“Elmsiz təcrübə, təcrübəsiz elm nəyə lazımdır”

1210

Nərmin Haqverdiyeva
Məlum məsələdir ki, bir mütəxəssisin yetişməsi üçün nəzəri biliklərlə yanaşı, praktik biliklərə də ehtiyacı var. Çünki insan öyrəndiyini təcrübə etməlidir ki, o onun yaddaşında qalıcı olsun. Universitetdə təhsil alan bir tələbə nəzəri bilikləri tam ala bilər. Ancaq onu tətbiq edə bilmədikdən sonra o elmin, savadın ona heç bir faydası olmaz. Buna görə də tələbələrə nəzəri biliklərə yanaşı, praktik bilgilər də keçirilməlidir. Günümüzün aktual problemlərindən biri olan gənclərin öz ixtisaslarına uyğun iş tapa bilməmələrinin səbəblərindən biri də budur. Düzdür, bunun müxtəlif səbəbləri ola bilər. Ancaq ən başlıca səbəblərindən biri ya gəncin biliyinin praktikaya tətbiq edə bilməməsi, ya da savadının olmamasıdır. Elə gənclər var ki, universiteti əla qiymətlərlə başa vurur, elmi-savadı mükəmməl dərəcədədir. Ancaq onu praktik olaraq tətbiq edə bilmir. Bəs, görəsən, bu cür mütəxəssislərin yetişməsində ən böyük problem nədir? Nəzəri, yoxsa praktik biliklər?

“Nəzəriyyə ilə təcrübə, quşun iki qanadı kimidir”
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli müsahibəsi zamanı bildirdi ki, təhsil sistemindən irəli gələn müəyyən nöqsanlar var: “Bəzən nəzəri bilik çox verilir, ancaq praktik vərdişlər kifayət qədər olmur. Bunlar ixtisasdan asılı olaraq da dəyişir. Məsələn, əsasən yaradıcı sahələrdə (rejissor, ssenarist, jurnalist və s.) praktik vərdişlər daha vacibdir. Ancaq hüquq sosiologiya kimi bəzi elmlərdə isə nəzəri biliklər əsasdır. Bütün hallarda gənc mütəxəssis həm nəzəriyyəni, həm də praktikanı yaxşı bilməlidir ki, istənilən situasiyada qərar verə bilsin, bir nəticəyə gələ bilsin. Buna görə də bunları bir-birindən ayırmaq olmaz. Yaxşı nəzəri bilikləri olan adamın təcrübəsi, təcrübəsi olan adamın müəyyən nəzəri bilikləri olmalıdır. Yaxşı mütəxəssis olmaq üçün hər ikisi paralel olaraq inkişaf etməlidir. Bunlar bir-birini tamamlamalıdır. Nəzəriyyə ilə təcrübə quşun iki qanadı kimidir. Hər ikisi olması zəruridir. Düzdür, insan etdiyi işi nəzəri biliklərlə əsaslandırmalıdır. Ancaq əlbəttə ki, mövcud iş praktikanı tələb edir. Məsələn, jurnalistika ixtisasını götürək. Bu sahə üzrə yetişən mütəxəssis ilk olaraq yazı vərdişlərinə yiyələnməlidir, qəzet buraxmağı, ssenari yazmağı, videoproqram və s. hazırlamağı öyrənməlidir. İndiki tədris sisteminin ADU (Bakı Dövlət Universiteti) timsalında bu kimi vərdişlərə yiyələnmək üçün böyük imkanlar yaradılır. Jurnalistika fakültəsi üçün radio, televiziya studiyası fəaliyyətə başlayır”.

“Elə ixtisaslar var ki, orada nəzəri biliklər əsasdır”, deyən millət vəkili Nizami Cəfərov hesab edir ki, mütləq çoxluq tətbiqi praktik vərdişləri tələb edir: “ Dünya təhsil sistemində, eləcə də bizdə ən böyük problemlərdən biri tətbiqi sahənin inkişaf etdirilməməsidir. Buna görə də təhsildə nəzərə almaq lazımdır ki, tətbiqi sahə daha yaxşı mənimsənilsin, xüsusilə də orta məktəblərdə. Orta məktəblərdə uşaqların nəzəri bilikləri ilə yanaşı, onların praktik bilikləri də inkişaf etdirilməlidir. Bizim universitetlərdə sovet dövründən qalan, çox da doğru olmayan bir vərdiş, ənənə var idi. Daha çox diqqət nəzəri təhsilə cəlb edilirdi. Hətta ideoloji səviyyədə. Əvvəllər vəziyyət o yerdə olub ki, ADNSU-nu bitirən məzunlar öz ixtisaslarına praktika zamanı mədənlərdə yiyələniblər. Eləcə də digər ixtisaslar. Ancaq yaxşı olar ki, bu balans gözlənilsin. Test üsulu ilə qəbul imtahanı çıxandan bəri nəzəri məlumatların mənimsənilməsi əsas məsələyə çevrilib. Şagirdlər dərsin nəzəri hissəsini öyrənirlər. Çünki orta məktəblərdə tətbiqi işlərə o qədər də fikir verilmir. İmtahanlar daha çox nəzəri biliklər əsasında qurulur”.

“Əvvəlcə bilik, sonra təcrübə lazımdır”
Elmin insana müəyyən zamana qədər lazım olduğunu deyən təhsil üzrə ekspert Nazim Əkbərov “Elmsiz təcrübə, təcrübəsiz elm nəyə lazımdır. Elm insana müəyyən zamana qədər – özünü praktikaya hazırlayana qədər lazım olur. Öyrəndiyinin nə olduğunu anlamaq, nə oxuduğunu bilmək üçün. İnsan əvvəl istədiyi bir sahə ilə bağlı araşdırma aparmalı, onu öyrənməyə, ona aid biliklər əldə etməyə çalışmalıdır. Sonra isə həmin o öyrəndiklərini tətbiq etməlidir. Yaxşı mütəxəssis kimi yetişmək üçün əvvəlcə bilik, sonra təcrübə lazımdır. Əvvəlcə, bazanı qurmalısan ki, sonra ondan istifadə edə biləsən”, – deyə bildirdi.