Elariz: “İki qardaş idik, ya o gedib şəhid olmalı idi, ya da mən”

653

– Elariz bəy, sizinlə bağlı məlumatları internetdə gözdən keçirərkən bir məqam diqqətimizi çəkdi: sizin daha çox 2000-2004-cü illərdə ifa etdiyiniz populyar mahnılardan bəhs olunur.
– Mən fəaliyyətə 1997-ci ildən başlamışam. Hər bir sənətçinin tanınma dövrü var. 2000-ci ildə səhnəyə gəldim, o vaxtdan populyarlıq başladı. O vaxtdan çalışmışam həmişə yeni-yeni işlər görüm. Çox sənət adamlarından fərqli olaraq, mən həmişə öz cibimə uyğun işlər görmüşəm. Yəni ki, heç vaxt sponsor axtarışında olmamışam, heç vaxt sponsorum olmayıb. Özüm qazanmışam, ordan ailəmə xərclənəcək pullar çıxarılıb, qalanlar sənətə xərclənib. Özüm klip çəkdirmişəm, özüm mahnılar almışam bəstəkarlardan, bəzən özüm də yazmışam mahnıları, aranjimançıya özüm pul vermişəm, kliplər və s. Yəni hər işi dişimlə, dırnağımla eləmişəm və nəyəsə nail olmuşam. Elə məqamlar olub ki, məsələn, maddi cəhətdən bir az çətinliyim olub klip çəkdirməmişəm, amma bu o demək deyil ki, fəaliyyətimi saxlamışam. Hər zaman çalışmışam, klassik estrada mahnılarını öyrənmişəm. Mahnılar yazdırmışam, elə məqamlar da olub ki, mahnını öyrənmişəm qoymuşam bir qırağa ki, imkan olanda yazdıraram. Mənim yaradıcılıq fəaliyyətim bir az keçməkeşlidir. Üzdə olduğum dövr də olub, bir az geriyə çəkildiyim dövr də olub, amma fəaliyyətim dayanmayıb.
– Üzdə olmaq dövrü maliyyə ilə bağlıdır?
– Əlbəttə. Mən özümdən danışa bilərəm. Tutaq ki, məni dəvət ediblər ad günlərinə, banketlərə, toylara, ordan müəyyən məbləğ qazanmışam. O müəyyən məbləğ, əlbəttə ki, birinci növbədə ailəyə xərclənir, amma yaradıcılığa da mütləq pul ayırmaq lazımdır. Fotoqrafın əlində yaxşı fotoaparat olmalıdır ki, istədiklərini ürəyincə çəksin. Müğənnilik də belədir. Bu gün yeni bir mahnı yazdırmalısan, onu daha çox insanlara çatdırmaq üçün internetdə yayımlamalısan, klipini çəkdirməlisən, radiolara paylaşdırmalısan, yaxşı olar ki, klipin təqdimatını edəsən və s. Bütün bunlar maliyyə ilə bağlıdır. Efirə vermək isə çox əvvəllər maliyyə ilə idi, indi isə mənimçün bütün efirlər pulsuzdur, çünki hansı efirə gedirəm, deyirlər ki, sən veteransan (gülür). İncəsənətdə çoxdankıyam, təsadüfi gələn insanlardan deyiləm. 10 yaşımda tar və fortepiano üzrə musiqi məktəbinə getdim, 5 il ərzində oranı bitirdim. 5 il ərzində də vokal dərsləri aldım. Solist oldum. Sonra fərdi şəkildə dərslər aldım. Daha sonra İncəsənət Universitetində rejissorluq, aktyorluq fakültəsini bitirdim. Hazırda əlimdə rejissorluq, aktyorluq, vokal olmaqla 3 sənət var, hər üçünü işlədə bilirəm. Sovet rejimindən fərqli olaraq bu gün istedad varsa, ona mütləq maliyyə dəstəyi əlavə olunmalıdır. Sovet vaxtı belə deyildi, o vaxt istedadın var idisə bəyənirdilər, səni həmişə efirlərdə göstərirdilər. İndi elə deyil, əgər bacarırsansa, özünü gündəmdə saxlaya bilirsən. Onun üçün də hər zaman yeni-yeni işlər görmək lazımdır. Elə işlər görmək lazımdır ki, o işlər həm sənətə xidmət eləsin, həm kommersiyaya. Çünki sənətlə məşğul olanda pul qazana bilmirsən. Kommersiya xarakterli mahnılar da yazdırmalısan ki, onun hesabına səni konsertlərə, toylara dəvət eləsinlər, sən də pul qazanıb özünü gündəmdə saxlaya biləsən.
– Kommersiya mahnılar deyirsiniz, onlar necə mahnılardır?
– Tutaq ki, əvvəl daha çox Tofiq Quliyevdən oxuyurdum, “Yalqızam yalqız” və s. oxuyurdum. Bunlar kommersiya xarakterli deyil, bunlara görə insanı toya aparmırlar. Mən də gördüm ki, belə mahnıları çox oxuyuram, pul qazana bilmirəm. “Matanı” rəqsi deyilən bir xalq rəqsi var, ona camaatımız söz qoşmuşdu o vaxt. Mən hələ onda uşaq idim. Sonra həddi-büluğa çatanda fikirləşdim ki, onu oxuyum, insanlarda maraq oyanar. Bu mahnını oxudum və tutdu. Bu mahnı ilə məni toylara apardılar. Artıq pul qazanmağa başladım. Eyni zamanda da paralel olaraq Rauf Hacıyevdən, Emin Sabitoğludan, Oqtay Kazımidən, Eldar Mansurovdan, Nadir Əzimovdan, Ruhəngiz Qasımovadan, Vaqif Gərayzadədən bu günkü günə qədər oxumaqdayam. Həm sənət mahnıları, həm də kommersiya mahnıları olmalıdır.

– Adınızın mənası nədir, bu adı sizə kim verib?
– Bu, adı əlbəttə ki, mənə valideynlərim veriblər. Valideynlərim çox savadlı insanlar olduqlarından düşünüb tapıblar. El və ariz. El türk sözüdür, vətən oba deməkdir. Ariz sözü isə arzu sözünün köküdür, arzulayan deməkdir.
– 60-cı illərdə Bakıda doğulmusunuz, həmin illəri xatırlayanda darıxırsınızmı?
– 1964-cü ilin dekabrında doğulmuşam. Nostalji hisslər hamıda olur. Hər kəs uşaqlığı üçün darıxır. “Sovetski” adlanan yerdə yaşamışam, həm də İçərişəhərdə. “Sovetski”də bir həyətimiz var idi, bir həyətdə 18 ailə yaşayırdı. O yaşam tərzini mən ideal saya bilmərəm. Təsəvvür edin ki, həyət basırıq, evlər köhnə. Yəni onu mən ideal həyat saya bilmərəm. Bu gün çox təmiz bir şəraitdə yaşamaq daha gözəldir, amma nostalji hisslər həmişə var. Həmişə keçmişi xatırlayanda fikirləşirsən ki, o vaxt maraqlı idi, amma əslində bu gün üçün də sabah deyəcəksən maraqlı idi. Bəxtiyar Vahabzadənin çox gözəl bir fəlsəfi fikri var şeirində: “İndi mənə şirin gəlir, ötən acı xatirələr”. Keçmişdə “Azneft” meydanında su dükanı var idi, ordan keçəndə həmişə su içirdim. Bu artıq ənənəyə dönmüşdü. İndi o su dükanı yoxdur, sökülüb. Belə şeylər üçün adam darıxır, amma əslində su dükanını söküb, yerində daha gözəl bir şey tikiblər. Sadəcə olaraq, bu, nostalji hisslərdir.
– “Toy müğənnisi” ifadəsinə münasibətiniz…
– Mən öz dövrümüzdən danışım: toya gedən müğənnilər Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev, Səməd Səmədov, Eyyub Yaqubov, Arzu Rzayev, sonrakı mərhələdə mən Elariz Məmmədoğlu, Rüfət Mehdiyev (rəhmətlik) və s. Bizə konkret olaraq toy müğənniləri deyirdilər, mən də bunu qəbul edirdim. Amma bəziləri bizə, sadəcə, toy müğənnisi kimi baxırdılar. Onlar fikirləşirdilər ki, təkcə səhnə-filan olmalıdır, amma sonra belə oldu ki, biz səhnəyə gəldik, o müğənnilər də toylara getdilər. İndi artıq hər kəs toylara gedir. Düzdür, toy aparmaq, toy idarə etmək qabiliyyəti Allah tərəfindən hər kəsə verilməyib. Pis yaxşı aparırlar. Düzdür, hərdən mən yaxın qohumların toyunda qonaq olanda o toyu aparan müğənninin toyu idarə eləməsindən narazı oluram. Daxilimdə əsəbiləşirəm, amma mən neyniyə bilərəm, onda o qabiliyyət yoxdur. Amma konkret toy aparan müğənnilər var ki, mən onların toy idarə eləmələrini bəyənirəm, özüm də daxil olmaqla.
– Deyirsiniz, baxanda əsəbiləşirəm, toy necə aparılmalıdır?
– Onu mən üç dəqiqəyə, beş dəqiqəyə izah edə bilmərəm. Çünki onun üçün xüsusi qabiliyyət lazımdır. Ya da ki, mənim kimi rejissorluq fakültəsini bitirməlisən, aktyorluğun olmalıdır, hər vəziyyətdən çıxmağı bacarmalısan. Birinci, həm canlı oxumalısan, həm də düzgün oxumalısan, səsində deton olmamalıdır. Oxuya-oxuya düşünməyi də bacarmalısan ki, bundan sonra nə olacaq, çünki cürbəcür hadisələr olur toylarda. Orda bəyin atası, anası var, gəlinin atası, anası var, dayılar, əmilər, cürbəcür situasiyalar və s. Onların hamısını nəzərə ala-ala oxumalısan. Bir var, heykəl kimi durub oxuyursan, aləm dəyir bir-birinə, kimsə nəsə istəyir alınmır, qonaqlar narazı gedirlər. Bir də var, bütün qonaqların arzularını maksimum yerinə yetirmək iqtidarındasan. Yeri gələndə elə bir cavab verməlisən ki, vəziyyətdən çıxasan və hamı gülüşsün, hamıya xoş gəlsin. Yəni bu başqa bir sahədir. İndi girişiblər bu sahəyə. Bəzən müğənnilər tamada da aparmırlar ki, guya toyu özü aparacaq. Guya ki, bu, Səməd Səmədovdur, Elariz Məmmədoğludur. Ona görə də toylarda bərbad vəziyyət əmələ gəlir. Mən də bunu qıraqdan görürəm və xoşuma gəlmir, daxilimdə əsəbiləşirəm, amma tənqid eləməyin də mənası yoxdur. Sadəcə, onu deyə bilərəm ki, toy aparmaq qabiliyyəti xüsusi istedad tələb edir. Yeri gəlmişkən deyim ki, mənim üçün fərqi yoxdur, hara dəvət edirlər, ora da gedirəm. Azərbaycanın bütün bölgələrində toylarda olmuşam. Digər ölkələrdə də toylarda olmuşam.
– Bir müsahibənizdə demisiniz ki, bəzi toylara gedirəm pul almıram. Bu yenə də davam edirmi? Yoxsa, reytinq üçün deyilmiş bir fikir idi.
– Bizim də öz ətrafımız var. Məsələn, incəsənət adamları. Hansısa kanalda bir operator var, onlar vaxtaşırı bizim ünsiyyətdə olduğumuz insanlardır. Bu insanlar konkret olaraq maaşa baxan insanlardır, 200-300 manat maaş alırlar. Bu, Elariz Məmmədoğlunu toya dəvət etmək iqtidarında deyil. Amma özünə toy edir, evlənir, mən də bir sənət yoldaşı kimi toyuna gedib, yarım saat oxuyuram və pul götürmürəm. Mən də ona öz yardımımı, hədiyyəmi belə edirəm. Uşaq evlərində kütləvi sünnət toyu keçiriblər, gedib canla-başla 5 saat oxumuşam. Çox kasıb bir insan gəlib ki, pulum yoxdur. Demişəm, yarım saat oxuyaram. Deyib yox, əvvəldən axıradək oxumağını istəyirəm, ancaq pulum yoxdur. Demişəm onda yarı qiymət də olsa musiqiçilərin pulunu ver. Siz sual verdiniz, cavab verdim. Elədiyin yaxşılığı gözə soxmaqdan xoşum gəlmir.
– Böhran sizə necə təsir edib?
– Bu, dünyada gedən prosesdir, Azərbaycana da az-çox təsir etməlidir. Bizə şükürlər olsun ki, bir ciddi təsir eləmir. Əlbəttə, toyların sayı nisbətən azalıb, qazanc nisbətən azalıb, ancaq acından ölmürük ki.
– Atam imkan versəydi, general olmuşdum demisiniz. Qardaşınız da səhv etmirəmsə polis idi və şəhid olub.
– Mən Murmanskda hərbi xidmətdə olanda təklif gəldi ki, səni milisə götürək. Mən də həvəslənmişdim ki, milis olacağam. O vaxt evə məktub yazırdın 10 günə gedirdi, 10 günə cavab gəlirdi. İndiki kimi deyildi ki, zəng edib birbaşa danışaydın. Mən də o vaxt rəhmətlik atama yazdım ki, qalıb burda milisdə işləmək istəyirəm. Atam cavab yazdı ki, “sənin heç üzünə də baxmaram, oğulluqdan çıxararam, qayıt Bakıya. Mən də qayıtdım. Müsahibələrimin birində də dedim ki, atam imkan versəydi milisdə, indiki polisdə general olardım. İndi o yaşımdı. Qardaşım isə 1993-cü ilin fevralın 19-da Ağdərədə şəhid olub. Artıq 23 il keçib. Vətən uğrunda xidmət etmək hər birimizin borcudur. İki qardaş idik. Ya o gedib şəhid olmalı idi, ya da mən. O vaxtlar mümkün idi ki, pul verib əsgər getməsin, amma qardaşım dedi ki, yox, mən getməliyəm. Sən getmə, mən getməyim, o biri getməsi, bəs bu vətəni kim qoruyacaq? O belə bir insan idi. Mən də o fikirdə olmuşam, sadəcə, evli idim deyə, həm də ailənin yükü mənim üzərimdə idi deyə qardaşım getdi və şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Elariz Məmmədoğlu ailədə necə insandır? Bildiyimizə görə, övladlarınıza qadağalar da qoyursunuz. Qadağalarınız necə qarşılanır?
– Bilirsinizmi, ailə varsa, övladlar varsa, orda mütləq tərbiyə olmalıdır. Bunun nəticəsi olur. Mümkün deyil ki, uşağı tərbiyə edəsən, o bunu qəbul eləməsin. Uşağa tərbiyə verirsən, o da öz tərbiyəsi ilə, əxlaqı ilə, həyat tərzi ilə onu sənə qaytarır. Mən də elə şeylər var ki, qadağan edirəm. Övladlarım da bunu normal qəbul ediblər. Məsələn oğluma siqaret çəkməyi qadağan eləmişəm. Siqaretin insana heç bir xeyri yoxdur, ancaq ziyanları çoxdur.
– Bəs sizin özünüzə nə vaxtsa qadağa qoyulubmu? Nə qadağa qoyulub və necə qarşılamısınız?
– Valideynlərim tərəfindən hansısa qadağalar yəqin ki, qoyulub, indi hamısı yadımda deyil. Amma filan şey olmaz deyiblər, mən də qulaq asmışam sözlərinə və əməl eləmişəm. Başqa vaxt qadağa xatırlamıram. Musiqi aləmində isə belə bir qadağa olmayıb. Sənət insanı azad olmalıdır. Yəni ki, istədiyin mahnını, istədiyin janrda oxumalısan. Bakı folklorundan da, Azərbaycan xalq mahnılarından da oxumuşam, estrada mahnılarımızdan da oxumuşam, Azərbaycan klassik estradasından da oxumuşam, somfonik romanslar da oxumuşam, yəni hər sahədə özümü sınamışam. Müəyyən rollar da oynamışam.
– Babasınız… Necə hissdir? Sizi efirdə görəndə nəvələriniz necə reaksiya verirlər?
– Uşaq olarkən adım çox müasir səslənirdi – Elariz. O vaxtlar fikirləşirdim ki, ay Allah, görəsən, mənə nə vaxtsa Elariz dayı, Elariz əmi, ata, Elariz baba deyəcəklər? Fikirləşirdim ki, adım çox müasir səslənir. Amma bu gün sənət aləmində bir neçə gənc müğənni mənə dayı deyir. Bir iki dəfə də əmi deyiblər, demişəm ki, əmi Əlibaba Məmmədova deyirlər, o “zanitdi” onu deməyin. İndi bir də görürsən, evə şəhər telefonundan zəng gəlir. Deyir, baba necəsən. Yəni ki, baba adını da şükür Allaha eşitdik. Efirdə oxuyanda da qızım soruşur kimdi o, deyir Elariz baba. Telefonda onun görüntüləri də var, mən efirdə oxuya-oxuya nəvəm baxır mənə. Yəni ki, bütün bunları şükür Allaha ki, mən yaşayıram. Babalıq hissi də belədir ki, hər kəsə arzulayıram. Çox gözəl hisslərdir, çox yaxşıdır. Bəzən deyirlər ki, nəvə övladdan daha şirin olur, amma övladın öz yeri var, nəvənin öz yeri.
– İstanbulda qayıq sürərkən ölüm təhlükəsi ilə üzləşmişdiniz. Ölüm sizin üçün nədir? Ölümdən qorxursunuz?
– Bəli, həmin gün ölümlə üzləşmişdik. Məncə, insan ölümdən qorxmalıdır. Allah insana bütün hissləri verib. Sevmək, nifrət eləmək, qorxmaq, cəsarətli olmaq, təkəbbür, paxıllıq bunların hamısını verib. Baxır ki, onları ağlınla necə idarə edirsən. Bu yaxınlarda oxuyuram ki, Vaqif Səmədoğlu ölüm anında xanımına deyib ki, otaqdan çıx və sakit-sakit ölümü qəbul edib. Mənə elə gəlir ki, mən də elə olaram (gülür).

– Toyunu apardığınız insanlar övladları ilə qarşınıza çıxırmı?
– Bu günlərdə bir idmançı ilə rastlaşdım, vaxtilə onun toyunu idarə eləmişəm. Gördüm ki, maşallah, yanında iki oğlu var. Uşaqları karate məşqindən gətirirdi, dedi hələ bir qızı da var. Onların toyunda oxumuşam, indi böyük uşaqları var. 20 ildən çoxdur ki, toylara gedirəm. Görəndə ki, toyunu oxuduğum insanların övladları var, çox gözəl hisslər keçirirəm.
– “Xatırla məni” mahnınız var. Elarizi 50, 100 il sonra nə ilə xatırlayacaqlar?
– Təvazökarlıqdan uzaq olsa da deyəcəyəm: yaxşı sənətkar, yaxşı insan və yaxşı ailə başçısı.
– “Guya” adlı mahnınız var. Sizə guya təsiri bağışlayan hansı məqamlar var? Yaxud hansı hallarda guya deyirsiniz?
– Çox hallar olur. “Guya” mahnısının musiqisi Nazim Əhmədindir. Sözlərini isə özüm yazmışam. Mən özümə şair demirəm, amma mətn müəllifi deyə bilərəm. Hansısa mahnıya mətn yaza bilərəm; musiqi bəstələyirəm, amma özümə bəstəkar deyə bilmərəm. Həvəskar bəstəkar deyə bilərəm. Çünki mənim musiqi təhsilim olsa da bəstəkarlıq təhsilim yoxdur. İncəsənət adamısansa, rəqs eləməyi də bacarmalısan, oxumağı da bacarmalısan, ssenari də yazmalısan, mətn də, musiqi də. Sadəcə olaraq, onlardan birini önə çıxarmalısan. Bir nəfər tanıyıram – bütün rejissor, bəstəkar, aktyorlar, şairlər, bir sözlə, hamı ilə düşməndir. Ona görə ki, rejissorların içində deyir rejissoram, aktyorların yanında deyir aktyoram, onlarla mübahisə edir, şairlikdən söhbət düşəndə çıxarır bir dənə şeir qoyur ortalığa, musiqidən söz düşəndə deyir filan musiqini mən yazmışam. Hamının ondan zəhləsi gedir. Ay qardaş istedadın var, ancaq birini önə çıxar, de ki, mən aktyoram, hamısı olmur axı…
– Mahnılarınızı başqaları da ifa edir, yoxsa ancaq özünüzə yazırsınız?
– Başqa tanınmış müğənnilər də oxuyurlar. Ruhəngiz Musəvi, Aslan Hüseynov və başqaları. Səməd Səmədov üçün “Sevəcəyəm” adlı bir mahnı yazdım. Hər yerdə də elan eləyib ki, sözləri və musiqisi Elariz Məmmədoğluna aiddir. Camaata da maraqlıdır ki, bu müğənni o müğənninin bəstələdiyi mahnını oxuyur.
– Yerli kanallarımıza, şou proqramlara baxırsınızmı?
– Yerli kanallara, əlbəttə ki, baxıram. Konkret olaraq izlədiyim bir proqram yoxdur. Əlbəttə, şou proqramlar da bütün dünyada olduğu kimi, bizdə də var. Bir-birlərinə atmaca atırlar və s. Bütün dünyada olduğu kimi, bu bizdə də var. Yəni ki, maqazin verilişləri olmalıdır.
– Kanallarımızda nələrin dəyişməsini istərdiniz?
– Mənə elə gəlir ki, hər şey normaldır. Efirlərimizdə şou verilişləri də var, elmimizi təbliğ edən verilişlər, səhiyyə ilə bağlı verilişlər də. Hər kəsə nə lazımdırsa onu götürsün. Kimi hansı proqram maraqlandırır ona baxsın, maraqlı olmayan proqrama niyə baxmalıdır ki insan? “Mədəniyyət” kanalına arada baxıram, elə xoşuma gəlir ki. O gün ispan folklorundan nümunələr göstərirdilər. Həvəslə baxdım, mənim üçün maraqlıdır ki, başqa bir xalqın folkloru necə inkişaf edib. Azərbaycan folklorunu bilirik ki, kökü muğamdır. Maraqlıdır ki, ispanlar, italyanlar, ingilislər necə gəlib bugünkü mədəniyyət səviyyəsinə çatıblar. Kimə nə maraqlıdır, ona da baxsın. Başqa adamı məhz ispan folkloruna baxmağa məcbur edə bilməzsən, amma mənə xoşdur, oturdum baxdım. Bu gün öz televiziyalarımızın öz yolu, öz izi var. Kimə nə lazımdır onu götürsün. Televiziyalarımızda əslində hər şey var. Bəstəkar mahnılarını telekanallar insanlarda aşılamalıdırlar. Ona görə ki, insanların beynində harmonik musiqilər olsun, bəsit, bayağı mahnılar olmasın. Bayağı mahnılar nədir – bəzən sözgəlişi deyirlər bayağı sözünü. Biz savadlı musiqiçilər bilirik ki, nədir bu. Bir qarmon, klarnet və ya sintezatorçalan, oturub mahnı yazırlar. Onun yazdığı mahnılar hamısı bir-birinə oxşayacaq və eyni akkordların, eyni harmoniyanın üstündə olur. Mahnı başlayanda bilirsən ki, harada qurtaracaq. Amma Cahangir Cahangirovun bəstələdiyi mahnılarda bilirsən ki, not harda başlayıb harda qurtaracaq? Tofiq Quliyevin mahnılarında bilirsən? Bilmirsən axı. Yəni bəstəkarın elmi olmalıdır. Sən bu mahnıya necə bayağı deyə bilərsən. Efirlərimizdə yəqin ki, həm də bu mövzularda maarifləndirmə verilişləri olmalıdır.
– Və son olaraq – Elariz Məmmədoğlu hazırda nə kimi işlər görür, nə kimi yeniliklər var?
– Bu gün ancaq mahnılar öyrənməklə məşğulam. Yeni-yeni mahnılar hazırlayıram. Azərbaycan, rus, Avropa, Amerika mahnıları üzərində çalışıram, sözlərini öyrənirəm, melodiyalarını mənimsəyirəm. İmkan olanda öz mahnılarıma da qayıdacam, klip çəkdirəcəm, inşallah.
Nicat İntiqam, Pənah Abdurahmanlı