Enerji, yoxsa durğunluq gətirir?

0
420
Kimliyindən asılı olmayaraq, hər bir insan istirahəti çox sevir. 
Xüsusən, yay aylarında insanlar işlərinə fasilə verib, istirahətə getməyə can atırlar. Əgər işiniz sizi ailənizdən uzaqda, başqa şəhərdə yaşamağa məcbur edirsə, deməli, məzuniyyət lap ürəyinizdən xəbər verir. Bu məzuniyyət sizə təkcə işdən uzaqlaşıb dincəlmək şansı verməklə kifayətlənmir, eyni zamanda sizi ailənizə qovuşdurur. Dostların və ailənizin əhatəsində keçən planlı və ya plansız günlərin “kaş ki sonu gəlməyəydi…” deyirsiniz. Lakin hər gözəl şeyin sonu olduğu kimi, istirahətin də sonu olur. Halbuki məzuniyyətdən çox şey gözləyirdik. Ən birincisi, işə yeni ideyalarla, yeni enerji ilə başlamağı düşünürdük. Amma reallıqda nəticə bir qədər başqa olur. Belə ki, istirahətdən sonra işə yenidən uyğunlaşmaq, adaptasiya olmaq çətin olur. Bu, adətən, sosial münasibət qura bilməmək, fikrin dağınıq olması, fiziki cəhətdən yorğunluq, aqressivlik kimi özünü göstərə bilir. Bu hala, demək olar ki, hər kəsdə rast gəlmək mümkündür. Bəs bu haldan qurtulmağın yolu nədir? Məzuniyyət sonrası işə yenidən adaptasiya olmaq üçün nələrə diqqət etməliyik?

 

Depressiyaya düşmüsünüzsə…

Məlumdur ki, istirahət zamanı adət etdiyimiz kimi səhərin erkən saatında oyanmaq əvəzinə, yuxudan doyanda yerimizdən qalxırıq. İşdən yorğun halda qayıdıb bişirilən yeməklər də artıq yerini usta əlindən çıxan ləziz yeməklərə verir. Qohumları ziyarət etmək, əvvəl olmadığın yerləri gəzmək insana heç də gərgin iş prosesini xatırlatmır. Lakin bütün bunların bir anda bitməsi və yenidən işə başlamaq insan psixologiyasında dəyişikliklərə yol açır. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov “Zaman-Azərbaycan”a müsahibəsi zamanı depressiya hallarının daha çox istirahət müddəti uzun olduğu zaman baş verdiyini bildirdi: “Depressiya halları daha çox istirahət uzun müddət davam edərsə, baş verir. İnsanın, təbii ki, istirahətə ehtiyacı olur və yeni yerlərdə olmaq ona müsbət nəticə gətirə bilər. Lakin istirahət prosesi uzun müddət davam etdikdə insanlar yenidən işə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu da depressiya hallarının yaşanmasına gətirib çıxarır. Onlar yenidən işə başlasalar da, adaptasiya olmaqda çətinlik çəkir və öz işlərində bir müddət fayda verə bilmirlər. Ona görə də yaxşı olardı ki, istirahət müddəti bitənə bir gün qalmış insanlar özlərini iş həyatına alışdırsınlar. Əksər hallarda məzuniyyətdə olan işçi həmin müddət ərzində bir neçə dəfə iş yerinə gedib-gəlir. Bu, mütəmadi hal almasa da, işdən tamamilə uzaqlaşmamaq, formada qalmaq mahiyyəti daşıyır. Yay hər kəsin ağlında istirahət ayı kimi qaldığından həmin müddətdə insanlar işləsələr də, lazımi performans göstərə bilmirlər”.

E. Rüstəmov onu da qeyd etdi ki, məzuniyyət müddətində işdən tam uzaqlaşmamaq üçün arada işi xatırlamaq, qayıtdıqdan sonra nələr edəcəyi haqda planlar qurmaq da məqsədəuyğundur.

İşdən sonra açıq havada gəzmək

Araşdırmalar göstərir ki, məzuniyyət sonrası depressiyanın əlamətlərindən biri də həmin şəxsin özünü işində uğurlu hesab etməməsi kimi büruzə verir. Belə olduqda işlədiyi müddətdə qazandığı uğurları xatırlayaraq və yenidən uğur qazanmağın, irəliləməyin onun öz əlində olduğunu düşünərək, özünə stimul verməyi bacarmalıdır.

Mütəxəssislər hesab edirlər ki, işə qayıtdıqdan sonra dərhal ciddi işlərə girmək doğru deyil. İşə tədricən, yüngül işlərdən başlamaq daha tez və rahat adaptasiya olmağa kömək edir. Yeni işlərə girişmək əvəzinə, tətildən əvvəlki işlərinizi nəzərdən keçirmək, müsbət və mənfi tərəflərinizi müəyyənləşdirib, onları düzəltməyi hədəfləmək daha yaxşı nəticə verə bilər. İşə başlayaraq özünüzü tamamilə istirahətdən məhrum etmək yaxşı fikir deyil. Belə ki, işdən sonra açıq havada gəzmək və ya dostlarla bir neçə saat vaxt keçirmək müsbət yöndə dəyişikliyə səbəb ola bilər.

İstirahət də, iş də insanın ən böyük ehtiyacıdır. Sadəcə, işini düzgün planlaşdırmaq və istirahət üçün ən doğru zamanı seçmək müsbət nəticələrin göstəricisi ola bilər. Gördüyün işdən asılı olmayaraq, birbaşa zirvəyə qalxmaq mümkün olmadığı kimi, büdrəyərək qalxmaq da normal bir haldır. Önəmli olan bu yolda iradəli olub yenidən ayağa qalxmaq, güc toplamaq və irəliləməkdir. Yaradan qullarına “səndən hərəkət, məndən bərəkət” şüarı ilə yaşamağı hədəf göstərir. Hərəkətin olmadığı yerdə isə durğunluq hakimdir.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here