“Elmlər Akademiyası”nın əsas vestibülü istifadəyə verilib

331

Bu gün “Elmlər Akademiyası” metro stansiyasının əsas vestibülü istifadəyə verilib. Qeyd edək ki, cari ilin aprel ayının 15-də təmir üçün bağlanan stansiyada istifadə müddətini başa vurmuş hər 3 eskalator yeniləri ilə əvəzlənib.  Eyni zamanda bu stansiyada bir çox yeniliklər də tətbiq olunub. Bunlardan biri də ventilyasiya sistemi ilə bağlıdır. İstər stansiyanın özündə, qapıların üst tərəfində yeni havalandırma sistemi quraşdırılıb. Tətbiq olunan yeniliklərdən biri də görmə məhdudiyyətli şəxslər üçün xüsusi zolaqların salınmasıdır.

 

Qeyd edək ki, “Elmlər Akademiyası” stansiyasında təmir və yenidənqurma işlərinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub. Lakin yaxınlıqda ölkənin aparıcı təhsil müəssisələrinin və dövlət təşkilatlarının yerləşməsi, başa çatan yay mövsümü, xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas qüvvələri səfərbər edərək, dəqiq işlənmiş planla təmir-bərpa, tikinti-quraşdırma və yenidənqurma işlərini məhz yeni dərs ilinin ilk gününə qədər başa çatdırmağı qarşıya əsas vəzifə kimi qoyub. Beləliklə, “Elmlər Akademiyası” stansiyasının əsas vestibülü sentyabrın 15-dən yenidən sərnişinlərin üzünə açıqdır.