Erməni vəhşiliyi sərhəd tanımır

74

Ötən il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri cəbhədən uzaqda yerləşən bir sıra şəhər və rayonlarımızı artilleriya və ballistik raket atəşinə tutdular.  Nəticədə dinc sakinlər vəhşicəsinə qətlə yetirildi, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vuruldu. Şübhəsiz, erməni vəhşilərinin belə terror aktları həyata keçirməkdə əsas məqsədləri xalqımızın iradəsini qırmaq idi. Lakin onlar öz çirkin niyyətlərinə nail ola bilmədilər. Çünki müzəffər ordusuna arxalanan xalqımız ancaq qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək mümkün deyildi.

Dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyev xalqımızın bu qəhrəmanlığını, dəyanətini xüsusi qeyd edərək demişdi: “Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb”.

Ümumilikdə  ermənilər müharibə dövründə ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərlərinə 30 minə yaxın mərmi və 227 raket atıb. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiya qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirib. Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Baş nazirin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə paralel olaraq başlayıb.

Qeyd edək ki, müharibə günlərində erməni terrorundan ən çox zərər çəkən Tərtər rayonu olub. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Stalinqradına çevrilmiş bu rayonun 40 yaşayış məntəqəsinə 16277 artilleriya mərmisi, 21 raket düşüb. 4427 fərdi yaşayış evinə ziyan dəyib, sosial obyektlər dağılıb. Prezidentin “Evlərin bərpası bizim əsas vəzifələrimizdən biri olmalıdır” fikri əsas tutularaq Tərtərdə hazırda 10-dan çox ünvanda iş gedir. Təmir-tikinti işlərinə cəlb edilənlərin sayı 100 nəfərdir. Yaxın günlərdə onların sayının 400 nəfərə çatdırılacağı gözlənilir.

Gəncədə isə dağıdılmış 24 fərdi yaşayış evinin və bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir və bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur. Təmir-bərpası mümkün olmayan evlərin əvəzində eyni tipli evlərin tikilməsi planlaşdırılır. Artıq bir neçə gündür ki, şəhərin dağıntılara daha çox məruz qalmış Muxtar Hacıyev küçəsində təmizləmə işləri aparılır. Ərazi dağıntılardan təmizləndikdən sonra evlərin tikintisinə başlanacaqdır.

Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dövlətimizin başçısı demişdi: “Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir.” Bu da səbəbsiz deyil. Dövlət başçımızın sözləri ilə desək, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik. Şübhəsiz, belə xatirə kompleksinin digər şəhər və rayonlarımızda da təşkili istisna deyil.

Bütün bunlara istinadən demək olar ki, dövlət həmişə olduğu kimi, bu dəfə də öz vətəndaşının yanındadır. Yəni, vətəndaşını taleyin ümidinə buraxmır, ən müxtəlif səbəblərdən ona dəyən ziyanın qarşılanması üçün bütün tədbirləri görür. Müharibənin vurduğu yaraların isə ən qısa zamanda aradan qaldırılacağı və evləri dağıdılan ailələrin əvvəlkindən də yüksək səviyyədə rahatlığa qovuşacaqları şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”