Elə o fikrə gedənəm

0
521

O gün nəvəm mənə bir baməzə sual verdi (Bəlkə də baməzə deyildi, amma mənə elə gəldi). Sual da nə olsa yaxşıdır: “Baba, bizim şəhərarası avtobus sürücüləri ilə digər ölkələrin avtobus sürücüləri arasında çoxmu fərq var?” Dedim, bu saat mən səni başa salım, ay bala! Bizim marşrut sürücüləri sükan arxasında olarkən yüz oyundan çıxırlar. Məsələn, cib telefonu, demək olar ki, bütün günü onların qulağındadır. Nə danışırlar, danışmırlar, bu alayı bir mövzudur. Amma bircə şeyi deyim ki, əksər hallarda öz həmkarları ilə boğuşduqları açıq-aydın sezilir. Bunu onlara irad tutanda da elə cavab verirlər ki, qalırsan yana-yana. Bu mənada heç bir ölkənin marşrut sürücüləri öz müştərilərini belə yandıra bilmirlər. Yəni onlarda belə şeylər yolverilməzdir.

Bəzi sürücülər sükan arxasında elə bayağı mahnılar səsləndirirlər ki… adam az qala dəli ola. Nəticədə həmin mahnının sözlərindəki bayağılıq bir tərəfdən, ritm də bir tərəfdən adama o qədər pis təsir edir ki, gün ərzində əhvalını düzəltməkdə çox çətinlik çəkirsən. O gün onlardan birinə irad tutanda nə desə yaxşıdır? Dedi ki, bəs mən belə mahnılara qulaq asmasam, işləyə bilmirəm: onlardan mənəvi qida alıram, belə mahnılardan qidalana bilmirsənsə, bu, artıq sənin problemindir, get özünü həkimə göstər. Amma, ay bala, mən biləni, başqa ölkələrin sürücüləri öz müştərilərinə belə nəsihət vermirlər. Verən olsa belə onun özünə elə “nəsihətnamə” yazdırarlar ki…

Daha bir fərq. Bizim bəzi sürücülərin damağından siqaret əskik olmaz. O gün buna etiraz əlaməti olaraq, bir neçə sərnişin adını çəkmək istəmədiyim marşrutu saxlatdırıb düşmək istəyəndə sürücü utanmaz-utanmaz onlara belə söylədi: “Qanun var, qayda var, mən maşını harada gəldi saxlayıb başımı bəlaya soxa bilmərəm, bunun filan qədər cəriməsi var, odur ki, dayanacaqda saxlayaram, düşərsiniz”. Mən onlara qahmar çıxanda isə sürücü məni açıladı: “Ağsaqqal, sən mənim əsəblərimlə oynayırsan a…” Sürücünün sonrakı sözlərindən başa düşdüm ki, o, əməli-saleh adam deyil. Odur ki, ona dedim: “İndi bu barədə nazirliyin “qaynar” dediyi xəttə zəng açıb, haqqında məlumat verəcəyəm”. O isə rola girərək: “Ağsaqqal, 3 balam var, çörəyimə bais olma”, – dedi. Etiraf edirəm ki, o 3 bala söhbəti məni yaman yumşaltdı, odur ki daşı ətəyimdən tökdüm. Nə isə, başqa ölkələrdə belələrinə sükan etibar etməzlər, ay bala. Bu da bir fərq…

Hə, lap az qala unudacaqdım. O dəfə Sumqayıtda nə görsəm yaxşıdır. Marşrut avtobusunun sürücüsü yolun yarısında: “Bu planın ucbatından adam kimi çay da içə bilmirəm”, – deyib yanındakı çaynikdən stəkana çay süzüb başladı içməyə. İnsafən, sərnişinlərə də təklif etdi (Yenə sağ olsun) Amma, ay bala, heç bir ölkənin sürücüləri arasında belə “qonaqpərvər” sürücüyə rast gələ bilməzsən. Belə fərqlər çoxdur, saymaqla qurtarmaz. Mən hələ onların sərnişinlərlə dolu avtobuslarla yanacaqdoldurma məntəqələrinə girdiklərini, bir-biri ilə sürət yarışına çıxdıqlarını demirəm. Bir sözlə, mənə yəqin hasil olubdur ki, bizimkilərdə hər adət və xasiyyət var isə, əksi əcnəbi ölkələrin avtobus sürücülərindədir.

Amma, görünür, dünyanın bizim belə sürücülərdən xəbəri yoxdur, ay bala. Olsaydı, heç olmasa, onlara Ginnesin Rekordlar Kitabında yer ayırardılar. Ay balam, fərqləri bildinmi? Nəvəmdən “bəli” cavabını alan kimi o belə bir sualla mənə müraciət etdi: “Baba, elə isə “çörəyimə bais olma” deyənlər belə hərəkətləri ilə görəsən niyə sərnişinlərin ölümünə bais olurlar?”

Nəvəmin bu məntiqli sualından sonra özüm özümə: “Görəsən niyə biz sürücülərimizin bu kimi “özəlliklərinə” göz yummaqla onların cinayətlərinə ortaq oluruq?” sualını verib, dərin fikrə getdim. Elə o fikrə gedənəm…