməliyik ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliklə yanaşan Ermənistan rejimi xarici iqtisadi-ticarət əlaqələrində də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində götürdüyü öhdəlikləri və ikitərəfli razılaşmaları kobudcasına pozur, malların mənşəyi haqqında saxta məlumatlar verərək, idxal edən dövləti və onun istehlakçılarını aldatmaqdan çəkinmir”.

Mövzumuzla bağlı suallarımızı cavablandıran keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov ermənilərin uzun illərdir ki, ticarət qaçaqmalçılığı ilə məşğul olduqlarını bildirdi.   N. Məmmədovun sözlərinə görə, hər ölkənin istehsal etdiyi məhsullarının üzərində kodlaşdırılmış əmtəə nişanları olur: “Hansı ki, dünyanın inkişaf etmiş ölkələri bu nişanlara ciddi diqqət yetirirlər. Ermənilər əmtəə nişanlarını, etiketləri saxtalaşdırmaqla dünyanı aldatmaqdadırlar”.

Ermənistanın ÜTT-yə öz sərhədləri çərçivəsində daxil olduğunu deyən N. Məmmədov  Azərbaycanın sözügedən məsələ ilə bağlı atacağı addımların gücləndirilməsinin tərəfdarı olduğunu dilə gətirdi: “Azərbaycan Xarici İşlər Nazirliyinin bu addımının səmərə verəcəyinə inanıram. Hesab edirəm ki, bu işə ölkənin Nazirlər Kabineti də qoşulmalıdır. Çünki Azərbaycan ÜTT-yə daxil olmaq üçün danışıqlar aparır. Bu məqsədlə də Nazirlər Kabinetində komissiya yaradılıb”. Müsahibimizin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı ciddi araşdırma aparıb, əsaslı dəlillər ortaya qoymalıdır: “Biz bu məsələni konkret faktlarla dünyaya nümayiş etdirməklə, ÜTT-nin Ermənistana olan etibarını azalda bilərik. Bundan əlavə, Azərbaycanın işğal altında olan torpaqlarında fəaliyyət göstərən müəssisələrin həmin torpaqların ekologiyasına ciddi ziyan vurduqları da dünyanın nəzərinə çatdırılmalıdır”.