Elcan Abbasov Şuşayadək şərəfli döyüş yolu keçib

101

44 günlük Vətən müharibəsinin şəhidi 21 yaşlı Elcan Əfsəddin oğlu Abbasovun dünən mövludu idi. Yaşasaydı 21 yaşını qeyd edəcəkdi.  Onsuz keçən doğum gününə  Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, şəhid anaları və ictimayyət nümayəndələri, şəhidin döyüş yoldaşları, məktəblilər qatılmışdılar.

Şəhidin doğum günündə çıxış edən deputat  bildirib ki, bizlər bu  dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq:”Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldu. Bundan sonra da örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Şəhidlərimiz  daim qəhrəmanlıq, vətənpərvərlik nümunələri olacaqlar”.

Elcan  ailənin iki oğul övladından biri idi. Elcanın ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu.  Elcan 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulmuşdu, istedadlı qarmon ifaçısı idi. Həm də yaxşı idmançı idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. Əslində bu onun çoxdankı arzusu idi. Orada nümayiş etdirdiyi yüksək göstəricilərlə komandanlığın etimadını doğrultmuşdu.  Doğum günündən dörd gün sonra qatıldığı Vətən Müharibəsindəki şücaəti ilə ürəkləri fəth etdi.

Anası Ulduz Nəsibova deyir ki, Elcan Füzulidən Şuşaya kimi şərəfli döyüş yolu keçib. Hadrut, Xocavənd, Şuşa və digər istiqamətlərdə gedən ağır döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Xeyli düşmən hərbçisini və hədəflərini məhv edib, yaralı döyüş yoldaşlarının təhlükəsiz ərazilərə çıxarılmasına yardım edib. Şuşa uğrunda gedən ağır döyüşlərdə isə şəhid olub.

Şəhid anası Ulduz xanım daha sonra bildirir ki, “İki övladım var, hər ikisi hərbçidir. Onları atasız böyütmüşəm. Elcan Abbasov şəhid olsa da, başım həmişə ucadır. Zəhmətkeş uşaq idi. Böyük arzuları vardı, yunan-roma güləşçisi idi. Çoxlu medalları, təltifləri var idi. Tez-tez danışırdıq. Deyirdi ki, narahat olma, mən çox yaxşıyam. Əsgərliyi bitirməyinə az qalmış, boylu-buxunlu olduğu üçün gəlib onu Xüsusi Təyinatlılara seçmişdilər. Mən istəməsəm də, o, elə yerlərə can atırdı. Kursu fərqlənmə ilə bitirmişdi.  Axırıncı dəfə oktyabrın 28-də danışmışam. O, həmişə ön cəbhədə imiş, mənə elə deyirmiş. Döyüş yoldaşları ilə danışmışam, deyirdilər ki, mərd qorxmaz oğlandır. Özünə iş qurmaq, ev almaq istəyirdi. Arzuları çox idi”.

Elcanın itkisini ağrı-acı ilə yad edən nənəsi  Qızbəs Qurbanova isə nəvəsinin düşmənə layiqincə cavab verərək, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirir: “Sağ olsun bizim Prezidentimiz, bu torpaqları qaytardı özümüzə. Bizim igidlərimiz getdi qabağa. O torpağı aldılar, erməniləri də yana-yana qoydular”.

Qeyd edək ki, şəhidin adı xatirə lövhəsi ilə əbədiləşdirilib.

Çoxları bəlkə də onun 20 yaşınadək keçdiyi həyat yoluna qibtə ilə baxır, yetişdiyi şəhidlik zirvəsini xəyallarında təsəvvür edib canlandırır. Çünki Elcan Abbasov tarixdə və ürəklərdə əbədi yaşamaq haqqı qazandı.

Esmira Hidayətova, Mingəçevir