Erməni vəhşiliyi sərhəd tanımır

450

Şamil Sabiroğlu  Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənməyən Xocalı soyqırımının dəhşətlərindən söz açanda kövrəlməmək mümkün deyil. Danışdıqlarından bəlli olur ki, o, erməni vandalizminin dəhşətlərini, acılarını, demək olar ki, hər gün yaşayır. Hazırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyədə keçirilən tədbirlərdə iştirak edən  “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Qarabağ qazisi Şamil Sabiroğlu ilə əlaqə saxlayıb ona bir neçə sualla müraciət etdik. Həmsöhbətimiz dedi:

-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Sovet İttifaqının 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin köməyi ilə qədim tarixə malik Xocalı şəhərini yerlə-yeksan etdilər. İşğal zamanı 1000 nəfərədək insan vəhşicəsinə qətlə yetirildi, 1275 nəfər əsir və ya girov götürüldü. Mən o zaman ölkəmizdə bir, bəzən də iki milyon tirajla nəşr edilən “Səhər”gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri idim. Öz yazılarımda dəfələrlə bəyan etmişdim ki, Azərbaycan hakimiyyəti Xocalıda yaşayanların təhlükəsizliyini təmin etməsə, bu qədim türk şəhəri Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən işğal olunacaq. Onu da qeyd edim ki, Qarabağ faciəsi, Xocalı soyqırımı baş verən ərəfədə yeni yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası demək olar ki, yox idi, üstəlik, ölkəmizin iqtisadiyyatı iflic vəziyyətində idi.

– Bəlkə nə qədər ağır olsa da, ermənilərin həmin gecə və ondan sonrakı günlərdə törətdikləri vəhşiliklərdən ətraflı söz açasınız? 

– Bəri başdan deyim ki, mən xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının canlı şahidlərindən biriyəm. Tam məsuliyyətlə bildirirəm ki, o məşum gecədə dinc əhaliyə aman verilmədi. Buna misal olaraq ermənilərə heç zaman güllə atmamış, nifrətini bildirməmiş 83 yaşlı el ağsaqqalı Allahverdi Qulİyev, Zəkara Quliyev, Savalan Allahverdiyev, Səlim Həşimov və digər yaşlı sakinlərin işgəncələrlə öldürülməsini qeyd edə bilərəm. Erməni terrorçuları 8 yaşlı Xocalı sakini Xəzangül Əmirovanın gözləri qarşısında atası Təvəkkülü ağaca bağlamış,  “Qarabağ ermənilərindir” sözlərini söyləmədiyinə görə onu diri-diri yandırmışdılar. Xocalı sakini Səlim Kərim oğlu Həşimovu əsir götürən erməni qaniçənləri onun urək nahiyəsini çıxartmışdılar. Bir zamanlar faşistlərin əsiri olmuş Savalan Allahverdiyevə faşistlərdən qat-qat çox işgəncələr verərək onu qətlə yetirmişdilər

Xocalı Rabitə Qovşağının işcisi olan Dürdanə Ağayeva 8 günlük girovluq həyatında sanki 80 il qocalmışdı. Beynəlxalq terrorçu Monte Melkonyanın Dürdanə xanıma verdiyi işgəncələr isə ayrı söhbətin mövzusudur. Faiq Şahmalı oğlu Əliməmmədov Xocalı Ərazi Özünümüdafiə Taborunun döyüşçüsü idi. Məlum soyqırım zamanı erməni vəhşiləri və onların havadarları tərəfindən əsir götürülən əsgər F.Əliməmmədov “Qarabağ ermənilərindir!”cümləsini demədiyinə görə bədənini avtomat silahdan açılan atəşlərlə aşsüzənə döndərmişdilər.

Kərbəlayi-Məşhədi Hüseynağa Aydın oğlu Quliyev ailənin tək övladıdır. O da Xocalının müdafiəçilərindən idi. Əslində o, ailənin tək oğlu kimi hərbi xidmətə getməməli idi. Həmin soyqırım zamanı əsir götürülən H.Quliyevin qabırğaları sındırılmış, küt dəmir alətlə üz-çənə nahiyəsi və dişləri sındırılmışdı. Erməni terrorçuları Hüseynağanın anasını, ömür-gün yoldaşını, baldızını və iki övladını da girov götürmüşdülər. Ölümcül vəziyyətdə əsirlikdən azad edilən və Ağdama gətirilən H.Quliyev kiliniki ölüm keçirmişdi. Hazırda həyatda olan H. Quliyevin ömür yolu müasir gənclər üçün örnəkdir. Erməni qəddarlığını sübut edən o qədər belə faktlar var ki…

Onu da qeyd edim ki, Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə tamamilə zidd idi.

– Bir sözlə, Xocalı soyqırımı insanlığa qarşı misli görünməmiş cinayət idi…

– Buna kimsə şübhə edə bilməz. Təəssüf ki, bu cinayətin sifarişçiləri və onu icra edənlər hələ də azadlıqdadırlar.

– Bu soyqırımın beynəlxalq səviyyədə tanıdılması istiqamətində hansı işlər həyata keçirilib? İctimai təşkilatın rəhbəri kimi bu barədə nələri deyə bilərsiniz? 

–  1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək onu bütün bəşəriyyətə qarşı tarixi bir cinayət kimi qiymətləndirmiş, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə dünya tarixində bir vəhşilik aktı olduğunu qeyd etmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunmuşdur. Məhz Ulu Öndər Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start vermişdir.

Mən ölkə mətbuatına verdiyim müsahibələrdə dəfələrlə söyləmişəm ki, əgər dövlət başçısı səviyyəsində dəstək olmasaydı biz, Qarabağ faciəsini, xüsusən də Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıda bilməzdik. Biz bu prosesdə, ilk növbədə, ulu öndər Heydər Əliyevə borcluyuq. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu soyqırımın dünyaya çatdırılması istiqamətində mühüm addımlar atıldı və atılmaqdadır. Artıq Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Yeri gəlmişkən, hazırda dünyanın 16 ölkəsinin parlamenti, o cümlədən ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib. Xocalı soyqırımının dünya dövlətləri, parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətləri vardır.

– Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlərin artıq daha ciddi nəticələr verməkdə olduğunu deyə bilərikmi?

– Şübhəsiz. Əminik ki, nə vaxtsa sivil dünya Ermənistanın Azərbaycana və bütövlükdə Türk dünyasına qarşı işğalçılıq siyasətini pisləyəcək və erməni terrorizminin qurbanlarının əziz xatirəsinə həsr edilən beynəlxalq hərbi məhkəmə qurulacaqdır.

Bir məsələni də vurğulamaq istərdim. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin aprelində cəbhə xəttində baş vermiş 3 günlük savaş, eləcə də Naxçıvanda keçirilən Günnüt əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə malik olduğunu əyani şəkildə göstərdi. Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində bildirmişdir ki, bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür: “Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq.  Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq”. Yəni bununla demək istəyirəm ki, artıq bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın iftixar yeridir.

– Hazırda Türkiyə Cümhuriyyətində Xocalı soyqırımı ilə əlaqədar  keçirilən  mərasimlərdə iştirak edirsiniz. Həmin tədbirlərdən də söz açmağınızı xahiş edirik.

 – Hazırda dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə bağlı çox möhtəşəm tədbirlər keçirilir. Mən və Xocalı soyqırımının şahidi olan daha 2 nəfər isə qardaş ölkədə keçirilən Xocalı soyqırımının qurbanlarını anma mərasimlərində iştirak edirik.

Nümayəndə heyətinə Xocalı sakinləri-Respublikanın Əməkdar həkimi, “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan tibb xidməti kapitanı Məmməd Ağalar oğlu Nağıyev, soyqırım zamanı əsir düşmüş Hüseynağa Aydın oğlu Quliyev, habelə Birliyin Qadınlar Şurasının sədri Ayna Allahyar qızı Novruzova daxildirlər. Biz Türkiyənin müxtəlif şəhər və qəsəbələrində təşkil edilən anma mərasimlərində çıxışlar edirik. Mən Türkiyənin Antalya vilayətinin Elmalı qəsəbəsində təşkil edilən “Xocalının səsiyəm!” adlı proqrama görə Elmalı Bələdiyyəsinin başqanı Ümit Öztekinə, layihə rəhbəri Vüsalə Qubadovaya (Alıcı) və onun ömür-gün yoldaşı Ahmet Akif Alıcıya təşəkkür edirəm. Antalyada fəaliyyət göstərən Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrin yüksək səviyyədə hazırladıqları ədəbi-bədii kompozisiya qəlbimizi riqqətə gətirdi. Onların hər birinə, xüsusən Əli Qasımova, Hüseyn Qasımzadəyə, Sübhan Məmmədova, Həşim Güləmirova, Səbuhi Məmmədliyə, Baba Qurbanova, Gülay Nəzərovaya, Fəridə Zərnişanovaya, əslən İranın Mərənd vilayətindən olan soydaşımız Sürəyya Qasımiyə, Vüsal Ağayevə, habelə, Türkiyə vətəndaşları – Sedanur Zeynep Önaya və azyaşlı Busenura təşəkkür edirəm. Biz bundan sonra da respublikamızın ərazi bütövlüyünün bərpası, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Qvami Məhəbbətoğlu, “İki sahil”