Elə bil hər kəs bir yarış içindədir

725
Dörd tərəfimizdə qaçaqaç var. Hər kəs tələsir, hər kəs harasa hamıdan əvvəl çatmaq istəyir. Baxırsan və sənə elə gəlir ki, adamlar hər səhər evdən çıxmaq xatirinə evdən çıxır, hara getdiklərinə isə elə yoldaca qərar verirlər. Elə bil hər kəs bir yarış içindədir və kimsə geri qalmaq istəmir.
Hər kəs boyundan uzun görünmək istəyir, ona görə də şəkil çəkdirəndə barmaqlarının ucuna qalxır. Elə bil olduğu kimi görünmək, olduğu qədər tanınmaq bəs eləmir, daha artıq, daha zəngin görünmək istəyirik.

Dərdin dərd olduğunu bilmirik, ağrı ilə qaşınmağı bir-birindən ayırmağı da unutmuşuq. İçimizdəki boşluqları çölümüzün ehtişamı ilə doldurmaq istəyirik. Ona görə də bizim üçün necə görünmək necə olmaqdan daha əhəmiyyətli məsələ halına gəlib. Hansı şadlıq sarayında evlənmək, toyda kimlərin oxuması və masaya hansı yeməklərin verilməsi, az qala, kiminlə evlənməkdən daha ciddi məsələyə çevrilib.

“Eşşəyi min, ata çatanacan” deyiblər, amma indi eşşək minmək təhqir sayılır və bu məntiqə qarşı indi başqa məntiq qoyurlar: “Eşşəyə toş deyincə, özümə toş deyərəm”. Kimsə başqasından əskik görünmək istəmir, adamlar reallıqla yox, iddialarla yaşayırlar. Elə ona görə də hər tərəfdə stress, infarkt, qan təzyiqi…

Azərbaycanda 4 milyondan çox “Azərcell” abunəçisinin olduğu bildirilir. Mobil telefon artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təxminən hər kəsin mobil telefonu var və adama elə gəlir ki, bizim uşaqlarımız da doğulanda əlində telefon doğulurlar. Hava kimi, su kimi zərurət halına gətirmişik. Acından ölənlər belə olan-qalanını verib, telefon alır. Total bir xəstəlik kimi telefon asılılığı yayılıb içimizdə. İsraf elə həddə çatıb ki, sözlə ifadə etmək mümkün deyil. Pulu başından aşanların telefon sevdasını bir təhər anlamaq mümkündür, amma kasıblarımızın bu bəlaya bu qədər can atmalarını anlamaq və anlatmaq mümkün deyil. Küçədə hərə qulağına bir telefon tutub, hay-küylə danışa-danışa gedir. Avtobusda yanaşı oturmuş iki adamın hər biri telefonda kiminləsə uzun-uzadı laqqırtı vurur. Qanunla yasaq olsa belə sürücülərimiz qulağında telefon kiminləsə söhbət edir. Adam var ki, hər yeni marka çıxan kimi telefonunu dəyişir, adam da var ki, üstündə üç-dörd telefon gəzdirir.

O telefon çoxumuz üçün gərəksiz və bəlkə də çox zərərli şeydir, israf qapısıdır. Kasıb lovğalanmaq üçün balasının boğazından kəsib telefona verirsə, bu həm də başqalarına qarşı haqsızlıqdır. Salam verməyi çox xoşlasam da, hər dəfə kiməsə zəng edəndə salamsız-kalamsız mətləbə keçmək istəyirəm. Hər dəfə də mənə elə gəlir ki, nə zamansa bir telefon zəngi ilə sarsılacam. Yəni mən cib telefonuma hələ fitili çəkilməmiş qumbara kimi baxıram. İnanıram ki, cəmiyyətdə stresin, infarktın, əsəbi gərginliyin bu qədər yüksəlməsində mobil telefonların rolu çox yüksəkdir.

Məsələ ondadır ki, biz ehtiyaclarımızı sıralaya bilmirik. Ən zəruri ehtiyaclarımızı arxa plana atır, heç gərəkli olmadığı halda hansısa zərərli bir işi zərurət yerinə qoyuruq. Komfort xəstəsi olmuşuq. Hər şeyin rahatını, asanını, yaxşısını istəyirik. Amma heç özümüz buna layiqikmi, bunu düşünmürük. Ona görə də köhnə telefon gəzdirən zəngin iş adamını və telefondan ancaq telefon kimi istifadə edən insanları görəndə çaşıb qalırıq.

Pulumuz yetməyəndə kimdənsə borc alıb istədiyimizi əldə etməyə çalışırıq, amma bir yetimin xəstəxana xərclərini, bir imkansızın təhsil pulunu ödəməyə, körpələri acından ağlayan bir ailəyə əl tutmağa gələndə  o cəsarəti, o səxavəti özümüzdə tapa bilmirik.

 

Zərurətlə israfı bir-birindən ayıra bilməmək fəlakətdir. Cəmiyyətimizdə birinin kosmetikası ilə neçə imkansızın dərdinə dərman eləmək olar. Bütün kasadlıqlar, bütün qıtlıqlar, əvvəlcə, insanın içində başlayır, oradan da cəmiyyətə yayılır. Əgər bir cəmiyyətin ayrı-ayrı fərdlərinin könlü zənginsə, o cəmiyyət də zəngin olur.

Problemlərimizin, əsr-əsr, nəsil-nəsil məğlubiyyətimizin əsl səbəbini səmimiyyətdən uzaq, eqoist, içindəki boşluğu əlindəki əşyalarla doldurmaq kimi bəsit bir düşüncədə, həyatımızdan bərəkəti qaçırmış israfda, həqiqi zərurətini bilməməkdə axtarmalıyıq.