Eldar Mikayılzadə fəxri ad məsələsində niyə unudulub?

504

Sabah xalçaçı-rəssam Eldar Hidayət oğlu Mikayılzadənin (1956) doğum günüdür. Onunla bağlı yazı hazırladıq. Lakin sonradan gördük ki, o qədər də uğurlu alınmadı. Odur ki, bu məsələdə bizə yardımçı olmaq məqsədilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə müraciət etdik. O, xalça ustası Lətif Kərimovun tələbəsi olmuş Eldar Mikayılzadəni unikal xalçaların yaradıcısı kimi xarakterizə edərək dedi: “Adi bir misal: Çoxlarının yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şeyin deyilib sona çatdığına, onun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nəsə əlavə etmək mümkünsüzlüyünə inandığı bir vaxtda Eldar Mikayılzadə 25 yaşında – tələbə ikən yaratdığı və dekorativ-sənət məkanına bədii şərhi qeyri-adiliyi ilə seçilən “Şəbi-hicran” (1981) adlı xalçası obrazlı dillə desək, aydın səmada şimşəyin çaxmasına bənzər bir hadisə oldu. Sonrakı illərdə bu mövzuya yenidən qayıdan xalçaçı-rəssam ikinci “Şəbi-hicran”ın (2006) assimetrik kompozisiyasında şairin və onun şah əsəri sayılan “Leyli və Məcnun”un qəhrəmanlarının talelərini təsvirlə naxışların vəhdətində ifadə etməklə, bənzərsiz bir sənət nümunəsi yaratmış oldu. Etiraf edək ki, Azərbaycan xalçaçılığının çoxəsrlik tarixində buna qədər bu cür zəngin məna-məzmunla yüklənmiş xalçalar çox az olub”.
Ziyadxan müəllimin sözlərinə görə, Eldar Mikayılzadə dünya xalçaçılıq sənətinə əvəzsiz töhfələr verib: “Onun XX əsrin sonlarında ərsəyə gətirdiyi “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003) və s. nadir sənət nümunələri belə incilərdəndir. Onun XXI əsrdə ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (hər ikisi 2012) xalçaları isə bədii-estetik tutumuna və bədii-texniki xüsusiyyətlərinə görə bənzərsizdirlər. Mürəkkəb kompozisiyalı, çoxfiqurlu “Yaranış” əsərinin süjet xəttini xalçanın yaranma tarixçəsi, başqa sözlə desək, qoyunların otarılmasından hazır xalçanın bazarda satılmasına qədər uzanan bir yolu əhatə edir. Özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olub. Əsərin ən maraqlı xüsusiyyəti təqdim olunan süjetlər məcmusunun rəssam tərəfindən yeni xalçanın kağız üzərindəki çeşnisi kimi təqdim etməsidir. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib”.
Ziyadxan müəllim daha sonra dedi: “O, dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi (“Kəhkəşan”) bəxş edib. Ədalət naminə deyək ki, tarixdə buna bənzər xalça mövcud olub. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış həmin toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. İki ilə başa gələn “Kəhkəşan”ın toxunuşunda pambıq, yun, ipək və qızıl saplara tapınılan xalçada qiymətli daş-qaşlardan istifadə olunub. Bu yerdə xalçanın texniki baxımdan heç də asan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Yaradıcılığı boyu ərsəyə gətirdiyi xalçaların çox az bir qismi onun vətənində qalıb. Əksəriyyəti dünyanın ən nüfuzlu kolleksiyalarında saxlanılır”.
…Ziyadxan müəllimin bu məlumatından sonra Eldar Mikayılzadəyə da zəng açdıq. Onu təbrik etməklə yanaşı, bizi düşündürən bir sualla da ona müraciət etdik:
– Eldar müəllim, sizin fəaliyyətinizi araşdırarkən adınızın qarşısında heç bir epitetə rast gəlmədik. Məgər siz indiyədək ölkəmizdə heç bir fəxri ada, mükafata layiq görülməmisiniz…
O sadəcə:
– Hələ ki yox, – dedi…
Görəsən, sənət aləmimizdə bu qədər iş görmüş Eldar Mikayılzadə niyə unudulub?
Qvami