“Elektron xidmətlərə müraciət edənlərin sayı 10 milyonu keçib”

648
“Elektron hökumət” bülleteninin may buraxılışında elektron imza vəsiqələri barədə növbəti statistika açıqlanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu ilin 30 aprel tarixinə ölkə üzrə əldə olunan elektron imza sertifikatları 31 min 682 ədəd təşkil edib. Artıq dövlət qurumlarına 18 min 396 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilən sertifikatların sayı 5 min 817-ə çatıb. Vətəndaşlar isə 7 min 469 sertifikat əldə ediblər.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilən, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.Dünən həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) “Elektron hökümət” portalına daxilolmaların aprel ayına olan hesabatı təqdim olunub. MHM sədri Nail Mərdanov brifinq zamanı bildirib ki, artıq elektron xidmətlərə müraciət edənlərin sayı 10 milyonu keçib. “Portala müraciət edənlərin ümumi sayı isə 1 milyon 710 min 901 nəfər olub. 1,5 milyondan çox şəxs 5 milyon 891 min 732 dəfə portala baxıb və 10 milyon 162 min 678 dəfə elektron xidmətlərə müraciət ediblər”, – deyə N. Mərdanov bildirib. Qurum sədri bildirib ki, vətəndaşlar arasında portala maraq getdikcə artmaqdadır və aprel ayı ərzində portala müraciət edənlərin 29,1%-i yeni istifadəçilər, 70,9%-ni isə təkrar müraciət edənlər təşkil edib. Qeyd edək ki, 2012-ci ilin dekabrından 2015-ci ilin aprel ayına kimi portala ümumilikdə 5 milyon 891 min 732 daxilolma qeydə alınıb. Hesabat brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov deyib ki, Mədəniyyət və Turizm Nazirliyi “Elektron hökumət” portalına qoşulub. Onun sözlərinə görə, nazirliyin ilk elektron xidməti portala inteqrasiya olunub. “Artıq portal üzərindən Azərbaycanın ilk mükəmməl elektron xəritəsi olan “GoMap”-dan istifadə etmək olacaq. Ölkəyə gələn turistlərin rahat hərəkət etmələri üçün biz naviqasiya sistemi yaratdıq. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində 2008-ci ildə qərar verildi. “GoMap” elektron xəritəsinə təkcə turizmlə bağlı məlumatları deyil, ölkədə olan bir sıra qurumların, küçələrin və digər obyektlərin adları da daxil edilib”, – deyə nazirlik rəsmisi qeyd edib. Onun sözlərinə görə, xəritə Türkiyənin “Sinan” şirkəti tərəfindən hazırlanıb və hal-hazırda onun üzərində 25-dən çox mütəxəssis çalışır. “GoMap”-da mütəmadi olaraq yenilənmə işləri aparılır. Q. Abbasov artıq xəritənin mobil versiyasının da mövcud olduğunu bildirib.