Elman Abbasov: “Onlar işləməyə can atırlar”

0
452

İnsan öz əməyi ilə qazanmalıdır, sadəcə ona yardım etmək lazımdır. Əlillərin də digər insanlar kimi işləmək hüquqları var. Mingəçevirdə ayaqqabı tikən və təmir edən bir neçə lal-kar ustalarla görüşdük. İlk baxışdan sanki onların problemləri, taleləri birdir kimi görsənir. Heç biri heç kimdən, heç nədən çəkinmir. Başlarını aşağı salıb öz işləri ilə məşğul olurlar. Mingəçevir rayonlararası lal-kar idarə heyətinin sədri Elman Abbasov onların gördüyü işlər barədə bizə məlumat verdi. E. Abbasov dedi ki, bu insanlar daha həssas hissiyyata, daha böyük istedada malik bir insanlardır: “Onlar işləməyə can atırlar. Boş dayanmaqla işləri yoxdur. Burada lallar üçün balaca bir şərait yaratmışıq. Onlar ayaqqabı təmiri və yeni ayaqqabı tikməklə məşğuldular. Özüdə hər dəfə bir ideya kəşf edirlər. Bu yaxınlarda gördüm ki, köhnə cins şalvarlardan, köhnə pencəklərdən, hətta köhnə nimdaş ayaqqabılardan təzə ayaqqabılar tikirlər. Bu tikdikləri ayaqqabıları 5-10 manata satırlar. Yəni gündəlik çörək pullarını çıxarırlar. Heç kimə möhtac deyillər. Yaz-yay üçün cins ayaqqabılar alıcılar tərəfindən çox bəyənilib. Onu da qeyd edim ki, vaxtı ilə bunlar danışan sənətkarların yanında işləyiblər. Artıq özləri sənətkara çevriliblər. Məmmədov Mehdi və Abbasov Nurlan bu gün peşəkar ustadılar. Şəxsən mən özüm də qonşulardan, tanışlardan köhnə ayaqqabıları gətirib onlara verirəm. Bu insanlar müştərini incitmirlər. Müştəri nə versə, ona da qane olurlar. Deyirlər ki, əgər bu gün ailəmə 5-10 manat qazana bilirəmsə, bizə bəsdir. Mingəçevir şəhərində qeydiyyatda 319 lal-kar var. 3 yaşından 90 yaşına qədər. Onların içərisində hər peşəyə yiyələnən lal-karlar var. Mənim də bir sədr kimi borcumdur ki, onların qayğısına qalam. Mingəçevirin bazar müdiriyyətinə təşəkkür edirəm ki, bu insanlar üçün burda yer ayırıb ki, onlar da işləyə bilsinlər”.

Esmira Hidayətova, Mingəçevir