Elza xanıma iradım

592

Mən hələ də çox təəccüb edirəm ki, niyə camaatın bir qismi Elza xanımın (Elza Seyidcahanı deyirəm) adı çəkiləndə dodaq büzür. Axı onun hansı mahnısı, yaxud şeiri pisdir? Axı niyə onun həyata keçirdiyi yeniliklərə belə münasibət göstərilir? Amma mənim fikrimcə, zaman gələcək onlar dodaqlarını geri çəkmək məcburiyyətində qalacaqlar. Mən buna qəti əminəm. Əlbəttə, belə bir qənaətə gəlməyimdə əlimdə əsas var. Əsas olmasaydı, belə ötməzdim. Əsas da elə bir şeydir ki, gərək onun qarşısında susasan (Amma mən heç kimi susdurmaq fikrində deyiləm. Sadəcə, necə deyərlər, söhbətdir, edirəm). A kişilər, nə tez unutdunuz, məgər biz yeniliklərə qarşı həmişə Don Kixot kimi mübarizə aparmamışıqmı? Yenilikçilərə şəbədə qoşmamışıqmı? Amma sonradan bəlli olub ki, sən demə, yanlış yoldayıqmış. Məgər biz bir zamanlar cazmen Vaqif Mustafazadənin fərqli ifa tərzinə irad tutmadıqmı? Elə bu iradlarla onu özümüzdən incik salmadıqmı? Ustad xanəndə Alim Qasımovun muğama gətirdiyi yenilikləri topa tutmadıqmı? Nə var, nə var, bardaş qurub oxuyur… Nə var-nə var, improvizələr edir… Amma bu gün Vaqif Mustafazadə, Alim Qasımov nəinki məmləkətimizdə, eləcə də dünyada bəh-bəhlə təbliğ etdiyimiz bizim digər sənətkarlarımızdan daha çox tanınırlar.

Məncə, bu gün biz Elza Seyidcahana onların taleyini yaşadırıq. Bəli, bu xanım heyvanlara verdiyi konsertlə də gündəmə gəlib; Ermənistanın prezidenti Sarkisyana, Roma Papasına, dollara… yazdığı şeirlərlə də, millət vəkili olmaq istəyi ilə də… Elə buradan bəlli olur ki, bu xanımın fəaliyyəti çoxşaxəlidir. Yəni insaf ilə bir qədər dərindən fikir versək, Elza Seyidcahanın, vallah-billah, çox məntiqli düşüncələrinin olduğu qənaətinə gələrik (Hətta deyərdim ki, bir çoxlarından fərqli olaraq, o, gələcəyini də sığortalayıb). Bununla da o, şou aləminə şou xatirinə gəlmədiyini isbatlayıb. Yox, elə bilməyin ki, mən bu sözlərlə Elza xanımı qaldırıb dağların başına qoyuram. Onun barədə düşündüklərimi yazıram. Bir də yenə deyirəm, sözdür, deyirəm.

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın gələcək planları da diqqətçəkəndir. Məsələn, o, təyyarədə konsert vermək niyyətindədir. Təbii ki, bu heç də asan layihə deyil. Amma güman edirəm ki, bu, baş tutacaq. Çünki bu xanım öz arzularını reallaşdırmaqda israrlıdır. Hə, bir də o, tıxaclarda olan maşınlara konsert verməyə hazırlaşır. Bəri başdan Elza xanımın bir fanatı kimi ona uğurlar diləyirəm. Amma onun daha vacib bir məsələdən öncə belə bir təkliflə çıxış etməsi heç də ürəyimcə deyil. Görünür, bu, sənətkarın gözündən qaçıb. Şəxsən mən çox istərdim ki, Elza xanım bir zamanlar dollarla kredit alanların, həmçinin manatın devalvasiyasından sonra onların ah-ofuna həsr olunmuş bir konsert proqramı ilə çıxış etsin (Təklif edərdim ki, oxuyacağı mahnıların sözlərini özü yazsın. Duetləri bankların rəsmiləri ilə ifa etsin. Əks halda, konsertin heç bir effekti olmayacaq). Və bir daha qeyri-adi sənətkar, həm də xalqın sevimlisi olduğunu sübut etsin. Vallah, belə bir konsert düzənləsə, onun izləyicilərinin sayı milyonu ötər. Bununla da o, ölkəmizdə milyonların qarşısında çıxış etmiş bir sənət adamı kimi də sənət tariximizə düşər. Bəziləri elə bilər ki, mən bu milyonu özümdən uydururam. Əsla belə deyil, fakt bu ki, bu gün məmləkətimizdə kredit borcu olanların sayı 2 milyon yarımdan çoxdur. Bu mənada bu məsələ bu gün camaatın ən yanıqlı yeridir. Hər halda, mənə elə gəlir ki, tıxaca düşmüş maşınlara konsert vermək qaçmır. Onlar üçün konsert sonradan da vermək olar. Maşın qaçmır, tıxac qaçmır. Bir də indi gündəmdəki əsas məsələ tıxaca düşmüş maşınlar deyil ki… Əsas məsələ bankların tilovuna düşmüş insanlardır… Bir də xanım unutmasın ki, bu kreditlər ailələrdə elə tıxaclar yaradıb ki… Amma bu yerdə deməyin ki, sözdür, deyir də…