Elgün Əliyevin ibrətamiz addımı və…

0
336

Vətənpərvərliyin ən ali məqamı – şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. 

Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq və bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu olaylar, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımız olur.

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”, – deyən mingəçevirli gənc Elgün Əliyev ibrətamiz addım atıb. O, öz vəsaiti hesabına Mingəçevirdə şəhid bulağı tikdirdikdən sonra onun bu təşəbbüsünə digər gənclər də qoşulublar.

Elgünün atası xeyirxah insan olub. Ata da öz binasının həyətini güllü-gülüstana, yaşıllığa çevirmişdi. Bu gün atadan oğula keçən xeyirxahlıq davam edir. Elgün gördüyü işi ilə gündəmə gəlmək istəmədi. O bizimlə söhbətində nə fotosunun çəkilməsini istədi, nə də müsahibə  vermədi. Sadəcə: “Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri  biz gənclərə  örnəkdir.  Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmalı, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməliyik”, – dedi. 

Bəli, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

 Biz Elgünün bu xeyirxah əməllərini qonşulardan, ətrafdakı insanlardan da eşitdik. Onlar bizə bildirdilər ki, Elgün bu bulağı tikdirəndən sonra şəhərimizin vətənpərvər oğulları onun bu təşəbbüsünə qoşuldular. Gənclər bununla demək  istəyirlər ki, Vətən uğrundan canından keçən igid şəhidlərimiz unudulmasınlar. Onların adları həmişə yad olunsun və bu şəhidin adını daşıyan bulaqdan su içənlər onları bir daha yad edib ruhlarına dualar oxusunlar.

…Mingəçevirdə bu günlərdə müxtəlif küçələrin ərazisində yeni şəhid bulaqları tikilib istifadəyə verilib. Mingəçevir sakinləri də belə gənclərin atdığı addımı alqışlayır və bu kimi gənclərin ölkəmizin hər yerində olmasını arzulayırlar.

Esmira Hidayətova, Mingəçevir