“Elə məktəb ləvazimatı alın ki…”

692
Yeni dərs ilinin başlanmasına bir həftədən az qalıb. Valideynlər məktəb üçün lazım olan ləvazımatları almağa başlayıblar. Dərs ilinin başlanması uşaqları sevincə qərq etsə də, valideynlər bir o qədər sevinmirlər. Düzdür, uşağının böyüyüb məktəbə getməsi hər bir valideynin arzusudur. Ancaq bəzən imkansızlıq və ya qiymətlərin baha olması valideynlərin bu sevinci doya-doya yaşamalarına mane olur. Odur ki, çanta, məktəbli forması, dəftər-qələm və s. ləvazimatları almaq istəyən valideynlər, ucuz dükanlar axtarırlar. Bəs hazırda uşağı birinci sinifə yola salmaq üçün ona geyim və məktəb ləvazimatları alınmasına nə qədər vəsait tələb olunur? Keyfiyyətli dərs vəsaiti ilə keyfiyyətsizini necə ayırmaq olar? Bu və bu kimi suallara cavab tapmaq üçün Bakıda məktəb ləvazimatları satılan mağazalarda araşdırma apardım.
Keçən ildən qalan qara şalvar,ağ köynək…

İlk getdiyim yer el arasında “Nəsimi bazarı” kimi tanınan ticarət mərkəzi oldu. Burada məktəbli geyimləri, dəftər-qələm satılan dükanlarda qiymətlərlə maraqlandım. Əvvəla, onu qeyd edim ki, buradakı alış-veriş mərkəzlərində alıcı qıtlığı yaşanırdı. Sentyabrın 15-nə az vaxt qalsa da, burada demək olar ki, alıcı yox idi.

Müsahibim,  4 ildir ki, geyim satışı ilə məşğul olan Yusif Alıyev də alıcı qıtlığından şikayətləndi. Yusif Alıyev: “İşlədiyim ilk illərdə qazancım yaxşı olurdu. Xüsusilə məktəbqabağı yaxşı alver edirdik. Ancaq indi elə olur ki, heç yerpulunu  ödəyə bilmirəm. Hələ keçən ildən məktəblilər üçün gətirdiyim qara şalvarı, ağ köynəyi sata bilməmişəm”. Onun sözlərinə görə, alış-veriş üçün indi hər kəs “Binə” və “Sədərək” ticarət mərkəzlərinə üz tutur.

 

“Məni qınamayın, belə düşünürəm ki…”

Yusif Alıyev bunun əsas səbəbi kimi orada topdansatış qiymətlərlə, pərakəndə satış qiymətlərinin eyni olmasını göstərdi. Metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən bir dəftər-kitab mağazasında isə kifayət qədər alıcı var idi. Burada bəzi alıcılarla söhbətləşmək imkanı əldə etdim. Valideyn Həsən Şəfiyev bizə 3 övladının olduğunu bildirdi. O, bildirdi ki, övladlarının üçü də Nizami rayonundakı 210 nömrəli məktəbdə oxuyur.

Həsən Şəfiyev: “Bu il uşaqlara məktəb üçün demək olar ki, pul xərcləməmişəm. Keçən il aldığım formanı geyinəcəklər. Şagirdləri kitablarla siz də bilirsiniz ki, məktəb özü təmin edir”. Elə bu zaman başqa bir alıcı bizə yaxınlaşaraq söhbətimizə qoşuldu. Özünü İlqar Qarayev kimi təqdim edən valideyn hər il bu vaxtı əməlli-başlı xərcə düşdüklərini bildirdi. İlqar Qarayev: “Səmimiyyətimə inanın, dünəndən bu günə uşaq üçün 600 manatdan çox pul xərcləmişəm. Təkcə məktəbli çantasını 70 manata almışam. Hələ də pul xərcləməyim davam edir. Görək axırı hara çıxacaq. Hər il məktəb ləvazımatları bir az da bahalaşır. Keçən il 400 manat xərcləmişdim. Yəqin gələn il bu məbləğ 800 manat olacaq. Məni qınamayın, belə düşünürəm ki, bir azdan heç kim oxumaq istəməyəcək”.

 

“Qiymətlərin ucuz olduğunu

düşünürsünüzsə, yanlırsınız”

Bu il həmkarım Rəcəb Rzanın qızı da birinci sinifə gedir. Bu münasibətlə həm sevinən, həm də xərcə düşənlərdən biri də odur. Odur ki, mövzu ilə bağlı onun da fikirlərini öyrəndik: “Qızım Zivər bu il Xətai rayonu 263 nömrəli məktəbdə birinci sinfə gedəcək. Məktəb üçün lazım olan bütün ləvazimatları almışam. Əvvəlcədən qeyd edim ki, məkətəb ləvazimatları mənə heç də ucuz başa gəlmədi. Şəhərin bir çox dəftər-kitab mağazasını gəzdik. Burada qiymətlər həqiqətən də çox baha idi. Belə qarara gəldik ki, hamı kimi “Binə” ticarət mərkəzinə yollanaq. Onu da bildirim ki, burada qiymətlərin ucuz olduğunu düşünürsünüzsə, yanlırsınız. Qiymətlər demək olar ki, şəhərdəki dükanlarla eyni idi. Ancaq başqa əlac olmadığına görə məktəb hazırlıqlarımızı buradan etdik. “Binə”dən aldığım məktəbli çantasına 56 manat, dəftər-qələm üçün isə 35 manatdan yuxarı pul xərcləməli oldum. Ən ucuz ortopedik ayyaqqabını 42 manata aldım. Bakı Tikiş Fabrikindən aldığım məktəbli forması, köynək, yubka və pencək mənə 38 manata başa gəldi. Qarşıdan qış fəsli gəlir, onda da geyim almalı olacağıq. Çünki aldığımız forma yay formasıdır. Belə düşünürəm ki, qış aylarında məktəbli geyiminə daha 60-70 manat xərcləməli olacağam. Ümumilikdə, 1-ci sinifə gedən qızım üçün məktəbli ləvazimatları və geyim almaq üçün 350 manat xərcim çıxdı. Düşünürəm ki, 350 manat xərcləməyimə baxmayaraq ürəyim istəyən, ləvazimatları ala bilmədim. Düşünürəm ki, övladı birinci sinfə gedən digər valideynlər də minimum bizim qədər pul xərcləməli olacaqlar”.

 

“Çin malı satan dükanlara girsəniz,

sizi xoşagəlməyən bir qoxu vuracaq”

Keyfiyyətli dəftərxana ləvazimatlarının satışı ilə tanınan “Nil” mağazalar şəbəkəsinin müdiri Resul Direk bəyə də mövzumuzla bağlı bir neçə sual ünvanladıq. Yeni dərs ilinin başlanması ilə mövsümün başlandığını bildirən Resul bəy: “Bizdə hər il avqust ayının 15-dən mövsüm başlayır. Bu andan satışlarımız iki dəfə artır. Yəni biz şagirdlər üçün lazım olan bütün ləvazimatları avqustun 15-dən etibarən gətiririk. Onu deyim ki, elə valideyinlər var ki, onlar məktəb bazarlığını son günə saxlayırlar. Sentyabırın 10-dan sonra gəlirlər. Ancaq qeyd edim ki, bu yalnış addımdır. Valideynlər alış-verişə avqustun 15-i gəlsələr, daha geniş seçmə mallar ala bilərlər”. Resul bəy dəftərxana ləvazimatlarının qiymətində bu il artımın olmadığını bildirdi. O, qeyd etdi ki, hətta bəzi mallar xüsusilə çantalar keçən ilə nisbətən ucuzlaşıb. Çantaların Avropadan gətirildiyini söyləyən mağaza müdiri keyfiyyətə görə, qiymətin də dəyişdiyini söylədi. Resul Direk: “Bəzi Çin istehsalı olan çantalar uşaqların bel nahiyəsinə ciddi ziyan vurur. Bu çantalardakı ağırlıq bərabər səviyyədə paylanmır. Valideynlərə tövsiyyə edirəm ki, məktəb ləvazimatları alarkən CE sertifikatlı mallar alsınlar. Məsələn, elə çantalar var ki, onları iylədiyin zaman, birbaşa ciyərə təsir edir. Ancaq bizim satdığımız çantlar elə deyil, uşaqların sağlamlığı nəzərə alınaraq istehsal olunmuş, müxtəlif təcrübələrlə sınaqdan keçirilmişdir”.

Resul Direk dedi ki, Çin malı satan dükanlara girsəniz, sizi xoşagəlməyən bir qoxu vuracaq: “Bunlar zərərli kimyəvi maddələrin qoxusudur”. Mağaza müdiri uşaqlarının sağlamlığını düşünən valideyinlərə hər zaman belə dükanlardan uzaq olmağını tövsiyyə etdi.