Eldar Əzizov: “Nyu-Yorkda Bakı küçəsi olacaq”

441

Paytaxtımız Bakı şəhərinin mərkəzi rayonu olan Səbail ilə ABŞ-nın Nyu-York şəhərinin əhali cəhətdən ən böyük rayonu olan Bruklin inzibati rayonu arasında yaradılmış dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adams ilə görüşüb. Bu barədə saytımıza Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
Görüşdə 2014-cü ildən qardaşlaşmış rayonlar olan Səbail və Bruklin arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, bu məqsədlə birgə atılacaq addımlar müzakirə olunub.
Nyu-York şəhəri Bruklin inzibati rayonunun prezidenti Erik Adams cari ilin sentyabrında Bakıda səfərdə olduğunu xatırladaraq paytaxtımızdan olduqca xoş təəssüratlarla döndüyünü vurğulayıb. Azərbaycan cəmiyyətinin tolerantlığının və sülhpərvərliyinin bir daha şahidi olduğunu vurğulayaraq deyib ki, iki rayon arasında işgüzar əlaqələrin qurulması tərəflər arasında əlaqələrin daha da genişlənməsinə şərait yaradacaqdır. E.Adams universitet tələbələri və yuxarı sinif şagirdləri üçün müxtəlif mövzularda birgə proqramların təşkil olunmasını təklif edərək belə mövzulardan biri kimi qaçqın mövzusunun ola biləcəyini deyib. E. Adams Bruklindəki küçələrin birinə Bakının adının verilməsi təşəbbüsünü irəli sürdüyünü bildirib.
Nümayəndə heyətinin rəhbəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycanda son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışıb. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində son illər Azərbaycan böyük inkişaf yolu keçib, burada böyük iqtisadi irəliləyişlər əldə olunub. Məhz bu siyasətin nəticəsidir ki, regionda baş verən siyasi və iqtisadi böhran və gərginliklərə baxmayaraq, bu gün Azərbaycan da sabitlik və əmin-amanlıq hökm sürür. Eldar Əzizov Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu diqqətə çardırıb, ABŞ-dakı erməni diasporu tərəfindən amerikalılara bu münaqişənin qeyri-düzgün çatdırılması, burada apardıqları anti-Azərbaycan təbliğatından narahatçılığını bildirib.
Eldar Əzizov, eyni zamanda, mədəniyyət, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq potensiallarının mövcudluğunu da qeyd edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri hər il may ayının Bruklində Azərbaycan mədəniyyəti və Qafqaz irsi ayı elan edilməsinə görə Erik Adamsa və bu tədbirin yüksək səviyyədə təşkil olunmasında fəal iştirakına görə Bakı-Bruklin Qardaşlaşmış şəhərlər Assosiasiyası və onun prezidenti Mariyetta Rozentala da təşəkkür edib.
Tədbirdə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, eləcə də Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov da iştirak ediblər.