Elə məsələlər var ki, “ailə sərhədlərindən” kənara çıxmamalıdır…

618

Ananın da, həyat yoldaşının da ayrı-ayrılıqda öz yerləri var. Ancaq çox vaxt yol verdiyimiz ən böyük səhvlərdən biri də onları öz yerlərinə görə qiymətləndirməməkdir. Yəni, ananın sizə analıq hissi ilə yanaşması nə qədər təbiidirsə, sizin də ona qarşı bir övlad hissi ilə yanaşmanız o qədər təbiidir. Ancaq bütün bunlarla yanaşı, həyat yoldaşı olduğunuzu da unutmamalı, həyat yoldaşı kimi vəzifələrinizi nəzərə almalısınız. Analara gəlincə, analar daha çox emosionallıqları ilə tanınırlar və onlarda, təbii olaraq, övladlarını qorumaq instinkti var. Bəzən elə olur ki, bu instinktin təsiri ilə analar övladlarını hətta həyat yoldaşlarına qarşı belə qorumağa çalışırlar. Əslində, bu da təbiidir. Ancaq burada övladın mövqeyi də çox vacibdir. Belə ki, övlad ananın yanında övlad kimi davranmalı, ancaq həyat yoldaşının yanında eyni psixologiya ilə hərəkət etməməlidir. Əks halda bu, evlilik üçün böyük təhlükə ola bilər.
Əslində ailədə hər iki tərəfin analarının təsiri altında qalmaları və həyat yoldaşlarına qarşı sərt mövqe tutmaları daha çox yuxarıda qeyd etdiyimiz faktlarla bağlıdır. Məsələn, gəlinlər anaları ilə “dərdlərini bölüşmək” üçün ailələrində olan demək olar ki, bütün məsələləri onlarla bölüşmək istəyirlər. Bir gəlinin anası ilə dərdlərini bölüşməsi, əlbəttə ki, yaxşı haldır. Ancaq elə məsələlər var ki, nə olursa-olsun “ailə sərhədlərindən” kənara çıxmamalıdır. Başqa bir məsələ isə ananın məsələyə münasibətidir. Belə ki, heç bir ana övladının pisliyini istəməz və buna görə də, kömək etmək məqsədi ilə övladına bəzi “emosional” xarakterli məsləhətlər verə bilər. Ancaq analar bu addımı atarkən nə qədər xoşniyyətli olsalar da, obyektifliyi əldən verə bilərlər. Çünki analar hadisələrə əsasən öz övladlarının prizmasından qiymət verirlər. Buna görə də, ananın verdiyi məsləhətlərə əsaslanaraq, həyat yoldaşınıza qarşı sərt mövqe tutmaq evliliyinizə zərbə vura bilər. Ancaq bütün bunlarla yanaşı, ananızın verdiyi müsbət məsləhətləri (hətta bu, tənqid xarakterli olsa belə) öz süzgəcinizdən keçirə və yeri gəldikcə bu məsləhətlərdən istifadə edə bilərsiniz. Bəylərin bu məsələdəki ən böyük səhvləri də həyat yoldaşı və övlad ki mövqelərini qiymətləndirməkdə “çəkinlik çəkmələridir”. Buna görə də, onlar sanki analarından gələn bütün fikirləri beyinlərinə həkk edir və həyat yoldaşları ilə danışmadan, onların fikirlərini öyrənmədən “hücuma keçirlər”. Unutmaq olmaz ki, qayınana-gəlin dialoqunda müəyyən problemlər ola bilər. Buna görə də, qayınanalar gəlinləri ilə bağlı mənfi fikirlərini oğulları ilə bölüşmək istəyə bilərlər. Ancaq bəylər bu vəziyyəti bir “dərdləşmə” kimi qəbul etməməli və həyat yoldaşları ilə bağlı vaxtsız hökm verməməlidirlər. Bir sözlə, bəylər (elə gəlinlər də) ana psixologiyasındakı emosionallığı nəzərə almaqla yanaşı, qayınana psixologiyasındakı emosionallığı da nəzərə almalı və ana və həyat yoldaşı arasındakı tarazlığı qorumalıdırlar.